Şərur təhsilinin dünənindən bu gününə ekskurs
Müdriklərimiz deyiblər ki, elm və bilik öyrənməyə tələs. Çünki bunlar əldən heç bir zaman çıxmayan miras, bezilməyən yoldaş, insanın bəzəyi və hər bir kəsin bütün ömürboyu möhtac olduğu dəyərlərdir. Bu iki dəyəri əldə etməyin yolu isə təhsildən keçir. Bu gün ölkəmizdə təhsil sahəsində dövlət siyasətinin əsasını təhsilin uzunmüddətli dövr üçün əsas inkişaf istiqamətlərini müəyyən edən milli təhsil konsepsiyası və təhsil sisteminin inkişafını nəzərdə tutan dövlət proqramları təşkil edir. Müasir konsepsiya və proqramların əsas tələblərindən biri də milli-mənəvi və ümumbəşəri dəyərlərə dərindən yiyələnən, onları qoruyan və inkişaf etdirən, geniş dünyagörüşə malik olan, təşəbbüs və yenilikləri qiymətləndirməyi bacaran, təhsil aldığı ixtisas üzrə nəzəri və praktik biliklərə tamamilə sahiblənən, yenilikçi təfəkkürlü mütəxəssislər hazırlanmasıdır. Odur ki, muxtar respublikada bu sahəyə xüsusi diqqət yetirilir, təhsilimizin möhkəm təməllər üzərində qurulmasına şərait yaradılır.
Təhsilsiz insan cilasız aynaya bənzər, təhsilli isə öz azadlığını özü təmin edər. Yaxşı təhsil almış övlad yetişdirmək, o övladı hər hansı bir sahədə uğur qazanan biri kimi cəmiyyətin ən ali təbəqələrindən birində görmək hər bir valideynin ən böyük arzusudur. Təbii ki, dövrün və zamanın tələbləri hər bir gəncin təhsilinə öz müsbət və ya mənfi təsirini göstərir. Dünyanın bəzi ölkələrində yaxşı təhsil almaq üçün yaxşı maddi vəziyyət, bəzi ölkələrində yaxşı şərait tələb olunur. Uşaqların maddi çətinliklər, yararsız infrastruktur üzündən məktəbə gedə bilmədikləri ölkələr də var.Vaxtilə bu fikirlər bizim təhsilimiz üçün də deyilib. Ancaq ötən əsrin doxsanıncı illərinin ortalarından başlayaraq hər şey dəyişilib. Gündən-günə qüdrətlənən dövlətimiz elm, bilik arxasınca gedən hər bir şagirdin, yeniyetmənin və tələbənin qarşılaşdığı hər bir çətinlikdə onun yanında olub. İndi kənardan universiteti xatırladan orta məktəblərimiz də var, təhsilin keyfiyyətində başlıca amillərdən olan ən müasir texnologiyalar da. Naxçıvan şəhərindən tutmuş ucqar dağ kəndlərinə qədər hər bir yaşayış məntəqəsi təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən bəhrələnib. Şərur rayonunda son illərdə bu sahədə görülən işlərin miqyası buna əsaslı sübutdur.
Beləliklə, Şərur təhsilinə doğru açılan pəncərədən keçmişə boylanıb bu günün qapılarını açırıq. Sonsuz bir maraqla “Bu günümüzdə nələr var?”– deyib yolumuzu rayonun geniş, işıqlı siniflərlə, ən müasir avadanlıqlarla təchiz edilən məktəblərindən salır, təhsil işçiləri ilə, qocaman və gənc pedaqoqlarla rayon təhsilinin indiki vəziyyəti, perspektivlər, vəzifələr haqda söhbət açır, müəllim fikrinin, müəllim düşüncəsinin işıq saldığı məsələləri müzakirə edirik.
Uzun illər uşaqlara elmin sirlərini öyrədən Muğanlı kənd tam orta məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi İsa Hüseynovla söhbət zamanı öz təcrübəsindən yola çıxaraq deyir ki, səriştəli, peşəkar pedaqoq olmaq üçün müntəzəm axtarışda olmaq, oxumaq, öyrənmək lazımdır. Hər bir təhsil işçisi, müəllim yadda saxlamalıdır ki, insana xas olan qüsurların ən pisi qeyri-peşəkarlıqdır. Müəllim elə bir insan – mütəxəssis olmalıdır ki, uşaqlar, gənclər ondan öyrənməyə can atsınlar. Təsadüfi deyil ki, xalq belə bir deyim formalaşdırıb: “Müəllim o kəs deyil ki, öyrədir, o kəsdir ki, ondan öyrənirlər”. Burada bilik, bacarıq, peşəkarlıqla yanaşı, etik normalara riayət edilməsi nəticəsində formalaşan müəllim nüfuzunun da böyük rolu vardır. Sevindirici haldır ki, rayon təhsili üçün intibah dövrü sayılan son 20 ildə Şərur məktəblərində təlim-tərbiyəsi etibar olunan uşaqların gələcək taleyi üçün yüksək mənəvi məsuliyyət nümayiş etdirən müəllim təbəqəsi formalaşıb. Bunun əsas səbəblərindən biri də müəllim əməyinə dövlətimiz tərəfindən verilən yüksək qiymətdir.
Son illərdə Şərur rayonunda 35 yeni məktəb binası tikilib və yaxud əsaslı təmir olunduqdan sonra şagirdlərin istifadəsinə verilib. Təkcə 2014-2015-ci tədris ilində 198 şagird yerlik Axura, 198 yerlik Dizə, 88 yerlik Diyadin məktəbləri üçün binalar tikilərək şagirdlərin ixtiyarına verilib. Cəlilkənd tam orta məktəbinin binasında əsaslı təmir işləri aparılıb. Rayonun Kürkənd məktəbi də öz qapılarını müəllim və şagirdlərin üzünə açıb. Bu gün rayon məktəblərində 793 kompüter işlək vəziyyətdədir və onlardan 642-si internetə qoşulub. Məktəblərdə 127 elektron lövhə quraşdırılıb. Bu tədris ilində məktəb kitabxanalarına 4200 bədii ədəbiyyat verilib. Bütün bunlar qazanılan nailiyyətlərin təməlini yaradan işlərdir.
Ümumtəhsil məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi və həyata keçirilən digər tədbirlər təhsilin səmərə və keyfiyyətinin yaxşılaşdırılmasına öz təsirini göstərir. Belə ki, 2015-ci ildə tam orta məktəbləri bitirən 664 nəfərdən 3 nəfəri qızıl medala, 2 nəfəri isə gümüş medala layiq görülüb. Ali və orta ixtisas məktəblərinə sənəd verən məzunların sayı bu il 508 nəfərə çatıb ki, bu da ümumi məzunların 76,5 faizini təşkil edir. Aparılan təhlillər onu deməyə əsas verir ki, təhsil sahəsində nəticələr ötən ildəkindən daha da sevindiricidir. Rayon üzrə yüksək nəticə göstərən 47 nəfər məzundan 13 nəfəri I qrup üzrə, 9 nəfəri IV qrup, 5 nəfəri II qrup, 20 nəfəri isə III qrup üzrə yüksək bal toplayıblar. Sevindirici haldır ki, I qrup üzrə Zeyvə kənd tam orta məktəbinin məzunu Əli Allahverdiyev 700 bal toplayaraq ölkə üzrə rekord nəticə əldə edib. III qrup üzrə Kürkənd tam orta məktəbinin məzunu Təranə İsmayılova 692 bal, IV qrup üzrə Alışar kənd tam orta məktəbinin məzunu Elşən Cəfərov 686 bal toplayaraq Azərbaycan üzrə ən yüksək nəticə əldə edən məzunlar sırasında yer tutublar.
Şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına ciddi diqqət yetirilir. Çünki bu günün gənci bilməlidir ki, Vətən bizə ata-baba əmanətidir. Onu qorumaq da bizim vəzifəmizdir. Bu məqsədlə məktəblərdə ənənəvi olaraq keçirilən “Cəsurlar”, “Şahin”, “Sərhəd” hərbi-idman və turizm oyunlarında məktəblilər fəal iştirak edirlər. Bu gün tam orta məktəblərin pedaqoji kollektivlərinin qarşısında gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində məsul və təxirəsalınmaz vəzifələr qoyulması heç də təsadüfi deyildir. Bu sahədə Şərur rayonunun məktəblərində toplanan qabaqcıl təcrübə hərbi-vətənpərvərlik tərbiyəsini daha məzmunlu və məqsədəuyğun şəkildə aparmağa imkan verir. Rayonun pedaqoji kollektivləri hərbi-vətənpərvərlik tərbiyəsinin forma və üsullarından istifadə etməklə ona nail olmağa çalışırlar ki, həqiqi vətənpərvərliyin məzmununu şagirdlər düzgün dərk edə bilsinlər.
Fiziki tərbiyə və idman dövlət üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Bu gün muxtar respublikanın bütün bölgələri kimi, Şərur rayonunda da yeniyetmə və gənclərin idmanla məşğul olması üçün əlverişli şərait yaradılıb, şagird və tələbələr arasında idmanın müxtəlif növlərinə maraq xeyli artıb. Hazırda rayonun bütün məktəblərində şahmat fənni tədris olunur. Ötən müddət ərzində aparılan müşahidə və təhlillər göstərib ki, şahmat fənninin tədrisi şagirdlərin böyük marağına səbəb olmaqla, onların idraki fəallığını xeyli artırır, düşünmə qabiliyyətlərini gücləndirir. Bütün bunların nəticəsində şagirdlərin digər fənlər üzrə göstəriciləri də nəzərəçarpacaq dərəcədə yüksəlib. Fənnin tədrisi sahəsində qazanılan uğurlar şahmat təliminin daha yüksək səviyyədə davam etdirilməsinə və şahmatın əhatə dairəsinin genişləndirilməsinə etibarlı zəmin yaradır.
Ulu öndərimiz Heydər Əliyev deyirdi: “Asudə vaxt problemdir, bunun həll edilməsi ailə və şəxsiyyətin, kollektivin və bütövlükdə cəmiyyətin mənəvi sağlamlığını möhkəmləndirməyə kömək edir”. Bu baxımdan məktəblilərin asudə vaxtının düzgün qurulmasında məktəbdənkənar təhsil müəssisələrinin böyük rolu vardır. Rayon Təhsil Şöbəsinin nəzdində 6 məktəbdənkənar müəssisə – Uşaq-gənclər idman məktəbi, Texniki Yaradıcılıq Mərkəzi, Ekoloji Tərbiyə Mərkəzi, Uşaq-gənclər şahmat məktəbi, Turist-Diyarşünaslıq Mərkəzi, Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir, məktəblilərin asudə vaxtının səmərəli təşkilinə öz töhfələrini verirlər.
“Ekoloji biliklərin mənimsənilməsi də uşaqlara təbiəti daha yaxşı tanımalarında və sevmələrində, ətraf mühiti qorumalarında və beləliklə, gələcəkdə baş verə biləcək ekoloji təhlükələrin qarşısının alınmasında kömək edəcəkdir”. Bunu rayon Ekoloji Tərbiyə Mərkəzinin direktoru Vaqif Cabbarov deyir. Onun Şərur rayonunda təhsilin inkişafı ilə bağlı dediklərindən: – Son 20 ildə muxtar respublikada, eləcə də Şərur rayonunda təhsilin keyfiyyətlə həyata keçirilməsi üçün yeni məktəb binaları tikilib, zəruri infrastruktur yaradılıb. Onu da deyim ki, istedadlı uşaqlar üçün inkişafetdirici proqramların tətbiqinə başlanılması rayon təhsilində yeni bir mərhələnin əsasını qoyub. Rayon məktəblərində elektron təhsilin tətbiqi əhəmiyyətli şəkildə genişləndirilib, müəllim və şagirdlər üçün virtual öyrənmə mühiti formalaşdırılıb. Sözsüz ki, bütün bu amillər, son nəticədə, rayonda təhsilin inkişafına xidmət edir. Məktəblilərə bu fikirlər aşılanır ki, dövlətimiz tərəfindən çəkilən xərclər o məqsədi daşıyır ki, sabah gənclərimiz dövlətimiz və cəmiyyətimiz üçün faydalı insanlar olsunlar.
Şərurda təhsilin inkişafı ilə bağlı rayon Təhsil Şöbəsinin əməkdaşı, şair-publisist İbrahim Yusifoğlu deyir ki, məktəbli və müəllimlər üçün rahat, işıqlı siniflər, fənn kabinələri yaradılıb. Ən yeni texnologiyalar bilik öyrədənlərin və öyrənənlərin ixtiyarına verilib. Şagirdlərə isti və işıqlı siniflərdə dərs keçilir. Uçuq-sökük, qaranlıq, qapı-pəncərəsi qırıq, soyuq və şəraitsiz məktəblərdən, bu məktəblərə aparan palçıqlı yollardan əsər-əlamət qalmayıb. Bütün bunların qarşılığında isə zəif oxumağa uşaqların mənəvi haqqı yoxdur. Ona görə də bu günün məktəblisi öz üzərində səylə çalışmalı, oxumalı, öyrənməlidir. Vaxtilə milli maarifçilik hərəkatının öncülləri olan Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Mirzə Şəfi Vazeh, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məhəmməd Tağı Sidqi, Firidun bəy Köçərli və digər görkəmli şəxsiyyətlərin insanların təhsil almasında gördükləri işlər, çəkdikləri əziyyətlər əsl fədakarlıq və vətənpərvərlik nümunəsidir. Muxtar respublikada, eləcə də Şərur rayonunda təhsil sahəsində qazanılan nailiyyətlər bir daha göstərir ki, o fədakarlıqlar indi də davam etdirilir. İndi bu fədakarlıqlar təkcə ayrı-ayrı şəxslər tərəfindən deyil, dövlətimiz, təhsilimizin qayğısına qalan rəhbərimiz tərəfindən edilir. Bu da gələcəyimizin daha etibarlı əllərdə olacağına əminlik yaradır, daha xoş sabahlara təminat verir.
“Əgər düzgün fikri tez-tez təkrar etsən, o, öz təsir gücünü itirər”, – deyirlər. Ancaq Şərur rayonunda təhsilin inkişafına göstərilən dövlət qayğısını, əldə olunan uğurları, təhsil işçilərinin fədakarlığını gördükdən sonra, necə deyərlər, bu fikirlə razılaşa bilmirəm. Rayonda gördüklərimdən sonra məndə “Gələcəyimiz etibarlı əllərdədir, parlaqdır, işıqlıdır” fikri formalaşıb. Bu fikri isə nə qədər təkrar etsəm, öz təsirini itirə bilməz. Çünki fikirlərimin arxasında konkret faktlar, təhsilimizi intibaha qovuşduran addımlar, ucqar dağ kəndlərimizdəki möhtəşəm məktəb binalarının timsalında əzmkarlıq nümunələri dayanır.
Səbuhi HÜSEYNOV
Yazı “Naxçıvan: müstəqillik illərində” gənclər
arasında yaradıcılıq müsabiqəsinə təqdim olunmaq üçündür