23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamının icrası ilə bağlı müvafiq nazirliklərdə, komitələrdə və təşkilatlarda tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planı çərçivəsində ali təhsil ocaqlarında, o cümlədən Naxçıvan Dövlət Universitetində (NDU)  tələbələrlə görüşlər keçirilir. 

Bu çərçivədə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi əməkdaşlarının NDU-nun Turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələri ilə görüşü keçirilib.
Görüş zamanı nazirliyin Turizm şöbəsinin müdiri Gülbuta Babayeva sərəncamdan irəli gələn vəzifələri nəzərə çatdırıb. Şöbə müdiri qeyd edib ki, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilmə­si bilikli və təcrübəli gənc kadrla­rın hazırlanmasına böyük imkanlar yaradacaqdır.

Muxtar respublikanın turizm potensialı haqqında tələbələrə məlumat verən Gülbuta Babayeva çoxsaylı maddi-mədəniyyət nümunələrinin mövcud olduğu qədim Naxçıvanın turizm baxımından cəlbedici regiona çevrildiyini bildirib. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının əlverişli coğrafi mövqedə yerləşməsi, Türkiyə və İranla həmsərhəd olması da burada turizmin inkişafına şərait yaradan amillərdəndir.
Tədbirdə universitetin Sosial idarəetmə və hüquq fakültəsinin dekanı, dosent Qərib Allahverdiyev, Bələdiyyə və turizm kafedrasının müdiri, dosent Hafiz Hüseynov çıxış edərək sərəncamın çox böyük tarixi əhəmiyyəti olduğunu bildiriblər.
Görüş zamanı muxtar respublikada turizmin inkişafı ilə bağlı slaydlar nümayiş etdirilib, turizm haqqında tələbələrin fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Növbəti görüş isə NDU-nun Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin yenicə yaradılmış Torpaqşünaslıq və aqrokimya, habelə Coğrafiya müəllimliyi, Biologiya müəllimliyi ixtisaslarının I kurs, Ekologiya ixtisasının isə III kurs tələbələri ilə keçirilib. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə universitetin elmi işlər üzrə prorektoru, fizika üzrə fəlsəfə doktoru, dosent Mübariz Nuriyev “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamın muxtar respublikada kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin hazırlanması və gələcəkdə iş yerləri ilə təmin olunması baxımından əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə 2015-ci il 27 iyul tarixli Sərəncamın muxtar respublikada fəaliyyət göstərən təşkilatlarla ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişafı, tələbələrə təcrübi biliklərin öyrədilməsi baxımından zəruriliyini vurğulayıb.
Müslüm Cabbarzadə qeyd edib ki, komitənin bu məqsədlə hazırladığı tədbirlər planında tələbələrə dərs vəsaitlərinin, elektron nəşrlərin və əyani vəsaitlərin hədiyyə olunması, virtual dərslərin, istehsalat bazasında təcrübələrin təşkili nəzərdə tutulur.
Sonra tələbələr Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi sədrinin “Ümummilli lider Heydər Əliyevin torpaq islahatı və aqrar sektorun inkişafı” mövzusunda mühazirəsini dinləyiblər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Tələbələrə dərsliklər və mono­qrafiyalar, xəritələr, elektron nəşrlər hədiyyə edilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR