23 Dekabr 2024, Bazar ertəsi

Mərkəzin açılışı ilə əlaqədar keçirilən tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək Avropa təhsil prosesini özündə əks etdirən TEMPUS proqramının mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırıb.
Rektor bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağının TEMPUS proqramı ilə qarşılıqlı əməkdaşlıq şəraitində 7 layihənin iştirakçısı olması, Türkiyə universitetləri ilə qarşılıqlı müəllim və tələbə mübadiləsini nəzərdə tutan “Mövlana” Mübadilə Proqramı çərçivəsində həyata keçirilən tədbirlər, ERASMUS MUNDUS, ERASMUS-HUMERİA proqramları təhsilin və tədrisin müasir tələblər səviyyəsində qurulmasına xidmət edir.
Layihənin Xəzər Universiteti üzrə koordinatoru Baba Bayramlı çıxışında layihə çərçivəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Konfrans iştirakçılarına Azərbaycanın tərəfdaş universitetlərində Avropaşünaslıq proqramı üzrə kurikulumları araşdırdıqdan sonra gəldikləri nəticələr barədə məlumat verib.

Universitetin tədris işləri üzrə prorektoru, “Avropa Birliyi araşdırmaları sahəsində tədris planlarının işlənib hazırlanması və qabiliyyətlərin inkişaf etdirilməsi” adlı layihənin Naxçıvan Dövlət Universiteti (NDU) üzrə koordinatoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid ötən müddət ərzində görülən işlərdən bəhs edib. Qeyd olunub ki, layihə çərçivəsində gerçəkləşən səfərlər, qarşılıqlı işbirliyi və təcrübə mübadiləsi universitetdə tədrisin və təhsilin inkişafına geniş imkanlar açıb. Belə ki, tədris planları Avropa kredit transfer sisteminə uyğunlaşdırılıb, “Avropaşünaslıq” fənni seçmə fənn kimi Beynəlxalq münasibətlər ixtisasının tədris planına əlavə olunub və fənnin yüksək səviyyədə tədrisi üçün proqram və dərs vəsaiti hazırlanıb. Layihənin gələcək fəaliyyət istiqaməti universitet tələbələrinin Avropanın 4 universitetində bir aylıq təlim kurslarını təşkil etməkdir.
TEMPUS proqramında nəzərdə tutulduğu kimi, Xəzər Universitetinin koordinator olduğu və NDU-nun tərəfdaş kimi iştirak etdiyi “Avropa Birliyi araşdırmaları sahəsində tədris planlarının işlənib hazırlanması və qabiliyyətlərin inkişaf etdirilməsi” layihəsi çərçivəsində yaradılan mərkəz universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsi nəzdində fəaliyyət göstərəcək.
Mərkəzin yaradılmasında əsas məqsəd müasir Avropa təhsil təcrübəsini universitetdə tətbiq etməkdir. Avropa Birliyi Araşdırmaları Mərkəzi kompüterlərlə və müasir texniki avadanlıqlarla təchiz olunub. Burada yüksəksürətli internet şəbəkəsi mövcuddur. Yaxın günlərdə Avropada nəşr edilmiş ən son dərs vəsaitləri və pro­qramlarla təchiz olunacaq mərkəz universitetdə Azərbaycan və Avropa təhsil əlaqələrinin inkişafına öz töhfəsini verəcək.
“Avropa Birliyi araşdırmaları sahəsində tədris planlarının işlənib hazırlanması və qabiliyyətlərin inkişaf etdirilməsi” layihəsi NDU-da 2012-ci ildən həyata keçirilir. Ötən dövr ərzində universitetin Tədris şöbəsinin əməkdaşlarının və müvafiq kafedraların müəllimlərinin İtaliyanın Genovo, Polşanın Lodz, Portuqaliyanın Lusofona və Niderland Krallığının Leiden universitetlərinə səfərləri olub, təcrübə mübadiləsi əsasında tədris planları, birgə dərs vəsaitləri hazırlanıb və onlayn mühazirələr təşkil edilib.

Mina QASIMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR