23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Müəllimlər İnstitutunda bu ali təhsil ocağının yaradılmasının 15 illiyi münasibətilə tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları ulu öndərimizin Naxçıvan şəhərindəki əzəmətli abidəsi önünə gül dəstələri qoyaraq Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Naxçıvan Müəllimlər İnstitutunda keçirilən tədbiri giriş sözü ilə institutun rektoru, professor Oruc Həsənli açaraq kollektivi əlamətdar gün münasibətilə təbrik edib, günün əhəmiyyətindən danışıb.
Sonra institutun keçdiyi yol haqda çıxış edən rektor bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin 2000-ci il 13 iyul tarixli Fərmanına əsasən, Naxçıvan Politexnik Texnikumunun bazasında Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialı yaradılıb. 2003-cü il avqustun 26-da filial Naxçıvan Müəllimlər İnstitutuna çevrilib və müstəqil fəaliyyətə başlayıb. Ölkəmizdə həyata keçirilən məqsədyönlü təhsil islahatları Naxçıvan Müəllimlər İnstitutunun da fəaliyyətinə geniş imkanlar açıb. Ötən dövrdə institutun binası yenidən qurularaq lazımi tədris şəraiti yaradılıb, maddi-texniki baza gücləndirilib. Ali təhsil müəssisəsində bu imkanlardan yararlanaraq ixtisaslı kadrların hazırlanması sahəsində mühüm nailiyyətlər əldə edilib. 15 il bundan öncə 21 tələbə ilə fəaliyyətə başlayan institutda hazırda 1100 tələbə və 25 magistr təhsil alır.

Qeyd edilib ki, 2011-ci ildə Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyət istiqamətləri genişləndirilib, yeni ixtisaslar açılıb. 2003-cü ilə qədər Naxçıvan Müəllimlər İnstitutunda İbtidai təhsilin pedaqogikası və metodikası və Məktəbəqədər tərbiyənin pedaqogikası və metodikası ixtisaslarında təhsil verilirdisə, bu gün İbtidai sinif müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi, Təsviri incəsənət müəllimliyi, Məktəbəqədər təlim və tərbiyə, Təhsildə sosial-psixoloji xidmət və Pedaqogikanın nəzəriyyəsi və tarixi ixtisasları üzrə də bakalavr və magistr kadrları hazırlanır. Bu gün institutda mütərəqqi təhsil metodları və informasiya texnologiyaları geniş tətbiq olunur, təhsil Boloniya sistemi üzrə aparılır. Bu da dünya təhsil sisteminə inteqrasiya baxımından mühüm əhəmiyyət daşıyır. Son illər mütərəqqi tədris metodlarından istifadə tələbələrin bilik və dünyagörüşünün inkişaf etdirilməsinə səbəb olub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edib. Professor, müəllim və tələbə heyətini əlamətdar gün münasibətilə təbrik edən Rəhman Məmmədov bildirib ki, müasir Naxçıvanın intibah tarixinin əsasının qoyulduğu 1995-ci ildən sonra təhsil sahəsində həyata keçirilən tədbirlər savadlı, dünyagörüşlü, vətənpərvər gəncliyin yetişdirilməsinə şərait yaradıb. Vətənə xidmət amalı ilə yetişdirilən bu günün gəncləri nazirdir, komitə sədridir, deputatdır, alimdir, müəllimdir, idmançıdır, həkimdir. Gənclərin bu pilləyə gəlib çatmasında isə müəllimlərin rolu böyükdür. Görkəmli pedaqoq Məhəmməd Tağı Sidqi müəllim zəhmətinə yüksək qiymət verərək yazırdı ki‚ “Məktəb bir cismə bənzər ki‚ onun ruhu müəllimdir”. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri muxtar respublikada Məhəmməd Tağı Sidqinin qeyd etdiyi kimi məktəbin ruhu olan müəllimlərin də qayğısına qalıb, onların əməyini daim yüksək qiymətləndirib. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 2015-ci il 22 iyun tarixli Sərəncamı ilə ümumtəhsil müəssisələrində çalışan bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükünün 1,5 dəfə, aylıq vəzifə maaşlarının isə orta hesabla 2 dəfə artırılması müəllimlərə göstərilən diqqət və qayğının əyani ifadəsidir.
Qeyd edilib ki, muxtar respublikada müəllim kadrların hazırlanmasında Naxçıvan Müəllimlər İnstitutunun böyük rolu vardır. Bu institutun yaradılması isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ötən 15 ildə Naxçıvan Müəllimlər İnstitutu yaradılmış şəraitdən istifadə etməklə müəllim kadrların hazırlanması sahəsində fəaliyyət göstərib, 1300-dən çox müəllim hazırlayıb. Muxtar respublikada müəllim əməyinin yüksək qiymətləndirilməsinin və ən ucqar dağ kəndlərində belə, müasir memarlıq üslubunda məktəb binalarının tikilməsinin, onların hər cür maddi-texniki baza ilə təmin olunmasının nəticəsidir ki, Naxçıvan Müəllimlər İnstitutunun məzunları bu təhsil ocaqlarında işlə təmin ediliblər.
Sonra məruzələr ətrafında institutun tədris işləri üzrə prorektoru, filologiya elmləri doktoru, professor Akif İmanlının, İbtidai sinif müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Aytən Qasımovanın çıxışları olub. İnstitutun müəllimlərindən Kamal Camalov, Nazim Əhmədov, Həsənəli Eyvazlı, Sədaqət Həsənova, Yaqub Məmmədov və başqaları bu ali təhsil ocağının keçdiyi yola qısa nəzər salaraq əldə edilən nailiyyətlər haqda danışıblar.
Sonda fəaliyyətində fərqlənən əməkdaşlara fəxri fərmanlar təqdim olunub.

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR