23 Dekabr 2024, Bazar ertəsi

Sentyabrın 4-də Naxçıvan şəhərində təhsil yarmarkası keçirilib. Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə keçirilən tədbiri Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev açıb.
Qeyd olunub ki, ölkə başçısının 5 sentyabr 2009-cu il tarixli “Təhsil haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmanının icrasını təmin etmək və gənc kadrların iş şəraitini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 avqust 2014-cü il tarixli Qərarı ilə “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumtəhsil müəssisələrində işə başlamış mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli Qərarında dəyişiklik edilib. Yeni qərara əsasən, pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş, dövlət sifarişi ilə iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti ümumi təhsil müəssisələrində davam etdirən 35 yaşadək gənc mütəxəssislərə bu müddət ərzində kommunal xidmətlərini ödəmək üçün 60 manat, rayon mərkəzindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir nəfər üçün 3 il müddətində əməkhaqqına hər ay 160 manat məbləğində əlavələr ödəniləcəkdir. Üçillik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 il müddətində kompensasiya əməkhaqqına əlavə olunacaqdır.

Vurğulanıb ki, təhsilə göstərilən diqqət və qayğı ən yüksək səviyyədədir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə son 20 il ərzində muxtar respublikada dünya standartlarına cavab verən, ən müasir avadanlıqlarla təchiz olunmuş 200-dən çox təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub. 2015-ci ildə də 2 orta ixtisas, 1 peşə, 16 ümumtəhsil məktəbi və yeni yaradılmış Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey üçün binaların tikintisi və ya əsaslı şəkildə yenidən qurulması davam etdirilir.
Təhsil müəssisələrinin maddi-texniki bazasının yüksək səviyyədə qurulduğunu qeyd edən təhsil naziri bildirib ki, muxtar respublikanın ümumtəhsil müəssisələrinə 3700 dəst kompüter verilib. Onların 84 faizi internetə qoşulub. Bundan əlavə, ümumtəhsil məktəblərində 600-ə yaxın elektron lövhə quraşdırılıb. Ümumtəhsil məktəblərində təhsil alan əlaçı şagirdlərdən 828 nəfərinə Ali Məclisin Sədri tərəfindən kompüter hədiyyə olunub.
Qeyd olunub ki, muxtar respublika rəhbərinin tapşırıq və tövsiyələri ilə 2005-ci ildən ənənəvi olaraq keçirilən təhsil yarmarkaları muxtar respublikamızda təhsilin keyfiyyət və kəmiyyətcə inkişaf etdirilməsinə öz təsirini göstərib. Gənc kadrların yetişdirilməsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaxından iştirak edir. 2015-ci ildə də Təhsil şöbələri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq mərkəzlərinin birgə fəaliyyəti nəticəsində muxtar respublika ərazisində yerləşən məktəblərin vakant yerləri ixtisaslar üzrə müəyyən edilib. Muxtar respublikanın təhsil müəssisələri üzrə boş iş yerlərinin uçotu aparılıb və müəyyən edilib ki, hazırda muxtar respublikada 19 Azərbaycan dili və ədəbiyyat, 39 xarici dil, 24 riyaziyyat, 10 informatika, 15 tarix, 44 coğrafiya, 21 fizika, 18 kimya, 25 biologiya, 48 ibtidai sinif müəlliminə ehtiyac var və ümid edirik ki, keçirilən bu təhsil yarmarkası məktəblərin pedaqoji kadrlarla təminatı işində mühüm əhəmiyyət kəsb edəcək.
İşaxtaran vətəndaş İlahə Səfərova təhsil yarmarkasının keçirilməsinin böyük əhəmiyyət daşıdığını deyib, bu işdə əməyi olanlara minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov muxtar respublikada məşğulluq məsələlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edib.
Tədbirə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev yekun vurub.
Qeyd edək ki, Naxçıvan şəhərində təşkil edilən təhsil yarmarkasında 136 nəfərə işə göndəriş verilib.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR