Naxçıvan Muxtar Respublikasının ən ucqar kəndlərindən biri olan Tivi rayon mərkəzindən – Ordubad şəhərindən, təxminən, 60 kilometr uzaqlıqda yerləşir. Zəngəzur silsiləsinin ətəyində yerləşən Tivi özünəməxsus təbiəti, dağların əhatəsindəki yaşıl vadini xatırlatması, həmçinin buradakı mineral tərkibli çoxsaylı bulaqları ilə diqqəti cəlb edir. Haqqında məlumatım olsa da, ilk dəfə üz tutduğum bu kəndi öz gözlərimlə görmək istəyimin əsas səbəbi isə builki qəbul imtahanlarında kənd məktəbi məzunlarının yüksək nəticələr qazanması idi.
Ucqar bir dağ kəndindəki məktəbin nəticələri ilə yanaşı, həmin kənddə tikinti-quruculuq işlərinin aparılması da digər bir diqqətçəkən məqam idi.
Dağların, qayaların bizə yoldaşlıq etdiyi səfərimizdə mənzil başına çatanda Günəşin xoş təbəssümü ilə bərabər, xəfif küləyin ürəyi sərinlədən salamı da xüsusi qeyd olunmalıdır.
Gələcəyimizi əvvəlcədən bilən Tivi kənd tam orta məktəbinin direktoru Məhəmməd Ağayevin “Kənd adət-ənənəsini pozmaq olmaz, qonağa əvvəlcə bir stəkan çay verərlər” ərkiylə razılaşıb gül-çiçəkli həyətində, elə çay süfrəsi ətrafındaca söhbətimizə başlayırıq.
Məhəmməd müəllim əvvəlcə builki nəticələr haqqında məlumat verir. Deyir ki, məktəbimiz başa vurduğumuz tədris ilində 19 məzununu yola saldı. Məzunlardan 15-i ali məktəblərə sənəd verdi və onların da 9-u müxtəlif ali təhsil müəssisələrinin tələbəsi adını qazandı.
Bu il muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbi məzunlarından 313-ü ali məktəblərə qəbulda 500-700 arasında bal toplamışdır ki, onların da 3-ü Tivi kənd tam orta məktəbinin payına düşür. Belə ki, məktəbin məzunlarından Fuad Səfərov 661 balla Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasına, Gövhər Cəfərova isə 567 balla Bakı Dövlət Universitetinin Kompüter elmləri ixtisasına qəbul olunublar. Bunlardan əlavə, məktəbin məzunlarından Nubar Qafarova (500 bal), Əmrah Əliyev (475 bal), Onur Ağayev (437 bal) və digərləri də müəllimlərinin başını uca edərək ali məktəblərin tələbəsi adına layiq görülüblər.
Məhəmməd müəllimlə məktəbin pedaqoji kollektivi haqqında da söhbət etdik. Öyrəndik ki, Tivi kənd tam orta məktəbində 22 müəllim dərs deyir. Və ən maraqlı məqam ondan ibarətdir ki, bu müəllimlərin hər biri kəndin öz yetirmələridir. Bu ənənə son illər də davam etdirilir, kənd məktəbinə Tivinin yetirməsi olan gənc kadrlar cəlb olunur. Belə ki, riyaziyyat fənni üzrə Xanım Abutalıbova, ibtidai sinif müəllimliyi üzrə isə Şəfanə Məmmədova son iki ildə vaxtı ilə dərs aldıqları müəllimləri ilə çiyin-çiyinə işləmək üçün öz doğma məktəblərinə üz tutublar.
Adı və dadı ilə məşhur olan Ordubad limonunun ətir qatdığı çaylarımızı içib Məhəmməd müəllimlə birlikdə yoxuş yuxarı yeni tikilən məktəbə tərəf yollanırıq. Yolda rastlaşdığımız Nüşabə müəllimə də söhbətimizə qoşulur. Bu məktəbin uğurlarında rol oynayan təcrübəli müəllimlərdən danışır, onların da böyük əməyi olduğunu bildirir. Onlardan Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən Emil Əliyev, fizika müəllimi Müşfiq Xəlilov, riyaziyyat müəllimi Hüsaməddin Abutalıbov, tarix fənnini öyrədən Nüşabə Səfərova, coğrafiya müəllimi Hüseynəli Quliyev, həmçinin ibtidai sinif müəllimləri Süleyman Hüseynov, Razilə Səfərova və digərləri öz şagirdlərinə təkcə bildiklərini öyrətmirlər, həm də onları vətənpərvər böyüdürlər.
