Sentyabrın 18-də Azərbaycan-Amerika Birləşmiş Ştatları və Azərbaycan-Fransa arxeoloji ekspedisiyalarının Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Qız qalası yaşayış yeri, Qız qalası nekropolu, Ovçular təpəsi, Duzdağ, I Kültəpədə apardığı tədqiqatlarla bağlı hesabat iclası keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsində keçirilmiş hesabat iclasını giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik Naxçıvan Muxtar Respublikasında aparılan arxeoloji tədqiqatlarla bağlı geniş məlumat verərək əldə olunan yenilikləri yüksək qiymətləndirib. Bildirilib ki, AMEA Naxçıvan Bölməsi, Amerika Birləşmiş Ştatları və Fransanın arxeoloqlarının birgə əməyi nəticəsində əldə olunan bir çox yeni faktlar tariximizi öyrənmək baxımından son dərəcə qiymətlidir.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev çıxış edərək əldə olunan yeniliklər haqqında geniş məlumat verib.
Qeyd edilib ki, Qız qalası yaşayış yerinin Cənubi Qafqaz və Yaxın Şərq arxeologiyası üçün böyük əhəmiyyəti vardır. Son illər bu qədim yaşayış yerinin ətrafında aparılan araşdırmalar zamanı Boyalı qablar mədəniyyətinin Naxçıvanla bağlı olmasına aid yeni faktlar aşkar olunub. Belə faktlardan biri Qız qalası yaşayış yerində zəngin mədəni təbəqənin olması və bu təbəqədən monoxrom və polixrom boyalı qabların aşkar olunmasıdır. Artıq böyük bir sahədə Orta Tunc dövrü təbəqəsi aşkar olunub və həmin dövrə aid yaşayış binalarının qalıqları üzə çıxarılıb. Builki tədqiqatlar zamanı həndəsi ornament və heyvan rəsmləri ilə bəzədilmiş boyalı qabların aşkar olunması Naxçıvanın Boyalı qablar mədəniyyətinin əsas mərkəzlərindən biri olduğunu, Cənubi Qafqazın, o cümlədən Azərbaycanın digər regionlarına boyalı qabların məhz Naxçıvandan yayıldığını təsdiq edir.
Qız qalası yaşayış yerində müdafiə divarının aşkar olunması da ən mühüm faktlardandır. Çünki indiyədək Cənubi Qafqazın Orta Tunc dövrünə aid yaşayış yerlərində müdafiə divarlarının qalıqlarına rast gəlinməyib. Bu dövrə aid yaşayış yerində qala divarlarının qalıqlarına Naxçıvanda II Kültəpə və Şahtaxtıda da rast gəlinib. 13 hektar sahəsi olan Qız qalası bu abidələrin üçüncüsü və ərazicə ən böyüyüdür. Daha bir mühüm yenilik isə Orta Tunc dövrünə aid kurqanlardan insan skeletinə aid qalıqların aşkar olunmasıdır. Onların tədqiqi Boyalı qablar mədəniyyətinin mənşəyinin müəyyən edilməsində mühüm rol oynayacaqdır.
Qeyd olunub ki, Kültəpədə aparılan tədqiqatlar isə Neolit dövrünün sonu – Eneolit dövrünün əvvəlində burada yaşayan insanların həyat tərzinin müəyyənləşdirilməsinə, onların ətraf mühitlə əlaqəsini tədqiq etməyə kömək edəcək. Tədqiqat zamanı müəyyən olunub ki, Eneolit dövrü ailə yaşayış yerləri yalnız köçürmə maldarlıq ilə deyil, həmçinin təbii xammalın istismarı ilə də bağlı olub.
Tədbirdə Fransa Milli Araşdırmalar Mərkəzinin dosenti Katerina Marro çıxış edərək tədqiqat barədə öz fikirlərini bildirib.
Hesabat iclasında AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyeva aparılan tədqiqatların bir çox mübahisəli məsələlərə aydınlıq gətirəcəyini vurğulayıb.
Tədqiqatçılar iclasda iştirak edənlərin suallarını cavablandırıblar.
İclasa yekun vuran AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev əldə olunan qiymətli arxeoloji məlumatların Naxçıvanın tarixinin, etnoqrafiyasının öyrənilməsində böyük əhəmiyyət daşıdığını bildirib.
Nərgiz İsmayılova