23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində 2015-2016-cı tədris ilinin birinci semestrinə aid pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib.

Konfransı universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq vurğulayıb ki, pedaqoji təcrübə tələbələrin ali təhsil zamanı aldıqları nəzəri bilikləri sınaqdan çıxarmaları, pedaqoji mühitə alışmaları, müəllimlik sənətinin sirlərinə daha dərindən yiyələnmələri, ümumtəhsil məktəbləri ilə əməkdaşlığın möhkəmləndirilməsi, yüksək intellektli müəllim hazır­lanması baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədris şöbəsinin müdiri, dosent Rafiq Rəhimov bildirib ki, universitetin 6 fakültəsinin pedaqoji profilli 16 ixtisası üzrə 365 nəfər III-IV kurs tələbəsi muxtar respublikanın 17 tam orta məktəbində, o cümlədən Babək rayonunun Şıxmahmud və Kərimbəyli kəndlərindəki tam orta məktəblərdə təcrübədə olacaq. Rafiq Rəhimov sənədləşmə işləri – təcrübə jurnallarının, məktəb rəhbərlərinin və təcrübəçilərin iş planlarının, icmal və gündəliklərin, hesabatların hazırlanması, qiymətləndirmə sistemi, açıq dərslərin, kütləvi tədbirlərin təşkili barədə məlumat verib, təcrübəçi tələbələrin, metodistlərin, məktəb müdiriyyətinin üzərinə düşən vəzifələrdən danışıb.

Konfransda Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının baş müəllimi Rövşən Bağırov “Metodistlərin təcrübə dövründə yerinə yetirəcəyi işlər”, Pedaqogika və psixologiya kafedrasının əməkdaşı, psixologiya üzrə fəlsəfə doktoru Sevinc Orucova “Təcrübə dövründə pedaqogika və psixologiya üzrə görüləcək işlər” barədə məruzələr ediblər.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin aparat rəhbəri Rəşad Xudiyev konfransa yekun vuraraq bildirib ki, muxtar respublikada təhsilin inkişafına göstərilən dövlət qayğısı öz bəhrəsini verməkdədir. Bunu son onilliyin statistik göstəriciləri də təsdiq edir. Belə ki, muxtar respublikanın ümumtəhsil məktəblərinin məzunlarından ali məktəblərə yüksək balla qəbul olanların sayı 2004-2005-ci tədris ilində 87 nəfər idisə, 2014-2015-ci tədris ilində bu rəqəm 313-ə çatıb. Fərəhləndirici haldır ki, onlardan 144 nəfəri ali təhsil almaq üçün məhz Naxçıvan Dövlət Universitetini seçib. Bu il yüksək bal toplayaraq Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülən 8 tələbədən 4-ü Naxçıvan Dövlət Universitetində təhsil alır.
Qeyd olunub ki, muxtar respublikanın tam orta məktəblərində təcrübəçi tələbələrin pedaqoji prosesi əyani şəkildə öyrənmələri, bilik və peşə vərdişlərini yaxşı mənimsəmələri üçün hər cür şərait yaradılıb.
Konfransda ötən tədris ilindəki pedaqoji təcrübələri əks etdirən slaydlar nümayiş olunub.

Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR