23 Dekabr 2024, Bazar ertəsi

 Bu amil əsas tutularaq muxtar respublikada ali təhsil ocaqlarının infrastrukturu daha mükəmməl şəkildə qurulur, təhsilin səviyyəsi daim yüksəldilir

 Bu gün muxtar respublikamızda ulu öndər Heydər Əliyevin layiqli davamçıları digər sahələrlə yanaşı, təhsil strategiyasını da uğurla həyata keçirirlər. Uzaqgörənliklə görülən genişmiqyaslı işlər muxtar respublikamızın kadr potensialının daha da yüksək səviyyədə formalaşmasına hesablanıb. İnsan kapitalına göstərilən bu diqqətin əsaslı səbəbləri vardır. Belə ki, qüdrətli dövlətlərin tarixini araşdırdıqda bir daha aydın olur ki, həmin dövlətlərin bu səviyyəyə yüksəlməsində geniş dünyagörüşə malik xarizmatik liderlərlə, şəxsiyyətlərlə yanaşı, onların ətrafında sıx birləşən və öz işini mükəmməl bilən etibarlı, sədaqətli, vətənpərvər kadrlar da əsaslı rol oynamışlar.  

Dövlət idarəçilik sisteminin şaxələndiyi, müəyyən mənada mürəkkəbləşdiyi, bununla bərabər, cəmiyyətin tələblərinin kifayət qədər artdığı müasir dövrdə hazırlıqlı kadr amili daha çox əhəmiyyət kəsb edir. Ona görə də inkişaf, yüksəliş yolunu tutan hər bir dövlət daxili imkanlarını səfərbər edərək öncə insan kapitalına ciddi diqqət yetirir. Həm də ona görə ki, insan kapitalı olmadan təbii sərvətlər, geostrateji mövqe və bu kimi digər önəmli məsələlər xalqlara, millətlərə, dövlətlərə fayda vermir, əksinə, həmin ölkələr sərvətlərə sahib çıxmaq və digər imkanlardan istifadə etmək üçün bölgəni nəzarətdə saxlamağa can atan dövlətlərin, iqtisadi maraq qruplarının və gizli qlobal güclərin təsirinə düşür, sözün həqiqi mənasında, koloniyaya çevrilir və yalnız sözdə müstəqil olurlar. Bunu yaxşı bilən ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”.

Təhsilin inkişafı, kadr hazırlığı prosesi davamlılıq və xüsusi diqqət tələb edir. Bu gün ölkəmizdə bu sahəyə xüsusi qayğı göstərilir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin böyük səyləri sayəsində təhsil, onun tərkib hissəsi olan kadr hazırlığı Azərbaycanın davamlı inkişaf strategiyasının mühüm istiqamətlərindən birinə çevrilmişdir.
Bu gün respublikamızın bütün regionlarında, həmçinin Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı prioritet istiqamət təşkil edir. Son 20 ildə sürətli inkişaf yolu keçən muxtar respublikamızda təhsil sahəsinə də böyük qayğı göstərilmişdir. Təkcə Naxçıvan şəhəri və ya rayon mərkəzləri ilə məhdudlaşmayan, ucqar dağ və sərhəd kəndlərini də əhatə edən, perspektivə hesablanmış yeni məktəb binalarının tikintisi, həmçinin muxtar respublikamızdakı ali təhsil müəssisələri üçün yeni, ən müasir binaların inşa olunması təhsilin inkişafında, kadr potensialının formalaşmasında yeni üfüqlər açır.
Sentyabrın 15-də – Bilik Günündə “Naxçıvan” Universiteti üçün inşa olunan yeni universitet şəhərciyinin istifadəyə verilməsi bunu bir daha təsdiq edir.
Qeyd edək ki, indiyədək 3245 məzunu olan “Naxçıvan” Universiteti 1999-cu ildən fəaliyyət göstərir. Ali təhsil ocağında hazırda 4 fakültə, 9 kafedra, 5 şöbə vardır. 2015-2016-cı tədris ilində minə yaxın tələbə müasir tələblərə cavab verən bu universitetdə təhsil alacaqdır. Bilik Günündə istifadəyə verilən universitetin yeni şəhərciyində 6 mərtəbəli birinci tədris korpusu diqqəti cəlb edir. Bu binada universitetin İdarəetmə, İqtisadiyyat və Pedaqogika fakültələri fəaliyyət göstərəcəkdir. Tədris korpusunda 34 auditoriya, hər birində 66 kompüter olan 2 imtahan mərkəzi, proyektor və elektron lövhə quraşdırılan 11 mühazirə zalı, Heydər Əliyev Dövlətçilik Mərkəzi, Coğrafiya, Azərbaycan tarixi, Turizm-informasiya kabinələri, informatika, informasiya sistemləri, texnologiya, server, nəşriyyat və digər otaqlar vardır. Binada elektron təhsilin tətbiqi üçün müasir infrastruktur yaradılmışdır. İmtahan mərkəzlərinin müasir texnoloji sistemi eyni vaxtda bir neçə ixtisas üzrə imtahanların çevik və şəffaf formada aparılmasına, imtahanların gedişini internet üzərindən izləməyə, eləcə də onların video arxivini yaratmağa imkan verəcəkdir.
Bir maraqlı fakt da budur ki, universitetin Kompüter Səviyyə Ölçmə Mərkəzində tələbələr üçün kompüter kursları təşkil olunacaq və kursu uğurla bitirən tələbələrə dünyanın 150 ölkəsində tanınan sertifikatlar veriləcəkdir. Huawei İnformasiya-Kommunikasiya Texnologiyaları kabinəsində tələbələrə şirkətin istehsal etdiyi məhsulların istifadə qaydaları və ən son texnoloji yeniliklər öyrədiləcəkdir. Həyata keçirilən bu layihə çərçivəsində tələbələrin Huawei şirkətində bir ay müddətində təcrübə keçmələri də nəzərdə tutulmuşdur. Bu da informasiya texnologiyaları üzrə mükəmməl mütəxəssislərin hazır­lanmasına imkan verəcəkdir.
Muxtar respublikada gənclərin xarici dil biliklərinin inkişafına xüsusi diqqət yetirilir. Universitetin xarici dillər korpusunda müxtəlif dünya dillərinin, xüsusilə ingilis, alman və ərəb dillərinin nəzəri və praktik formada öyrədilməsi üçün müasir şərait yaradılmışdır.
4 mərtəbədən ibarət olan universitet kitabxanasında 15 minə yaxın elmi və bədii ədəbiyyat vardır. Binada kitabxanaçılıq işi müasir tələblər əsasında qurulmuş, elektron dərslik və ədəbiyyatlar verilmişdir.
Konfrans və idman zalları üçün nəzərdə tutulan ikimərtəbəli bina müasir quruluşa malikdir. 240 yerlik konfrans zalında müasir audio-video və sinxron tərcümə sistemləri quraşdırılmış, proyektorlu elektron lövhə qoyulmuşdur. Bu da distant dərslərin təşkilinə imkan verəcəkdir. Geniş idman zalında isə voleybol, basketbol, badminton, futbol və digər idman növləri üzrə yarışların keçirilməsi mümkündür.
Yeni istifadəyə verilən 302 yerlik yataqxana binası da öz möhtəşəmliyi ilə diqqəti cəlb edir. Burada otaqlar zəruri mebel avadanlıqları ilə təchiz olunmuşdur. İki girişi olan 6 mərtəbəli binada tələbələr üçün müasir yaşayış şəraiti yaradılmış, otaqların hər biri internetlə təmin olunmuş, məişət otağı, camaşırxana, mətbəx və istirahət otaqları istifadəyə verilmişdir. Yataqxanadakı otaqların beşulduzlu otellərin otaqlarından heç bir fərqi olmadığını xüsusilə vurğulamaq istərdim. Tələbənin belə bir şəraitdə qalması ali təhsilimizə göstərilən qayğının, diqqətin növbəti təzahürüdür. Dünyanın bir sıra universitetlərinin şəraiti ilə tanış olduğum üçün və Türkiyənin ən qabaqcıl ali təhsil müəssisələrindən biri olan Mərmərə Universitetinin məzunu kimi tam səmimiyyətimlə qeyd etmək istərdim ki, “Naxçıvan” Universitetində tələbələr üçün yaradılan şərait dünyanın ən qabaqcıl ali təhsil müəssisələrindəki şəraitdən heç də geri qalmır. Deyərdim ki, bir sıra sahələrdə hətta dəfələrlə irəlidədir.
Qeyd etdiklərimizi “Huawei Texnologies Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Liu Jiavel də təsdiq etdi. Onunla söhbətimizdə qeyd etdi ki, “Naxçıvan” Universitetinin yeni şəhərciyində tələbələrin ən yüksək səviyyədə təhsil almaları və peşəkar, hazır­lıqlı kadr kimi yetişmələri üçün mükəmməl bir şərait yaradılmışdır. O, “Naxçıvan” Universitetində Huawei İnformasiya-Kommunikasiya Texnologiyaları Akademiyasının yaradılmasının həyata keçirilən kompleks işlərin tərkib hissəsi kimi önəmini qeyd etdi və “Naxçıvan” Universitetinin çox qısa zamanda regional təhsil mərkəzinə çevriləcəyinə əminliyini bildirdi.
Məlumat üçün deyək ki, bu tədris ilində 13 ixtisas üzrə mütəxəssis hazırlığı aparılacaq “Naxçıvan” Universitetində təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində də işlər görülür. Dünyanın məşhur ali təhsil müəssisələrindən olan Almaniyanın Lüdviq Maksimillians Universiteti ilə, son dövrlərdə isə Türkiyənin 9, eləcə də Rumıniya, Çexiya və Latviya universitetləri ilə əlaqələr yaradılmış, bununla da, universitetin əməkdaşlıq etdiyi ali məktəblərin sayı 51-ə çatmışdır.
Ölkəmizdə yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində mühüm işlər görən, Avropa standartlarına uyğun, dünya miqyasında tanınan müasir təhsil ocağı Naxçıvan Dövlət Universitetinin də tədris imkanları hər il daha da yaxşılaşdırılır. Universitet son 20 ildə böyük inkişaf yolu keçərək müasirtipli və çox­profilli ali təhsil mərkəzinə çevrilmişdir. Hazırda Naxçıvan Dövlət Universitetində 54 ixtisas üzrə 5 mindən çox tələbə təhsil alır. Bu gün Naxçıvan Dövlət Universiteti dünyanın 80-ə yaxın ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsidir ki, Naxçıvan Dövlət Universitetində 360-dan çox xarici tələbə təhsil alır. Təsadüfi deyil ki, bu ilin əvvəlində Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatı tərəfindən “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsi çərçivəsində aparılan tədqiqat nəticəsində Naxçıvan Dövlət Universiteti reytinq cədvəlində birinci yeri tutmuş, Naxçıvan Müəllimlər İnstitutu isə ilk onluqda yer almışdır.
Son 20 ildə Naxçıvan Dövlət Universitetinin şəhərciyində aparılan yenidənqurma işləri, tikilən müasir binalar və yaradılan elektron tədris sistemi təhsilin səviyyəsini xeyli yüksəltmişdir. Naxçıvan Dövlət Universiteti güclü maddi-texniki bazası, müasir tədris korpusları, Tibb fakültəsi, xəstəxanası, idman kompleksi, konservatoriyası, elektron kitabxanası olan ali təhsil ocağıdır. Xatırladaq ki, bu işlərin davamı olaraq, universitet xəstəxanası və Baytarlıq təbabəti ixtisası üçün yeni, müasir binalar inşa olunmuşdur. Bu il mayın 21-də həmin binalar universitet tələbələrinin ixtiyarına verilmişdir. Həmin tikililərin istifadəyə verilməsi də göstərilən qayğının davamıdır.
Təhsilin inkişafı əhalinin rifahının yaxşılaşması, həmçinin insanların həyatının daha yüksək səviyyədə qurulmasına zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömürboyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir. Ümumilikdə isə yüksək təhsil xalqımızın tərəqqisi üçün vacib amil kimi həmişə diqqət mərkəzində olub. Bu məsələdə müəllimlərimizin rolu danılmazdır. Digər tərəfdən, əgər müəllimlərimiz müasir dövrün tələblərinə cavab verəcək səviyyədə deyilsə, onda təhsilin səviyyəsinin yüksəlməsindən danışmaq əbəsdir. Muxtar respublikamızda bu məsələ də diqqət mərkəzində saxlanılır, yüksəkixtisaslı pedaqoji kadrlar hazır­lanır. Ümummilli liderimiz Heydər Əliyevin 2000-ci il 13 iyul tarixli Fərmanına əsasən, Naxçıvan Politexnik Texnikumunun bazasında Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialının yaradılması, 2003-cü il avqustun 26-da filialın Naxçıvan Müəllimlər İnstitutuna çevrilməsi və müstəqil fəaliyyətə başlaması bu mənada çox əhəmiyyətlidir. Muxtar respublikamızda təhsilə göstərilən diqqət Naxçıvan Müəllimlər İnstitutunun da fəaliyyətinə geniş imkanlar açmışdır. Ötən dövrdə institutun binası yenidən qurularaq lazımi tədris şəraiti yaradılmış, maddi-texniki baza gücləndirilmişdir. Ali təhsil müəssisəsində bu imkanlardan yararlanaraq ixtisaslı kadrların hazırlanması sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. 15 il bundan öncə 21 tələbə ilə fəaliyyətə başlayan institutda hazırda 1100 tələbə və 25 magistr təhsil alır. 2011-ci ildə Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyət istiqamətləri genişləndirilmiş, yeni ixtisaslar açılmışdır.
Bir məsələ xüsusilə qeyd olunmalıdır ki, kadr hazırlığı yalnız ali və orta ixtisas təhsili müəssisələrinin üzərinə düşən vəzifə deyil. Bu işdə aid dövlət təşkilatları da fəallıq göstərməli, ali və orta ixtisas təhsili müəssisələrində müvafiq ixtisaslar üzrə oxuyan gənclərlə əlaqələr genişləndirilməli, gələcəyin kadrları bu gündən hazırlanmalıdır. Bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2015-ci il 27 iyul tarixdə “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən, Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Tibb Kolleci, Naxçıvan Musiqi Kolleci və Naxçıvan Dövlət Texniki Kolleci üzrə 100-ə yaxın ixtisas muxtar respublikanın aid təşkilatlarına hamiliyə verilmişdir. Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi yüksəkixtisaslı kadrların hazırlanmasına böyük töhfə verəcəkdir.

Ölkəmizdə insan kapitalının formalaşmasında təhsilin digər pillələri kimi, ali təhsilin də rolu əvəzsizdir. Əgər orta məktəb insanı həyata hazır­layırsa, ali məktəb onu yüksəkixtisaslı kadr kimi, müəyyən bir sahənin mütəxəssisi kimi yetişdirir. Bu mənada, Naxçıvan Muxtar Respublikasında ali məktəbə, ali təhsilin təşkilinə ciddi diqqət yetirilir. Ali Məclisin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Hər bir cəmiyyətdə təhsil mühüm rola malikdir. Vaxtilə təhsilin cəmiyyətdəki rolundan danışan görkəmli yazıçı və ictimai-siyasi xadim Nəriman Nərimanov qeyd edirdi ki, heç bir millət qılınc və tüfənglə qabağa getməyibdir. Yalnız elmin və təhsilin gücünə tərəqqi etmək mümkündür. Bu gün bu fikirlərdəki həqiqətlər bir daha özünü göstərir. Müasir dünyada o dövlət güclü hesab olunur ki, onun güclü təhsil potensialı olsun. Amerika Birləşmiş Ştatlarının politoloqları deyirdilər ki, “Amerika universitetləri güclüdür, ona görə yox ki, Amerika varlıdır. Amerika varlıdır, ona görə ki, onun universitetləri güclüdür”.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR