23 Dekabr 2024, Bazar ertəsi

Blokada şəraitində yaşayan və buna baxmayaraq, sürətlə inkişaf edən muxtar respublikamızın təhsil ocaqlarının göstəriciləri ölkə miqyasında seçilməkdə, ali məktəblərə qəbulun səviyyəsi ilbəil artmaqdadır. Nailiyyətlərin təməlində isə, heç şübhəsiz ki, təhsilə göstərilən dövlət qayğısı, təhsil ocaqları üçün yeni-yeni binaların inşa olunması, məktəblərimizin maddi-texniki bazasının gücləndirilməsi, bu işdə böyük fədakarlıq göstərən müəllimlərimizin əməyinin layiqincə qiymətləndirilməsi dayanır. Builki qəbul imtahanlarında Babək rayonunun qazandığı uğurları xüsusilə qeyd etmək olar. Belə ki, rayonun ümumtəhsil məktəblərindən ali məktəblərə sənəd verən 498 abituriyentdən 262-si tələbə adını qazanıb. Onlardan 46 nəfəri 500-700 intervalında bal toplayıb. Həmin gənclər sırasında Uzunoba kənd tam orta məktəbinin məzunları olan əkiz qardaşların qazandığı uğurlar daha çox diqqət çəkir. Biz də həmin gəncləri oxucularımızla yaxından tanış edirik.

Fərid HÜSEYNLİ: – 1998-ci ildə Uzunoba kəndində anadan olmuşam. Kənd tam orta məktəbində təhsil almışam. Elə orta təhsil illərində arzum o olub ki, tələbə adını qazanım. Bu arzuma çatmaq üçün çox çalışdım. Qəbul imtahanında aşağı bal toplamağı fikrimə belə gətirmirdim. Çünki məktəbimizdə yaradılan yüksək şərait, mütəmadi olaraq sınaq imtahanlarında iştirakım məni addım-addım tələbə adını qazanmağa yaxınlaşdırırdı. Arzum mühəndis olmaq idi. 667 bal toplayaraq Qafqaz Universitetinin Mexanika mühəndisliyi fakültəsinə qəbul olundum. Bir gənc kimi qürurlanıram ki, mənə inananları və etimad göstərənləri sevindirdim. Ona görə də 2015-ci il ən unudulmaz il olaraq həyatıma yazıldı. Həm də ona görə ki, bu günlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun muxtar respublikada 2014-2015-ci tədris ilində ümumtəhsil məktəblərini bitirmiş və ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüşündə mən də iştirak etdim. Ən çox arzularımdan biri də bu görüş idi. Ali Məclisin Sədri biz gənclərə dedi ki, bu gün kitab oxumaq, yaxşı təhsil almaq işin yalnız bir tərəfidir. Əsas məsələ özünü yüksəkixtisaslı kadr kimi hazırlamaqdır. Ona görə də seçdiyiniz ixtisasa dərindən yiyələnməli, kamil mütəxəssis kimi yetişməlisiniz. Bu sözlər biz gənclər üçün çox önəmli tövsiyədir. Çünki bizim hələ uzun yolumuz var. Tələbə həyatı yaşayacağım qarşıdakı illərdə də, ondan sonra da ixtisaslı mütəxəssis kimi yetişməyə çalışacağam.

Fuad HÜSEYNLİ: – Uşaqlıqdan evdə bizə çoxlu mütaliə etməyi aşılayıblar. Dəqiq elmlərə isə marağım daha çox olub. Kitablardan birində oxumuşdum ki, görkəmli diplomat Behbud ağa Şahtaxtinski yazıb ki, yüksək təhsilə, mədəniyyətə və elmi gücə malik olanlar həmişə qalib gəlirlər. Və çalışmışam ki, güclü biliyə malik olum. Biliyə yiyələnmək üçün isə gərək çox çalışasan. Mən dərslərdə müəllimlərimə diqqətlə qulaq asaraq verilən tapşırıqları mənimsəyirdim. Daim mütaliə edərək qazandığım bilikləri daha da möhkəmləndirirdim. Kitabxanada istədiyim ədəbiyyatı əldə edə bilirdim. Onu deyim ki, kompüterə böyük həvəsim vardır. Məktəbimizdə kompüterlərdən istifadə etməyimiz üçün hər cür şərait var. Yaradılan şəraitdən istifadə edərək həvəslə oxudum, əlaçı şagird kimi valideynlərimi qazandığım uğurlarla həmişə sevindirdim. Azərbaycan Respublikasında keçirilən fənn olimpiadasında fizika fənni üzrə III yerə layiq görülərək gümüş medal qazandım. Ancaq bu uğurlardan sonra da arxayınlaşmadım. Çünki irəlidə məni böyük bir imtahan gözləyirdi. Bu imtahandan daha böyük qələbə ilə çıxmağı qarşıma məqsəd qoymuşdum. Qəbul imtahanlarında 660 bal toplayaraq Qafqaz Universitetinin Kompüter mühəndisliyi fakültəsinə qəbul olundum. Artıq qeydiyyatdan keçmişəm. Sentyabr ayının 15-ni səbirsizliklə gözləyirəm. Çünki ən böyük arzularımdan olan tələbə kimi təhsilimi davam etdirəcəyəm.

 Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR