Naxçıvan Dövlət Universitetində yeni tədris ilinə hazırlığın vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib.
Tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq kollektivi qarşıdan gələn yeni tədris ili münasibətilə təbrik edib.
Rektor bildirib ki, ötən tədris ili ali məktəb üçün elm, tədris, beynəlxalq əlaqələrin inkişafı sahəsində bir sıra uğurlarla əlamətdar olub. Az qala yarıməsrlik bir tarixə malik, çoxillik ənənələrə söykənən ali təhsil ocağı bu gün müasir dünya təhsil sisteminin tələbləri səviyyəsində inamla inkişaf edir. Dövlət qayğısının nəticəsində universitet ötən tədris ilində müasir avadanlıqlarla təchiz olunub, yeni tədris laboratoriyaları, fənn kabinələri müəllim və tələbələrin ixtiyarına verilib. Universitet xəstəxanası və Baytarlıq təbabəti ixtisası üçün yeni binaların istifadəyə verilməsi müvafiq ixtisasların əyani şəkildə, daha mükəmməl öyrədilməsinə xidmət edir. Ali təhsil ocağı müasir informasiya-kommunikasiya vasitələrinin tətbiqi, elektron universitet, imtahanların elektron test üsulu ilə şəffaf və obyektiv keçirilməsi istiqamətində əhəmiyyətli uğurlara imza atıb.
Dünya təhsil sisteminə inteqrasiya, təcrübə mübadiləsi, beynəlxalq əlaqələrin inkişafı istiqamətində görülən işlərə gəldikdə dünyanın 80-dən çox tanınmış universiteti ilə əməkdaşlıq edən bu ali məktəb TEMPUS proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələrin iştirakçısıdır. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə birgə hazırlanan “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin 2015-ci ildə uğurla tamamlanması Azərbaycan ali təhsil tarixində mühüm hadisədir.
Qeyd olunub ki, tələbə mobilliyi sahəsində də uğurlu addımlar atılıb. TEMPUS, HUMERİA, Mövlana proqramları çərçivəsində universitetin onlarla tələbəsi öz təhsillərini qardaş Türkiyə Cümhuriyyətinin müxtəlif ali məktəblərində, Rusiyada, Gürcüstanda, Cənubi Koreyada, Rumıniyada, Çexiyada davam etdiriblər. Naxçıvan Dövlət Universiteti mübadilə yolu ilə gələn xarici tələbələrə də uğurla ev sahibliyi edir. Doktorantura pilləsində universitetdə təhsil alan tələbələr sırasında Slovakiya və Polşa vətəndaşları da var.
Rektor yeni tədris ilində tədrisin keyfiyyətinin, nizam-intizamın artırılması, tələbələrin təhsilə, ictimai işlərə fəal cəlb olunması ilə bağlı qarşıda duran vəzifələrdən də danışıb.
Universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid universitetin 2015-2016-cı tədris ilinə mühüm nailiyyətlərlə qədəm qoyacağını vurğulayıb. Bolonya sisteminin, distant təhsilin, tədris sahəsində bir sıra yeniliklərin tətbiqindən danışan prorektor bildirib ki, “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi ali məktəbin idarəetmə sisteminin müasir texnologiyalar vasitəsilə təkmilləşdirilməsi, tələbələrə onlayn təhsil xidməti göstərən elektron təhsil şəbəkəsinin yaradılması, yüksəkkeyfiyyətli təhsil üçün universitetin müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədris işləri üzrə prorektor universitetin professor-müəllim və tələbə kontingenti haqqında məlumatların, tədrisə aid bütün sənədləşmə işləri və elektron imzaların hazırlanması, müəllimlərin mühazirələrinin video və slayd şəklində universitetin internet portalındakı “Elektron mühazirə” bölməsinə yerləşdirilməsi, arxivləşmə işi ilə bağlı məlumat verib, yeni formaya uyğun tələbə biletlərinin, ilkin olaraq birinci kurslarda tətbiq olunacaq elektron jurnalların hazırlanması, semestr imtahanlarının yeni sistemlə həyata keçirilməsi istiqamətində görüləcək işlərdən bəhs edib.
Mehriban SULTAN