Bu yerdə kənddə məktəbin tarixçəsi ilə maraqlanıram. Nüşabə müəllimə bildirir ki, bu kənddə ilk məktəb hələ ötən əsrin lap əvvəllərində, çar hökuməti zamanı açılıb. O vaxt kənddə bir-iki sinifli məktəb olsa da, çar hökuməti dağılandan sonra 7 illik məktəb yaradılıb və çar divanxanası müəllim və şagirdlərin ixtiyarına verilib. Ta ki, 1956-cı ilə kimi. Həmin ildən 10 illik məktəbə çevrilən təhsil ocağı həm də yeni binaya köçüb. 2004-cü ildə isə muxtar respublikanın digər kəndləri kimi, Tividə də yeni məktəb tikilərək istifadəyə verilib. Onu da qeyd edim ki, bu kənd öz təhsil ənənələri ilə həmişə fərqlənib. Məzunlarımız hər il yüksək ballarla ali məktəblərə qəbul olunurlar.
Dövrün sürətli inkişaf edən texniki tələbləri bu il kənd məktəbinin əsaslı şəkildə yenidən qurulmasını şərtləndirib. Bunun da nəticəsidir ki, may ayında – ötən dərs ili yekunlaşdıqdan sonra kənd məktəbində əsaslı yenidənqurma işlərinə başlanılıb.
Kəndin mərkəzinə çatanda qaynar iş ab-havasıyla qarşılaşırıq. Ağırtonnajlı maşınların səs-küyü, usta və fəhlələrin vahid komanda kimi çalışması… Gördüklərimi fotoaparatımızın yaddaşına köçürüb tikinti işlərinə rəhbərlik edən Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin rəisi Əkrəm Salmanovla söhbətləşirik. O, məktəbdəki yenidənqurma işləri ilə yanaşı, kənddə aparılan digər tikintilər barədə də məlumat verir.
Belə ki, kənddə may ayından etibarən 3 mərtəbəli kənd mərkəzi, 3 mərtəbəli həkim ambulatoriyası, 1 mərtəbəli xidmət mərkəzi tikilir. Biləv kəndindən Tivi kəndinə kimi olan, təxminən, 15 kilometrə yaxın yol yatağı genişləndirilir.
Məktəbdə gedən işlər barədə daha ətraflı məlumat aldıq. Belə ki, ikimərtəbəli məktəbin əvvəlki dam örtüyü dəyişdirilib, məktəbin həyətindəki daş pilləkənlər travertin üzlüklərlə, taxta döşəmələr sökülərək parketlə əvəzlənib, siniflərin plastik qapıları müasir dizaynlı mebel qapılarla dəyişdirilib.
Bəzi siniflərin arakəsmələrinin sökülərək yenidən tikilməsi nəticəsində əlavə otaqlar yaradılıb. Bütün bunların nəticəsində şahmat sinfi, elektron lövhəli sinif, fizika, kimya və biologiya laboratoriyaları yaradılacaq, bufet istifadəyə veriləcək.
Kənddə aparılan tikinti-abadlıq, quruculuq işlərinin nəticəsində tivililərin sosial problemlərinin həlli daha da asanlaşacaq, tibb xidmətinin səviyyəsi müasirləşəcək, müəllim və şagirdlər daha müasir və rahat şəraitlə təmin olunacaqlar.
Bütün bunlardan sonra bu il ilk dəfə məktəbə qədəm qoyacaq 16 şagirdin hər birinin məzun olduqlarında öz müəllimlərini və valideynlərini sevindirəcəyinə daha böyük inam yaranır. Axı onlar ən son texnoloji və tədris avadanlıqları ilə təmin olunan məktəbin ilk qaranquşlarıdır. Qaranquşlar isə həmişə yaz müjdəli olurlar.
İlk dəfə gəldiyim Tivi kəndindən ayrılmaq çətin olsa da, geri qayıtmalıydıq. Kənd sakinləri ilə sağollaşarkən içimdə bir sevinc var idi. Muxtar respublikamızın daha bir kəndinə heyran olmuşdum. Növbəti dəfə bura gələndə daha müasir bir kəndlə qarşılaşacağıma əmin halda maşına əyləşib yola düzəldik. Yenə bizi qarşıda ilan kimi qıvrılan yollar gözləyirdi. Boz dağların əzəmətli duruşu fonunda yamyaşıl bir tablo kimi dayanan Tivi kəndinin ucaboylu ağacları sərin küləyə qoşulub arxamızca əl edirdilər.
Elxan MƏMMƏDOV