23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində Naxçıvan Dövlət Universiteti tələbələrinin iştirakı ilə açıq dərs keçilib.
Açıq dərsi giriş sözü ilə mərkəzin elmi katibi Emin Məmmədov açaraq bildirib ki, Naxçıvanşünaslıq Mərkəzi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 17 fevral 2011-ci il tarixli Sərəncamı ilə yaradılıb. İstifadəyə verildiyi gündən mərkəzdə Naxçıvanın tarixi, ədəbiyyatı, görkəmli şəxsiyyətləri, iqtisadiyyatı və bir sıra əlamətdar günlərlə bağlı açıq dərslər təşkil olunub.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 25 iyul 2015-ci il tarixli Sərəncamına əsasən, “Kitabi-Dədə Qorqudun alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. Bu tədbirlər planında AMEA Naxçıvan Bölməsi və Naxçıvanşünaslıq Mərkəzi tərəfindən “Kitabi-Dədə Qorqud” dastanı və onun Naxçıvanla bağlılığı” mövzusunda birgə açıq dərslərin keçilməsi nəzərdə tutulub. Naxçıvanşünaslıq Mərkəzində bu mövzuda açıq dərslər 2015-ci ilin dekabr ayına qədər davam etdiriləcək.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, bəşər sivilizasiyasına misilsiz töhfələr bəxş etmiş Azərbaycanımızın ən möhtəşəm ədəbi abidələri sırasında “Kitabi-Dədə Qorqud” eposu xüsusi yer tutur. Xalqımızın qədim adət-ənənələri, dünyagörüşü, yaşam tərzi, məişəti, zəngin mənəvi keyfiyyətləri, qəhrəmanlıq ruhu, mərdliyi, doğma torpağa bağlılığı, yurd sevgisi eposda mükəmməl şəkildə ifadə olunub. Bu qiymətli əsər həm mövzu, məzmun və ideyasına, həm də bədii məziyyətlərinə görə, bütövlükdə, dünya ədəbiyyatının nadir incilərindən biridir. Dastanla bağlı bir çox qiymətli tədqiqatlar aparılıb, dünya qorqudşünaslığı yüzlərlə kitab və məqalələrlə zənginləşdirilib.
Qeyd olunub ki, bu möhtəşəm eposa tədqiqatçılarla yanaşı, şair, yazıçı və dramaturqlar da müraciət edib, dastan əsasında çoxsaylı və müxtəlif janrlı bədii əsərlər qələmə alınıb. Bir sıra tədqiqatçıların fikrincə, dastanın yarandığı VII əsrə qədərki dövrdə, yaxud da boyların tam halda yazıya köçürüldüyü XVI əsrdə nə Qərbdə, nə də Şərqdə “Dədə Qorqud” səviyyəsində bədii nəsr nümunəsi olub.
“Kitabi-Dədə Qorqud” dastanlarında təsvir edilən bir sıra tarixi hadisələrin məhz Naxçıvan ərazisində baş verdiyini bildirən akademik vurğulayıb ki, oğuzların güclü bir qolu Azərbaycanın cənubunda, Naxçıvan, Urmiya regionlarında və Anadoluda məskunlaşıblar. Naxçıvan ərazisində mövcud olan qədim qəbir abidələri min ­illər boyu xalq arasında “oğuz qəbirləri” adlandırılıb. Bu abidələrə ən çox Naxçıvanın qala şəhərinin, Əlincəqala və Oğlanqalanın yerləşdiyi ərazilərdə rast gəlinir. “Kitabi-Dədə Qorqud” dastanlarında qeyd olunan bir sıra mühüm tarixi-coğrafi yer adları Naxçıvan diyarının ərazisinə aiddir. Naxçıvan ərazisində “Kitabi-Dədə Qorqud”da ifadə olunan çoxsaylı yer-yurd adlarının qeydə alınması bu regionun qədim Oğuz yurdu olduğunu bir daha təsdiqləyir. Çünki “Dədə Qorqud” toponimləri Qorqud atanın torpağa basılmış türk-oğuz möhürüdür. Bu mühüm elmi nəticə hələ də Naxçıvana ərazi iddiaları xülyası ilə yaşayan bədnam qonşularımıza çox tutarlı cavabdır.
Naxçıvan Muxtar Respublikasında “Kitabi-Dədə Qorqud”la səsləşən yer adları ilə bağlı onlarla əfsanə və rəvayətlərin də mövcud olduğunu diqqətə çatdıran İsmayıl Hacıyev bildirib ki, “Ağ qaya”, “Qız-gəlin qayası”, “Daşlaşan-heykəlləşən analar”, “Yeddi bulaq (Yeddi bacı)”, “Oğlanqala-Qızqala”, “Adamyeyən Kəlləgöz qəhrəman”, “Matı ilə ayının əfsanəsi” və başqa əfsanə və rəvayətlər “Dədə Qorqud”la səsləşir və bunlar təsadüfən yaranmayıb. “Kitabi-Dədə Qorqud” dastanlarında əksini tapan ictimai-siyasi hadisələr, əsasən, Azərbaycan ərazisində baş verib və bununla da, Azərbaycanın qədim oğuz türklərinin məskəni olduğunu bir daha təsdiq edir. Dastanlar oğuz türklərinin şəcərəsi, soykökü, onların həyat tərzi, məişəti, adət-ənənələri barədə məlumat verən elmi qaynaq, tarixi mənbədir.
Sonda tələbələri maraqlandıran suallara cavab verilib, açıq dərsin iştirakçıları Naxçıvanşünaslıq Mərkəzi ilə yaxından tanış olublar.

 Arzu Abdullayev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR