23 Dekabr 2024, Bazar ertəsi

Ümummilli liderimiz Heydər Əliyevin 2000-ci il 13 iyul tarixli Fərmanına əsasən, Naxçıvan Politexnik Texnikumunun bazasında Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialı yaradılmışdır. 2003-cü il avqustun 26-da filial Naxçıvan Müəllimlər İnstitutuna çevrilmiş və müstəqil fəaliyyətə başlamışdır.
Ölkəmizdə həyata keçirilən məqsədyönlü təhsil islahatları Naxçıvan Müəllimlər İnstitutunun da fəaliyyətinə geniş imkanlar açmışdır. Ötən dövrdə institutun binası yenidən qurularaq lazımi tədris şəraiti yaradılmış, maddi-texniki bazası gücləndirilmişdir. Ali təhsil müəssisəsində bu imkanlardan yararlanaraq ixtisaslı kadrların hazırlanması sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. 15 il bundan öncə 21 tələbə ilə fəaliyyətə başlayan institutda hazırda 1100 tələbə və 25 magistr təhsil alır. Ötən müddətdə institutun bakalavr səviyyəsini 1300 tələbə bitirmişdir. İnstitutda pedaqoji kadrlarla təminat da diqqət mərkəzində saxlanılır. Hazırda burada təhsil alan tələbə və magistrlərin təhsili ilə 89 professor-müəllim məşğul olur. Müəllimlərdən 8-i elmlər doktoru, professor, 37-si fəlsəfə doktoru, dosentdir. Bu günədək institut əməkdaşlarının 1275 məqaləsi, 716 tezisi, 106 kitabı, o cümlədən 62 monoqrafiya, 12 dərslik, 37 dərs vəsaiti, həmçinin 189 metodik vəsait və fənn proqramları nəşr edilmişdir.

2011-ci ildə Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyət istiqamətləri genişləndirilmiş, yeni ixtisaslar açılmışdır. 2003-cü ilə qədər Naxçıvan Müəllimlər İnstitutunda İbtidai təhsilin pedaqogikası və metodikası və Məktəbəqədər tərbiyənin pedaqogikası və metodikası ixtisaslarında təhsil verilirdisə, bu gün İbtidai sinif müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi, Təsviri incəsənət müəllimliyi, Məktəbəqədər təlim və tərbiyə, Təhsildə sosial-psixoloji xidmət və Pedaqogikanın nəzəriyyəsi və tarixi ixtisasları üzrə də bakalavr və magistr kadrları hazırlanır. Hazırda institutda Dillər və ədəbiyyat, Pedaqogika və psixologiya, Riyaziyyat və tədrisi metodikası, Ali riyaziyyat və informatika, Humanitar və təsviri incəsənət və Ümumi fənlər kafedraları fəaliyyət göstərir. Bütün bunlar muxtar respublikada müxtəlif istiqamətlər üzrə ixtisaslı pedaqoji kadrların hazırlanması kimi mühüm bir məqsədə xidmət edir.
Bu gün institutda mütərəqqi təhsil metodları və informasiya texnologiyaları geniş tətbiq olunur, təhsil Boloniya sistemi üzrə aparılır. Bu da dünya təhsil sisteminə inteqrasiya baxımından mühüm əhəmiyyət daşıyır. Son illər mütərəqqi tədris metodlarından istifadə tələbələrin bilik və dünyagörüşünün inkişaf etdirilməsinə səbəb olmuşdur.
Naxçıvan Müəllimlər İnstitutunda müxtəlif tədbirlər, konfrans və simpoziumlar keçirilir, elmi müzakirələr aparılır. 2003-cü ildən başlayaraq hər ilin may ayında ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş “Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların təlim-tərbiyə prosesində tətbiqi” mövzusunda elmi-praktik konfrans keçirilir. Konfransda ali təhsil müəssisələrinin professor-müəllim və tələbələri, təhsil şöbələrinin əməkdaşları və ümumtəhsil məktəblərinin müəllimləri fəal iştirak edir, ulu öndərin zəngin siyasi fəaliyyəti ətraflı təhlil olunur, müxtəlif mövzularda mühazirələr oxunur. 2014-cü ildən isə “Təhsil kurikulumları: nəzəri problemlər” mövzusunda konfrans keçirilir. Bununla yanaşı, hər il institutda “Heydər Əliyev və Azərbaycan”, “Milli Qurtuluş Günü”, “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”, “Xocalı faciəsi”, “Azərbaycanlıların soyqırımı və deportasiya tarixi”, “Beynəlxalq Ana Dili Günü”, “Azərbaycan gəncliyi inkişaf yollarında” və digər mövzularda, eləcə də görkəmli şəxsiyyətlərə həsr olunmuş elmi-praktik konfranslar da təşkil olunur.
İnstitut ölkəmizdə, eləcə də muxtar respublikamızda fəaliyyət göstərən ali təhsil ocaqları və elm müəssisələri ilə mütəmadi əlaqələr saxlayır. 2007-ci ildən başlayaraq Naxçıvan Müəllimlər İnstitutu Naxçıvan Dövlət Universiteti, AMEA Naxçıvan Bölməsi, Riyaziyyat və Mexanika İnstitutu ilə birlikdə müxtəlif mövzularda fizika, riyaziyyat və texnika elmləri üzrə beynəlxalq simpozium və konfranslar keçirir. Bu gün Naxçıvan Müəllimlər İnstitutunun bir sıra dünya universitetləri ilə də əlaqələri vardır. Ukrayna Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutu, Xarkov Universiteti, Türkiyə Respublikasının Kocaeli, Qars Qafqaz, Kırşehir Ahı Evran, İstanbul Esenyurd və Nişantaşı universitetləri, Şimali Kiprin Akdeniz Universiteti, İngiltərənin London Riyaziyyatçılar Birliyi, Qazaxıstan Respublikasının Almatı Milli Universiteti ilə faydalı elmi əməkdaşlıq edən Naxçıvan Müəllimlər İnstitutu bu əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirir.
Naxçıvan Müəllimlər İnstitutunun kitabxanası tələbə-gənclərin təhsilində və asudə vaxtlarının təşkilində mühüm rol oynayır. Kitabxananın fondu son illərdə nəşr olunan tədris-metodik, elmi, monoqrafik xarakterli ədəbiyyatlarla daha da zənginləşdirilmiş və elektron kataloq yaradılmışdır. Hazırda fonddakı 42 minə yaxın kitab müəllim və tələbələrin istifadəsindədir. Həmçinin kitabxananın bazasında 3 minə yaxın elektron kitab da vardır.
Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər” elmi-metodik jurnalı 2004-cü il 21 dekabr tarixindən başlayaraq ildə 4 nömrə ilə nəşr olunur. Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısının Pedaqogika elmləri bölməsinə daxil edilərək nəşr olunur. Bu günədək jurnalın 42 nömrəsi işıq üzü görmüşdür. İnstitutda müasir avadanlıqlarla təchiz olunmuş Nəşriyyat şöbəsi də fəaliyyət göstərir ki, burada elmi-praktik konfransların proqram və materialları, “Xəbərlər” elmi jurnalı, fənn proqramları, əməkdaşların dərs və metodik vəsaitləri, tövsiyələri, qabaqcıl iş təcrübələri və digər nəşrlər çap olunur.
İnstitutun əməkdaşları muxtar respublikada elmin inkişafına mühüm töhfələr verirlər. Xüsusilə təlim-tədris metodlarının tədqiqi və pedaqoji kadrların bu metodlardan səmərəli istifadəsi üçün mühüm işlər görülür. Elmi nailiyyətlərin istehsalatda tətbiqi ilə bağlı olaraq Əməkdar elm xadimi, professor Oruc Həsənlinin “Sosial psixopedaqogikada istedadlı uşaqlar problemi”, “Diyarşünaslıq materiallarından istifadə mənəvi tərbiyənin vasitəsi kimi”, “Didaktika”, “Sirli dünya: qısqanclıq”, “Məktəb psixoloqunun stolüstü kitabı”, filologiya elmləri doktoru, professor Akif İmanlının “Uşaqların körpəlik dövründə tərbiyəvi iş və nitq inkişafı məsələləri”, professor Sadıq Vəliyev və Rafiq Hüseynovun “Dərsin səmərəli təşkilində fəal interaktiv təlimə bir baxış”, filologiya üzrə fəlsəfə doktoru Həsənəli Eyvazlı və Tamara Baxşəliyevanın “Milli kurikulum yeni təlim metodlarında”, professor Sadıq Vəliyev və pedaqogika üzrə fəlsəfə doktoru İsa Əliyevin “Cəbr kursunda məsələ həllinə rəhbərlik və çalışmalar” adlı dərs vəsaitləri, metodik vəsaitlər və digər elmi ədəbiyyatlar hazırlanaraq Naxçıvan Muxtar Respublikasının bütün rayon təhsil şöbələrinə paylanmışdır.
Elmi kadrların hazırlanması intellektual inkişafın əsas şərtidir. Ona görə də institutda bu məsələyə xüsusi diqqət yetirilir. Belə ki, son 15 ildə Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşlarından 6-sı elmlər doktoru, 14-ü fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Müəllim kollektivinin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, 1 nəfər Əməkdar elm xadimi, 4 nəfər Azərbaycan Respublikasının Əməkdar müəllimi, 6 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, 1 nəfər isə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adlarına layiq görülmüş, 2 müəllim “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Təhsil gələcəyə istiqamətlənmiş inkişaf metodudur. Naxçıvan Müəllimlər İnstitutunun kollektivi qarşısında qoyulan vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək, muxtar respublikada təhsilin inkişafına öz töhfəsini verəcəkdir.

Naxçıvan Müəllimlər İnstitutunun
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR