23 Dekabr 2024, Bazar ertəsi

İyulun 25-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirib.
Naxçıvan şəhərində 1, 7 və 14 nömrəli tam orta məktəblərdə keçirilən imtahanlarda 1458 abituriyent iştirak edib. 137 nəzarətçi-müəllim və 11 imtahan rəhbəri imtahana cəlb olunub. İmtahan bütün binalarda eyni vaxtda – saat 1100-də başlanıb və 3 saat davam edib.
Biz də imtahan keçiriləcək binaların önündə abituriyentlər və onların valideynləri ilə həmsöhbət olduq. Səma Əliyeva Şərur rayonunun Zeyvə kəndindəndir. O deyir:
– Bir azdan imtahan olan binaya daxil olacağam. Çox həyəcanlıyam. Mənim də ən böyük arzum tələbə olmaqdır. İnanıram ki, bu arzuma çatacağam. Abituriyent Fərid Cəfərov söhbətimizə qoşulur:
– Həyatımızın ən böyük imtahanlarından birini veririk. Bütün müəllimlərimin və ailəmin diqqəti mənim üzərimdədir. Çalışacağam ki, onları sevindirim.

Naxçıvan şəhər sakini Firdovsi Əsədov qızına dəstək olmaq üçün gəlmişdi. Dedi ki, qızım imtahana yaxşı hazırlaşıb. İnanıram ki, qəbul imtahanında uğur qazanacaq. Valideyn ərazidə insanların rahatlığı üçün iaşə xidmətinin təşkil olunmasından da razılıqla danışdı.
Saatlar 1100-i göstərəndə imtahan başladı. İmtahan qurtarana kimi biz də imtahanda müşahidələrimizi apardıq. Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə keçirilən imtahanların gedişi zamanı abituriyentlər heç bir qayda pozuntusuna yol verməyərək diqqətlərini ancaq test tapşırıqlarına yönəltdilər. 7 nömrəli tam orta məktəbdə imtahan rəhbəri İlqar Cəfərov bildirdi ki, abituriyentlərin bilik və bacarıqlarını göstərmək üçün ayrılan 3 saat ərzində imtahan otağında onların yüksək fəallığını müşahidə edib.
İmtahan başa çatdıqdan sonra bir neçə abituriyentlə həmsöhbət olduq. Kəngərli rayonunun Çalxanqala kəndindən olan Elnur Baxşəliyev, Babək rayonunun Qahab kəndindən olan Sunay İbrahimov və başqaları bildirdilər ki, imtahan şəffaf və obyektiv keçdi. Dedilər ki, yaradılan sakitlik hesabına imtahanda sualları cavablandıra biliblər.
Abituriyentlərə hər fəndən 25 sual olmaqla, ümumilikdə, 125 test tapşırığı təqdim edilib. II ixtisas qrupunda riyaziyyat, coğrafiya və ana dili (Azərbaycan bölməsi üzrə Azərbaycan dili, rus bölməsi üzrə rus dili) fənlərindən, III ixtisas qrupunda isə riyaziyyat, tarix və ana dili (Azərbaycan bölməsi üzrə Azərbaycan dili, rus bölməsi üzrə rus dili) fənlərindən son 4 sual açıqtipli test tapşırıqları olub.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdirilib. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

 Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR