23 Dekabr 2024, Bazar ertəsi

Təhsilli gənclik hər bir ölkənin intellektual sərvətidir. Bu sərvətdən səmərəli istifadə, müxtəlif sahələr üzrə mütəxəssislərin hazırlanması qarşıda duran əsas vəzifədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu məsələnin vacibliyini nəzərə alaraq demişdir: “Gənclərimiz yaxşı oxumalıdır, bilik sahibi olmalıdır, peşəkar olmalıdırlar. Çünki bu gün Azərbaycanda bütün imkanlar var. İqtisadiyyat inkişaf edir, yeni iş yerləri, yeni sənaye müəssisələri, xidmət sahələri açılır. Peşəkar kadrlara böyük ehtiyac var. Mən çox istəyirəm ki, bizim əsas, aparıcı sahələrimizin inkişafında Azərbaycan gənc­ləri öz rollarını oynasınlar”.

Naxçıvan Muxtar Respublikasında təhsilin bütün pillələri kimi peşə təhsilinin inkişaf strategiyası hələ müstəqil dövlət quruculuğunun ilk illərində ümummilli lider Heydər Əliyev tərəfindən hazırlanmışdır. Günü-gündən yeniləşən Naxçıvan özünün hazırkı sürətli inkişaf dövründə ötən hər ili sosial-iqtisadi həyatda əldə olunan mühüm nailiyyətlərlə başa vurur. Bu illərdə uğurla həyata keçirilən dövlət proqramları əsasında muxtar respublikanın sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.

Ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ixtisaslı kadrlara yaranan tələbatın ödənilməsi, habelə əhalinin müasir peşə təhsili almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli texniki-peşə təhsili sisteminin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş və icrası uğurla başa çatdırılmış “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” mühüm əhəmiyyət daşıyan sənəd olmuşdur. Dövlət proqramının tələblərinin yerinə yetirilməsi və bu gün muxtar respublikamızın həyatında baş verən sosial-iqtisadi dəyişikliklər, yeni sənaye və xidmət sahələrinin yaradılması, müasir informasiya texnologiyalarının tətbiqi muxtar respublikamızda peşə təhsilinin inkişafı və bu yolla ixtisaslı işçi kadrlarının yetişdirilməsini də zəruri etmişdir. Bu mənada, peşə təhsili sisteminin genişləndirilməsi muxtar respublikada daim diqqət mərkəzində saxlanılmış, 2009-cu ildə Naxçıvan şəhərində peşə liseyi istifadəyə verilmişdir. Qeyd edilməlidir ki, Naxçıvan Şəhər Peşə Liseyi artıq beş ildir, kadr hazırlığını və məzun buraxılışını həyata keçirir. Liseydə peşə hazırlığını yüksək səviyyədə təşkil etmək üçün lazımi şərait yaradılmışdır. Burada təhsil alanlar yataqxana və gündəlik isti yeməklə təmin olunurlar. Peşə liseyi bazar iqtisadiyyatına uyğun yeni ixtisaslar açılmasına stimul yaradır və muxtar respublikamızda ixtisaslı işçi kadrlarının yetişdirilməsində mühüm rol oynayır.
Ofisiant, turizm bələdçisi, kompüter istifadəçisi, qazanxana maşinisti, elektrik-qaz qaynaqçısı, kommersiya agenti, meyvə-tərəvəz ustası, əməliyyatçı mühasib, dərzi, inşaat rəngsazı, xalçaçı və sair ixtisaslara olan ehtiyacları ödəyə biləcək texniki-peşə təhsili şəbəkəsinin genişləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
İqtisadiyyatın inkişafı ilə əlaqədar ən müasir elektron texnologiyalarla təchiz olunmuş maşın və mexanizmlərin muxtar respublikamıza gətirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində istifadə edilməsi onların təhsilli və ixtisaslı kadrlar tərəfindən idarə olunmasını tələb edir. Odur ki, 2012-ci ildə Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəb Kompleksi istifadəyə verilmişdir. Yüksək şəraitə və maddi-texniki təchizata malik olan məktəbdə 4 elektron lövhəli sinif, 2 metodik kabinə, 2 avtotrenajor sinfi, internetə qoşulmuş 18 kompüteri olan 1 sinif otağı vardır. 2014-cü ildən Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəbi Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Bu da məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsinə, təlimlərin səmərəli təşkili və müdavimlərin yüksək səviyyədə hazırlanmasına geniş imkanlar açmışdır. Məktəbdə yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrinin idarəetmə məsələləri üzrə təcrübi təlimlər keçirilir. Bunun üçün 8 avtotrenajordan istifadə olunur. Təlim kursu başa çatdıqdan sonra müdavimlər bilik, bacarıq və vərdişlərinin, eləcə də sürücülük hazırlıqlarının səviyyəsini müəyyən etmək üçün imtahan verirlər. 2015-ci ilin 6 ayında məktəbdə “B”, “C”, “BC”, “D” və “E” kateqoriyaları üzrə 50 qrup açılmış, qruplarda 1478 nəfər müdavim təhsil almışdır.
Xalqımıza məxsus milli sərvətlərimizdən olan xalçaçı sənətinin qorunub saxlanılması və müasir dövrdə gənclərimizə aşılanması üçün bu sahə üzrə mütəxəssislərin hazırlanmasının vacibliyi, bununla yanaşı, ən müasir rabitə, informasiya texnologiyaları və xidmət sahələrinə artan tələbat yeni peşə ixtisaslarının yaradılmasını tələb edir. Bu tələbatın zəruriliyi nəzərə alınaraq ötən il Şərur Texniki-Peşə və Sürücülük Məktəb Kompleksi istifadəyə verilmişdir. Şərur şəhərində fəaliyyət göstərən, dünya standartlarına cavab verən, yüksək maddi-texniki baza ilə təchiz olunan və gələcəkdə muxtar respublikanın müxtəlif sahələrini əhatə edə biləcək ixtisaslı kadrların hazırlanması üçün yeni inşa olunmuş 360 şagird yerlik məktəbdə 11 elektron lövhəli sinif, 21 kompüteri olan 1 sinif, 4 emalatxana, 83 yerlik yataqxana, yeməkxana, sürüş təlimi üçün məşq meydançası, mini-futbol meydançası və idman zalı fəaliyyət göstərir. İlkin mərhələdə məktəbə 11 ixtisas üzrə 220 şagird qəbul edilmişdir. Gələcəkdə real bazarın tələblərini nəzərə alaraq qadın bərbəri, bərbər, qaz təsərrüfatı avadanlıqlarının təmiri üzrə çilingər, kompüter istifadəçisi, traktorçu-maşinist, xalçaçı, kəndin elektrikləşdirilməsi və rabitəsi üzrə elektrik montyoru, qazanxana maşinisti, aşpaz köməkçisi, ofisiant və sürücülük peşələri üzrə qəbul aparılmışdır. Yaradılmış şərait şagirdlərin peşəyə olan marağının artırılmasına, peşə təlimi istiqamətinin daha da inkişaf etdirilməsinə stimul yaratmış, bu günədək məktəbə 13 peşə ixtisası üzrə 585 nəfər müdavim qəbul olunmuşdur. Müdavimlərdən 455 nəfəri təhsilini başa vuraraq şəhadətnamə ilə təmin olunmuş və əksəriyyəti istehsalatın müxtəlif sahələrində işlə təmin edilmişdir.
2014-2015-ci tədris ilində Ordubad Peşə Məktəbində elektrik-qaz qaynaqçısı, kommersiya agenti, meyvə-tərəvəz ustası, əməliyyatçı mühasib, dərzi və inşaat rəngsazı peşə ixtisasları üzrə 116 nəfər müdavim, Culfa Peşə Məktəbində əməliyyatçı mühasib, traktorçu-maşinist, elektrik-qaz qaynaqçısı, tikiş avadanlıqları operatoru, tikişçi və dərzi peşə ixtisasları üzrə 75 nəfər müdavim, Naxçıvan Şəhər Peşə Liseyində bərbər-manikürçü, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, traktorçu-maşinist, elektrik-qaz qaynaqçısı və arıçı peşə ixtisasları üzrə 60 nəfər müdavim illik qruplara qəbul edilmişdir. Məlumat üçün qeyd etmək istərdik ki, bu tədris ilində muxtar respublikanın ilk peşə təhsili müəssisələrini 272 məzun bitirmiş və onların əksəriyyəti istehsalatın müxtəlif sahələrində ixtisaslı işçi kadr kimi əmək fəaliyyətinə başlamışdır.
Ümumilikdə, bu tədris ilində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan peşə təhsili müəssisələrindən 2943 nəfər müdavim məzun olmuşdur.
Peşə təhsili müəssisələrində şagirdlərin istehsalat təcrübəsinin keçirilməsi daim diqqətdə saxlanılan məsələlərdəndir və bu proses üçün təhsil müəssisələrində lazımi şərait yaradılmışdır. İstehsalat təcrübəsi istehsalat təliminin yekun mərhələsi olub, əsas vəzifəsi öyrənilən ixtisas üzrə şagirdlərin bilik, bacarıq və vərdişlərini möhkəmləndirməkdən, təkmilləşdirməkdən və onlarda əməyə dərin məhəbbət hissi aşılamaqdan ibarətdir.
Muxtar respublikada fəaliyyət göstərən peşə təhsili müəssisələrində oxuyan şagirdlərin nəzəri biliklərinin praktik bacarıqları ilə əlaqəli şəkildə inkişaf etdirilməsi məqsədilə hər bir ixtisasa uyğun gələn istehsalat sahəsi ilə təhsil müəssisələri arasında müqavilələr bağlanılır. Həmin müqavilələrə uyğun olaraq, şagirdlər istehsalat təlimi ustalarının nəzarəti altında ixtisaslarına uyğun olan sahə üzrə istehsalat təcrübəsi keçirlər. Nəzəri biliklərin praktikada möhkəmləndirilməsini təmin edən istehsalat təcrübəsinin sonunda hər bir şagird üçün istehsalat xasiyyətnaməsi verilir ki, bu da onların buraxılış imtahanlarında iştirakına zəmanət verir. Ali Məclis Sədrinin Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında sərəncamından irəli gələn vəzifələri yerinə yetirmək üçün peşə təhsili müəssisələrində tədris prosesində muzeylərlə interaktiv əlaqənin təşkili və elektron təhsil texnologiyalarından səmərəli istifadə üçün elektron təhsilin tətbiqinin genişləndirilməsi məqsədilə müəyyən işlər görülmüşdür. Heydər Əliyev Muzeyi, Naxçıvan Dövlət Tarix Muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi, Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Xatirə Muzeyi, Cəmşid Naxçıvanskinin ev-muzeyi ilə interaktiv əlaqə təmin edilmişdir.
Təhsilin bütün sahələrində olduğu kimi, peşə təhsilinə də göstərilən qayğı davam etdirilir. Bunun bariz nümunəsidir ki, Ordubad Texniki-Peşə və Sürücülük Məktəbinin binası yenidən qurulur. Gələcəkdə bu peşə təhsili müəssisəsi də müasir avadanlıqlarla təchiz edilmiş yeni binada fəaliyyət göstərəcəkdir.
Bütün bu sadalananlar muxtar respublika rəhbərinin həyata keçirdiyi uğurlu təhsil siyasətinin, təhsilimizə göstərilən diqqət və qayğının məntiqi nəticəsidir.

Naxçıvan Muxtar Respublikasında elm və təhsilin vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Bu gün hərbi quruculuğun təxirəsalınmazlığı ölkəmizin düşdüyü müharibə vəziyyəti ilə bağlıdırsa, təhsil sahəsinə diqqətin təxirəsalınmazlığı ölkəmizin gələcəyi ilə bağlıdır. Odur ki, təhsil dünən olduğu kimi, bu gün də, gələcəkdə də bir nömrəli vəzifələr sırasında dayanacaqdır”.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR