Azərbaycan Respublikasının təhsil sistemində aparılan məqsədyönlü islahatlar onun məzmunu, strukturu və idarəolunması kimi mühüm məsələləri özündə ehtiva etməklə sistemli şəkildə həyata keçirilməkdədir. Bu islahatın tərkib hissələrindən biri də ümumtəhsil məktəblərində fənn kurikulumlarının tətbiqidir.
Ötən illərin təcrübəsi göstərdi ki, Naxçıvan Muxtar Respublikasında, eləcə də Babək rayonunda müəllim hazırlığında əsaslı keyfiyyət dəyişikliyi həyata keçirilib. Yeni proqramların (kurikulumların) tələb etdiyi şəkildə şagirdlərin intellektual fəallığına əsaslanan müasir dərsləri təşkil edəcək müəllimlərin hazırlanması məqsədilə müəllimlər ilə bir neçə mərhələdə treninqlər keçirilib. Aparılan monitorinqlərin təhlili göstərib ki, ənənəvi təlim metodlarına yiyələnmiş müəllimlər yeni məzmunu şagirdlərə mənimsətməkdə çətinlik çəkmirlər. Bu isə, ilk növbədə, təlimin keyfiyyətinə əsaslı təsir göstərib.
Bu fikirlər Babək rayonunda ümumtəhsil məktəblərinin VIII siniflərində yeni fənn kurikulumlarının tətbiqinə həsr olunan seminar-treninqdə səsləndirilib.
2015-2016- cı tədris ilinə hazırlıqla əlaqədar keçirilən seminar-treninqi giriş sözü ilə rayon Təhsil Şöbəsinin müdiri Kamil Kazımov açaraq yeni tədris ilində Təhsil Şöbəsi tərəfindən həyata keçiriləcək tədbirlər, məktəb direktorları qarşısında duran vəzifələr, yeni fənn kurikulumlarının tətbiqinin səmərəli nəticələnməsi üçün görüləcək işlər haqda danışıb.
Sonra rayonun ümumtəhsil məktəblərində kurikulumla əlaqədar görülən işlər, qarşıda duran vəzifələrlə bağlı rayon Təhsil Şöbəsinin metodkabinə müdiri Nicat Fətullayev məruzə edib.
Məruzəçi bildirib ki, bu tədris ilindən VIII siniflərdə kurikulum proqramı ilə tədrisə başlanacaq. Bu məqsədlə Təhsil Şöbəsi tərəfindən VIII siniflərdə dərs aparacaq müəllimlər üçün treninqlər təşkil edilir.
Qeyd edilib ki, artıq bir neçə ildir, təhsil sisteminin müxtəlif istiqamətləri üzrə ciddi islahatlar həyata keçirilir. Təhsilin strukturu, məzmunu, kadr təminatı, informasiya, tədris və elmi-metodik təminatı, idarə olunması, maddi-texniki bazası sahəsində köklü dəyişikliklər öz bəhrələrini verməkdədir. Sadalanan istiqamətlər təhsilin ayrı-ayrı sahələri hesab edilsə də, əslində, onlar bir-biri ilə üzvi şəkildə bağlı, sıx əlaqəlidirlər. Təhsilin məzmununun daşıyıcısı olan, cəmiyyətin ehtiyac və maraqlarından çıxış edən, eləcə də milli və bəşəri dəyərlər, tələbyönümlülük, şəxsiyyətyönümlülük, nəticəyönümlülük, inkişafyönümlülük və inteqrativlik prinsiplərinə əsaslanan fənn kurikulumları ən yüksək səviyyədə hazırlansa belə, onun reallaşdırılması üçün uyğun maddi-texniki baza, kifayət qədər hazırlıqlı pedaqoji kadr potensialı və ya müvafiq tələblərə cavab verən resurslar: informasiya mənbələri, tədris və elmi-metodik vəsaitlər, eləcə də tədqiqatlara əsaslanan idarəetmə mövcud olmadan, həmin kurikulumun uğurlu tətbiqi mümkün deyil. Bu səbəbdən son illərdə muxtar respublikada, eləcə də Babək rayonunda təhsil sahəsində islahatların müvəffəqiyyətlə həyata keçirilməsi üçün adıçəkilən istiqamətlər üzrə kompleks işlər aparılır. Babək Rayon Təhsil Şöbəsinin əməkdaşları rayonun ümumtəhsil məktəblərində kurikulum proqramı ilə aparılan tədrisə diqqətlə yanaşır, yeni təlim metodlarının istifadəsi və onların tətbiqinin reallaşdırılmasına köməklik edir, mütəmadi olaraq məktəblərdə olur, müəllimlərin yeni tədris sistemı ilə dərsaparma keyfiyyətini nəzarətdə saxlayırlar. Ötən il Yarımca, Hacıvar, Qahab, Məzrə kənd tam orta məktəblərində yeni tədrisə başlayan VII siniflərdə Azərbaycan dili fənninin tədrisinin keyfiyyətini yoxlamaq məqsədilə Təhsil Şöbəsinin metodistləri dərslərdə iştirak ediblər və tədris prosesinin təşkilinə lazımi dəstəyi göstəriblər. Digər fənlərin də müasir metodlarla tədrisi ilboyu metodistlər tərəfindən yoxlanılıb, dərsin keyfiyyətinin yüksək səviyyəyə çatdırılmasına nail olunub.
Seminar-treninqdə rayon Təhsil Şöbəsinin əməkdaşlarından Həsən Zeynalovun, Məmməd Bayramovun çıxışları olub.
Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nailə Vəliyeva rayonda təhsilin inkişafı istiqamətində görülən işlərdən danışıb.
Tədbirə Babək Rayon Təhsil Şöbəsinin müdiri Kamil Kazımov yekun vurub.
Səbuhi Hüseynov