23 Dekabr 2024, Bazar ertəsi

Ali təhsil almaq üçün Naxçıvan Dövlət Universitetini (NDU) seçən yüksək bal toplayan abituriyentlərin, xarici ölkə vətəndaşlarının sayı hər il daha da artmaqdadır. Bu il 960 bakalavr, 114 magistr, o cümlədən 31 nəfər 600 və 600-dən yuxarı bal toplayan gənc bu ali məktəbin tələbəsi adını qazanıb.
Bu faktlar Naxçıvan Dövlət Universitetində 15 sen­tyabr – Bilik Günü münasibətilə keçirilən tədbirdə səsləndirilib.
Tədbiri ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov giriş sözü ilə açaraq müəllim və tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Rektor Azərbaycanda təhsilin inkişaf strategiyasından, ümummilli lider Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamından danışıb. Qeyd edib ki, Naxçıvan Dövlət Universiteti yarıməsrlik tarixi inkişaf yolu keçən, çoxillik ənənələrə söykənən, yüksəkixtisaslı mütəxəssislər yetişdirən, güclü maddi-texniki bazaya malik olan, beynəlxalq əlaqələrini günbəgün genişləndirən ali təhsil ocağıdır. 12 fakültə, 56 ixtisasın fəaliyyət göstərdiyi, 5 mindən çox tələbənin təhsil aldığı universitetdə müasir tədris korpusları, Tələbə sosial xidmət mərkəzi, Tələbə evi, Qonaq evi, idman meydançaları, müasir xəstəxana mövcuddur.

Universitetin tədris işləri üzrə prorektoru, dosent Surə Seyid “Bolonya prosesi: vəzifələr və perspektivlər” mövzusunda məruzə edərək xatırladıb ki, Naxçıvan Dövlət Universiteti 2009-cu ildən bolonya prosesinə qoşulub və 2012-ci ildən bu prosesin tətbiqinə başlanıb. Bu istiqamətdə bir sıra işlər görülüb, elektron təhsil şəbəkəsi yaradılıb. Məruzədə kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin təşkilinin ümumi müddəaları, əsas səciyyəvi xüsusiyyətləri, sənədləşmə, qiymətləndirmə prinsipləri, kredit sistemində tədris-metodik təminat, tədris prosesindəki yeniliklər, yay məktəbinin təşkili qaydaları, tələbə və müəllimlərin mobilliyinin təmin olunması və digər məsələlər barədə məlumat verilib.
Tədbirdə 692 balla Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasına qəbul olmuş Təranə İsmayılova, Fizika-riyaziyyat fakültəsində Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə ali təhsil alacaq 687 bal toplamış Bətulə Əlizadə, 685 balla Tibb fakültəsinin Müalicə işi ixtisasının tələbəsi adını qazanan Rza Cəbiyev çıxış edərək ölkədə təhsilə yaradılan yüksək şəraitə, hərtərəfli dövlət qayğısına görə minnətdarlıq edib, müəllimlərinin etimadını doğruldacaqlarını bildiriblər.
Sonda 650-dən yuxarı balla universitetə qəbul olan 12 tələbəyə tələbə bileti və qiymət kitabçası, “Naxçıvan Ensiklopediyası” təqdim olunub.
Tədbirdə universitetin tarixi inkişaf yolunu əks etdirən slayd nümayiş etdirilib.

*  *  *

Sentyabrın 15-də Naxçıvan Müəllimlər İnstitutunda da Bilik Günü və 2015-2016-cı tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.
İnstitutun rektoru, professor Oruc Həsənli çıxış edərək yeni dərs ilinin başlanmasının hər bir ailənin həyatında əlamətdar mərhələ olduğunu bildirib, müəllim və tələbə heyətini təbrik edib. Rektor qeyd edib ki, tarix­boyu öyrənmək, biliklərə yiyələnmək və onu tədris etmək müqəddəs əməl hesab olunub. Xalqımız daim elm öyrənməyi, təhsil almağı, gənc nəslin savadlanması üçün məktəbin rolunu yüksək qiymətləndirib. Elə buna görədir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın dövlətçilik təməlini qoyarkən onun əsas sütunlarından birinin təhsil olduğunu vurğulayıb, ölkəmizin milli təhsil strategiyasını yaradıb. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da Heydər Əliyev ideyalarının uğurla davam etdirilməsi təhsildə yeni və müasir mərhələnin başlanmasına səbəb olub.
Bildirilib ki, muxtar respublikada ali məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni tədris korpuslarının tikilməsi, müasir informasiya texnologiyalarının tətbiqi təhsil sahəsində uğurlu nəticələrin qazanılmasına, tələbələrin ixtisaslı kadr kimi yetişmələrinə imkan yaradıb. Yaradılan şəraitin nəticəsidir ki, hər il ali məktəblərə qəbul imtahanlarında muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrini seçən abituriyentlərin sayı artır. Builki qəbul imtahanlarında yüksək balla tələbə adını qazanmış abituriyent­lərdən 300 nəfər Naxçıvan Müəllimlər İnstitutunda təhsil almağa üstünlük verib, ölkəmizin digər regionlarından bu ali təhsil ocağını seçənlərin sayında əvvəlki illərlə müqayisədə xeyli sayda artım müşahidə edilib.
Rektor deyib ki, bizim təhsilimizin məqsədi tələbələrə elm, bilik öyrətməklə yanaşı, həm də onları yüksək mənəviyyatlı, vətənpərvər və ixtisaslı gənclər kimi yetişdirməkdir. Unutmaq olmaz ki, Azərbaycanın gələcəyi bugünkü gənc­lərə etibar ediləcək. Odur ki, bu günün tələbələri müstəqil dövlətimizə, Vətənimizə və xalqımıza layiq mütəxəssislər kimi yetişməlidirlər.
Sonra çıxışlar olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR