23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılması haqqında imzaladığı sərəncamdan 13 il keçir. Düz 13 il bundan əvvəl – 2002-ci il avqustun 7-də ulu öndərimizin xeyir-duası ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi yaradılmışdır. Ulu öndərimiz Naxçıvan Bölməsinin yaradılması zəruriliyindən bəhs edərək demişdir: “Mən bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazırlanması məqsədi daşıyıram. Eyni zamanda, Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də, təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib, bəlkə də düz olardı deyim ki, heç öyrənilməyibdir. Bunlara, mənim irəli sürdüyüm məsələlərin öyrənilməsinə böyük ehtiyac var...”

Naxçıvanda keçən əsrin 70-ci illərindən fəaliyyət göstərən elmi qurumların – Naxçıvan Regional Elmi Mərkəzi, Naxçıvan Elmi-Tədqiqat Bazası və Şamaxı Astrofizika Rəsədxanasının Batabat və Ağdərə stansiyalarının bazasında Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi təşkil olundu. Bölmənin tərkibində altı elmi-tədqiqat müəssisəsi – Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, Əlyazmalar Fondu və Batabat Astrofizika Rəsədxanası yaradıldı. 

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Akademiyanın Naxçıvan Bölməsinin yaradılmasının muxtar respublika elminin inkişafına mühüm töhfə verdiyini vurğulayaraq demişdir: “Ulu öndərimizin elmin inkişafı sahəsində qəbul etdiyi mühüm qərarlardan biri də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin təsis edilməsidir. Bu müdrik qərardan sonra muxtar respublikada elmi-tədqiqat işləri gücləndirilmiş, Naxçıvanın tarixinin, arxeologiyasının, etno­qrafiyasının və təbii sərvətlərinin öyrənilməsi ilə bağlı tədqiqatlar aparılmışdır”.

Ötən dövrdə muxtar respublika rəhbərinin diqqət və qayğısı nəticəsində Naxçıvan Bölməsi formalaşmış, maddi-texniki bazası gücləndirilmiş, alim və tədqiqatçılar üçün geniş fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir. 2003-cü ildə əsas bina, 2004-cü ildə Təbii Ehtiyatlar İnstitutunun və Naxçıvan Bölməsinin digər strukturlarının yerləşdiyi bina və 2005-ci ildə Bioresurslar İnstitutunun binası elmi işçilərin istifadəsinə verilmişdir. Nəbatat bağının ərazisi genişləndirilmiş, ikimərtəbəli inzibati bina tikilmişdir. Genefond təcrübə sahəsində də abadlıq və quruculuq işləri qısa müddətdə həyata keçirilmişdir. Bitkilərdən dərman preparatları hazırlamaq üçün avadanlıq alınmış, Batabat Astrofizika Rəsədxanası üçün yeni ikimərtəbəli inzibati bina tikilmişdir. Təbii Ehtiyatlar və Bioresurslar institutlarındakı laboratoriyalar lazımi cihaz və avadanlıqlarla təmin edilmiş, bölmənin “Tusi” nəşriyyatı, Elektron kitabxanası yaradılmışdır. Naxçıvan Bölməsinin 2005-ci ildən “Xəbərlər” jurnalı iki seriyadan ibarət nəşr olunmağa başlayıb. İndiyə qədər “Xəbərlər”in 40 nömrəsi işıq üzü görüb. 2011-ci ildən “Axtarışlar” jurnalı nəşrə başlamışdır. Hər iki jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının müəyyən etdiyi Dövri nəşrlər siyahısına daxil edilib. Hazırda bölmənin tərkibində Doktorantura şöbəsi, Arxeologiya və Etnoqrafiya Muzeyi, 5 ixtisas üzrə fəlsəfə və elmlər doktoru dissertasiyalarının müdafiəsini keçirən Dissertasiya şuraları, Distant Təhsil Mərkəzi, 4 seysmoloji stansiya fəaliyyət göstərir.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin elmi-tədqiqat müəssisələrində Naxçıvanın ictimai-siyasi, sosial-iqtisadi, mədəniyyət tarixi, mədəni mühiti, təbii sərvətlərinin kimyəvi, fiziki və coğrafi şəraiti, sosial-iqtisadi infra­strukturlarının yerləşməsi, biomüxtəlifliyi, əlyazmaların öyrənilməsi istiqamətində tədqiqatlar aparılır. Tədqiqatlar nəticəsində bir sıra mühüm nailiyyətlər əldə edilib: İlkin şəhər mədəniyyətinin beş min ildən artıq tarixə malik olması, Naxçıvan ərazisində 500-300 min il bundan əvvəl insan yaşayışının olması, Naxçıvanın Kür-Araz mədəniyyətinin ilk beşiklər­indən biri olması, Boyalı qablar mədəniyyətinin bu ərazidə formalaşması, eləcə də bu mədəniyyəti yaradan tayfaların Naxçıvan ərazisində yaşaması, Naxçıvan ərazisində II Kültəpə, Şahtaxtı, Nuhdaban, Oğlanqala və Naxçıvan şəhər-dövlətlərinin olması, Duzdağın mədən üsulu ilə dünyada duz çıxarılan ilk duz mədəni olması, Naxçıvan ərazisində 1220-yə yaxın tarix və mədəniyyət abidəsinin aşkar edilməsi, pasportlaşdırılması bu qəbildən olan işlərdəndir.
Bunlarla yanaşı, arxeoloqlar beynəlxalq arxeoloji qazıntılarda, eləcə də Gəmiqaya, Oğlanqala, Ovçular təpəsi, I Kültəpə, Sirab, Duzdağ, Qız qalası, Xaraba Gilan və digər abidələrin öyrənilməsində iştirak edərək maraqlı maddi-mədəniyyət nümunələri aşkar ediblər. İnstitutun tərkibində Arxeologiya və Etno­qrafiya Muzeyi yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov arxeoloji ekspedisiyaların işi ilə mütəmadi maraqlanır və arxeoloji tədqiqatların nəticəsi ilə yerindəcə tanış olur, öz tapşırıq və tövsiyələrini verir. Ali Məclisin Sədri 2012-ci ildə Oğlanqalada, 2015-ci ildə isə Qız qalası və Ovçular təpəsində beynəlxalq arxeoloji ekspedisiyaların fəaliyyəti ilə tanış olmuşdur.
Naxçıvan Bölməsinin elmi işçiləri apardıqları elmi-tədqiqat işləri nəticəsində çoxsaylı kitab və ensiklopediyalar, atlas və monoqrafiyalar, ümumiləşdirici əsər və elmi məqalələr çap etdirmişlər. İkicildlik “Naxçıvan Ensiklopediyası”, ingilis və Azərbaycan dillərində “Naxçıvan Abidələri Ensiklopediyası”, üçcildlik “Naxçıvan tarixi”, “Naxçıvan arxeologiyası”, üçcildlik “Naxçıvan Folkloru Antologiyası”, “Naxçıvan teatrının salnaməsi”, “Naxçıvan əhalisinin etnogenezi tarixindən”, “Naxçıvan Muxtar Respublikasının dialektoloji atlası”, “Naxçıvan dialektləri”, “Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri”, Naxçıvan Muxtar Respublikasının flora və faunasına aid “Qırmızı kitab”lar, “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”, “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası” və digər bu kimi bir sıra fundamental əsərlər son illər nəşr olunan elmi ədəbiyyatlardır.
Elmi-tədqiqat işlərinin nəticələrindən danışarkən qeyd etməliyik ki, Akademiyanın Naxçıvan Bölməsinin 6 elmi-tədqiqat müəssisəsindəki 21 şöbə və 8 laboratoriyada 6 istiqamətdə tədqiqat işləri aparılır. İndiyə qədər bölmə əməkdaşlarının 5583 əsəri nəşr olunub. Bunlardan 100-ü monoqrafiya, 133-ü kitab, 4073-ü elmi məqalə və digər nəşrlərdir. Hazırda bir elmi işçiyə düşən əsərlərin sayı 6-dan çoxdur.
Bölmə fəaliyyətə başlayanda cəmi 51 elmi işçi var idi ki, onun da 13 nəfəri fəlsəfə doktoru idi. 2003-2015-ci illərdə Naxçıvan Bölməsinin 71 əməkdaşı fəlsəfə doktoru və elmlər doktoru dissertasiyaları müdafiə edib. 2003, 2007 və 2014-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasına keçirilən seçkilərdə Naxçıvan Bölməsi üzrə 3 nəfər akademik, 12 nəfər isə müxbir üzv seçilib. Hazırda Naxçıvan Bölməsində 2 akademik, 6 müxbir üzv, 4 elmlər doktoru, 51 fəlsəfə doktoru, 30-a yaxın doktorant və dissertant çalışır. Təkcə 2014-cü ildə 4 nəfər fəlsəfə doktoru dissertasiyası müdafiə edib, 1 nəfərin elmlər doktoru, 6 nəfərin fəlsəfə doktoru dissertasiyası müdafiəyə buraxılıb, bunlardan 2 nəfəri müdafiə edib, 1 nə­fər Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi, 3 nəfər müxbir üzvü seçilib. Əməkdaşlardan 1 nəfər professor, 13 nəfər dosent elmi adı alıb, 8 nəfər doktoranturaya qəbul olunub. Bir sözlə, bölmə əməkdaşlarının 64 nəfərinin elmi adı və elmi dərəcəsi vardır ki, bu da əməkdaşların 77 faizi deməkdir.
Akademiyanın Naxçıvan Bölməsi əməkdaşlarından patent və müəlliflik şəhadətnaməsi alanlar, müxtəlif qrant layihələrində qalib gələnlər də olub. 14 əməkdaş 21 adda patent alıb, 12 layihə üzrə 31 əməkdaş beynəlxalq və respublika səviyyəli qrant layihəsində qalib gəlib. Həmin layihələrdən əldə olunan vəsaitin bir hissəsi Naxçıvan Bölməsinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, yeni cihaz, avadanlıq və reaktivlərin alınmasına yönəlib.
Akademiyanın Naxçıvan Bölməsi dünyanın və ölkəmizin bir sıra elmi-tədqiqat mərkəzləri, ali təhsil müəssisələri ilə əlaqəli fəaliyyət göstərir. Türkiyə Cümhuriyyəti Dil və Tarix Qurumları, Moskva Dövlət Universitetinin Astrofizika Mərkəzi, Polşa Elmlər Akademiyasının Krakov Bölməsi, Tehran Universiteti, Fransa Elmi-Tədqiqat Mərkəzi, Ümumdünya Təbiəti Mühafizə Təşkilatının Qafqaz Ekoregionu, eləcə də ölkəmizin bir sıra elmi-tədqiqat müəssisələri ilə protokollar imzalanıb. Rusiya Federasiyası, İngiltərə, İtaliya, Türkiyə herintoloqları ilə müştərək tədqiqatlar aparılır. Beynəlxalq arxeoloji ekspedisiyalar Naxçıvan Bölməsinin rəhbərliyi ilə 2006-cı ildən fəaliyyət göstərir. Ekspedisiyanın işində ABŞ, Fransa, Türkiyə, İtaliya, Macarıstan və başqa ölkələrin arxeoloqları iştirak edirlər.
Naxçıvan Bölməsinin elmi əməkdaşlarının mühüm bir vəzifəsi də beynəlxalq səviyyəli konfrans və simpoziumlara qatılması və elmi məruzə etməsidir. Hər il bölmənin 30-a yaxın elmi işçisi 25-30 beynəlxalq səviyyəli tədbirlərdə iştirak edir. Bu günə qədər Naxçıvan Bölməsinin 68 əməkdaşı 296 beynəlxalq səviyyəli simpoziumda iştirak və məruzə edib.
Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında keçirilən ilk beynəlxalq tədbir “Uluslararası qaynaqlarda Naxçıvan” beynəlxalq simpoziumu olmuşdur. Həmin beynəlxalq simpozium Naxçıvanda elmi mühitin inkişafına ciddi təsir göstərdi. İndiyə qədər muxtar respublikada 50-dən artıq beynəlxalq səviyyəli konfrans və simpozium keçirilib. Bir sıra simpoziumlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi sərəncamları ilə reallaşıb.
Akademiyanın Naxçıvan Bölməsi fəaliyyəti dövründə qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirməyə çalışıb. Əldə olunan nailiyyətlər bunu deməyə əsas verir. Bununla belə, hələ də qarşıda həllivacib olan bir sıra mühüm vəzifələr dayanıb. İlk növbədə, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin kadr potensialının artırılmasına, elmin istehsalatla əlaqəsinə, aparılan tədqiqatların təcrübədə həyata keçirilməsinə, beynəlxalq qrant layihələrin əldə edilməsinə və digər məsələlərə bundan sonra da diqqət yetirilməlidir.
Akademiyanın Naxçıvan Bölməsi həmişə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə əhatə olunub. Məhz Ali Məclis Sədrinin göstərdiyi qayğı sayəsində Naxçıvan Bölməsinin elmi-texniki təminatı sahəsində yüksək uğurlar qazanılıb, yeni avadanlıqlarla təchiz edilən laboratoriyalar yaradılıb, xüsusilə dünya kitabxanaları ilə bilavasitə əlaqəni təmin edən elektron kitabxana qurulub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin daha bir qayğısı 2014-cü il 1 avqust tarixli “Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin fəaliyyətinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında”kı Sərəncamıdır. Həmin sərəncamla Naxçıvan Bölməsinin işçilərinin vəzifə maaşları 50 faiz artırılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “...Qarşılıqlı şəkildə diqqət yetirilməli sahələr çoxdur. Bunlardan ən vacibi isə keçmiş və müasir tariximizin öyrənilməsi, xalqımızın kimlik pasportu olan abidələrimizin tədqiq olunması, qorunub saxlanmasıdır. Bu sahədə hələ çox iş görülməli, ...tarixi coğrafiyamız yenidən və dərindən öyrənilməli, tədqiq edilməlidir”, – fikirləri naxçıvanlı elm adamlarının qarşısında başlıca vəzifə və məqsəd kimi dayanır, elmi fəaliyyət proqramı olaraq gələcək elmi araşdırmaların konkret istiqamətlərini müəyyənləşdirir. Ona görə də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşları bundan sonra da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, muxtar respublikada elmin inkişafına öz töhfələrini verəcəklər.

İsmayıl HACIYEV
AMEA Naxçıvan Bölməsinin sədri, akademik

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR