Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanı ilə hər il sentyabrın 15-i ölkəmizdə Bilik Günü kimi qeyd olunur.
Xalqımız hər zaman elm və təhsilin inkişafına böyük önəm vermişdir. Müdriklərimiz, ziyalılarımız cəmiyyətin inkişafını təhsildə görmüş, insanların savadlanması, gənclərin elm, bilik öyrənməsi qayğısına qalmışlar. Azərbaycanda Bilik Gününün hər il böyük uğurlarla qarşılanması, yeni dərs ilinə bayram əhval-ruhiyyəsi ilə başlanması da təhsilin cəmiyyət həyatında mühüm yer tutmasının nəticəsidir.
Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində müəyyənləşdirdiyi təhsil strategiyası ölkəmizdə bu sahənin davamlı inkişafının əsasını qoymuşdur. “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”, – deyən ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında müstəqillik illərində bu sahədə daha geniş islahatlar həyata keçirilmiş, Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoymuşdur. Bu gün də ulu öndərin siyasi xəttini bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində təhsilin inkişafı dövlət siyasətinin əsas prioritet istiqaməti kimi müəyyənləşdirilmiş, kompleks tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.
Naxçıvan Muxtar Respublikasında da ulu öndərin müəllifi olduğu təhsil strategiyası uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı nəticəsində son illər muxtar respublikada müasir təhsil infrastrukturu yaradılmışdır. Son 10 ildə muxtar respublikada 66 min 736 şagird yerlik 165 məktəb binasının tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilməsi təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirlərin daha bir ifadəsidir.
Hər il olduğu kimi, bu il də muxtar respublikanın hər yerində geniş vüsət alan quruculuq və abadlıq işlərinin önündə təhsil müəssisələrinin tikintisi dayanır. Belə ki, 2015-ci ilin birinci yarısında Şərur rayonunda Kürkənd, Cəlilkənd, Babək rayonunda Qoşadizə, Ordubad rayonunda Ordubad şəhər 3 nömrəli tam orta məktəbləri üçün binalar şagird və müəllimlərin, Kəngərli Rayon Təhsil Şöbəsi üçün inzibati bina isə təhsil işçilərinin istifadəsinə verilib. Hazırda muxtar respublikada 2 orta ixtisas, 1 peşə, 16 orta ümumtəhsil məktəbi və yeni yaradılmış Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey üçün müasir binaların tikintisi və ya əsaslı şəkildə yenidən qurulması davam etdirilir.
Muxtar respublikada təhsil müəssisələrinin müasir tədris vəsaitləri və informasiya texnologiyaları ilə təminatına xüsusi diqqət yetirilir. Artıq məktəblər ən müasir informasiya-kommunikasiya texnologiyaları və zəngin kitabxana fondu ilə təchiz olunmuşdur. Bu günədək ümumtəhsil məktəblərində 600-ə yaxın elektron lövhə və 3700 dəst kompüter quraşdırılmış, onların 84 faizi internet şəbəkəsinə qoşulmuşdur. Muxtar respublikanın ümumtəhsil məktəblərinə 627 min 643 nüsxə latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyat və 2 milyon 83 min 28 nüsxə dərslik, 16 min 720 xəritə, müxtəlif fənlərə dair 86 min 750 plakat, ayrı-ayrı fənlərin tədrisi üçün 2 min 140 ədəd elektron tədris vəsaiti verilmişdir.
Müasir maddi-texniki bazanın formalaşdırılması təhsildə mütərəqqi üsulların tətbiqinə geniş imkanlar açmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası artıq öz bəhrəsini verir. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələr təşkil edilir, gənclər elmi biliklərlə yanaşı, milli-mənəvi dəyərlərimizi, tariximizi, mədəniyyətimizi ən mütərəqqi üsullarla mənimsəyirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”na uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumtəhsil məktəblərinə cəlbi diqqət mərkəzində saxlanılır. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzinin yaradılması da bu tədbirlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət kəsb edir. Məhz bununla muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası və onların təhsil hüquqları təmin edilmişdir. Bu gün mərkəzdə 18 hərəkət qabiliyyəti məhdud şagird təhsil alır, onların təhsili ilə 4 müəllim məşğul olur.
Muxtar respublikada təhsil müəssisələrinin pedaqoji kadrlarla təminatı sahəsində də ardıcıl tədbirlər həyata keçirilir. Hər il təhsil yarmarkalarının təşkil edilməsi bu istiqamətdə atılan ən mühüm addımlardandır. Bu il sentyabrın 4-də keçirilən növbəti təhsil yarmarkasında göndəriş alan 136 gənc kadr ümumtəhsil məktəblərində pedaqoji fəaliyyətə başlayacaqdır. Bütün bunlar məktəblərin pedaqoji kadr təminatının yerinə yetirilməsi ilə yanaşı, həm də gənclərin məşğulluğunun təmin olunmasına mühüm töhfə verir.
Bu gün Naxçıvanda qabaqcıl təhsil mühiti formalaşdırılmış, şagirdlərin təhsilə marağı artmışdır. Bütün bunların da nəticəsidir ki, ali və orta ixtisas məktəblərinə qəbulun nəticələri ilbəil yüksəlir. Bu il muxtar respublikanın ümumtəhsil məktəblərini bitirən 2638 gənc ali məktəblərə qəbul üçün sənəd vermiş, onlardan 1582-si ali məktəblərə qəbul olunmuşdur. Tələbə adını qazananların 313-ü 500-700 arası bal toplamışdır. Ötən il ümumi orta təhsil bazasından orta ixtisas məktəblərinə sənəd verən məzunlardan 255-i tələbə adını qazanmışdırsa, bu il bu göstərici 310-a çatmışdır.
Məktəblərdə şagirdlərin elmi biliklərlə yanaşı, sağlam və yüksək vətənpərvərlik ruhunda böyüdülməsinə də xüsusi qayğı ilə yanaşılır, hərbi hazırlıq və idman dərslərinə böyük əhəmiyyət verilir. Bunun nəticəsidir ki, son illər gənclər arasında hərbi təhsilə maraq da xeyli artmışdır. 2015-ci ildə muxtar respublikanın ümumtəhsil məktəblərindən 251 şagird Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşdur. Həmçinin Hərbi Liseyin məzunlarından 36-sı xüsusi təyinatlı ali hərbi məktəblərə, 203-ü isə ölkənin müxtəlif ali hərbi məktəblərinə qəbul olunub.
Naxçıvanda ali təhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi də həyata keçirilən təhsil islahatlarının tərkib hissəsidir. Yeni tədris korpuslarının tikilməsi, müasir informasiya texnologiyalarının tətbiqi, dünya təhsil sisteminə inteqrasiya ali təhsil sahəsində uğurlu nəticələrin qazanılmasına, tələbələrin ixtisaslı kadr kimi yetişməsinə imkan verir. Bu il “Naxçıvan” Universiteti üçün müasir tədris kompleksinin inşa olunması da bu sahədə görülən işlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov gənclərə müraciət edərək demişdir: “Bu gün kitab oxumaq, yaxşı təhsil almaq işin yalnız bir tərəfidir. Əsas məsələ özünü yüksək ixtisaslı kadr kimi hazırlamaqdır. Ona görə də seçdiyiniz ixtisasa dərindən yiyələnməli, kamil mütəxəssis kimi yetişməlisiniz”. Ali Məclis Sədrinin bu tövsiyələri tələbə-gənclərin gələcək fəaliyyətinin müəyyənləşdirilməsində, onların layiqli vətəndaş, yüksək ixtisaslı kadr kimi yetişməsində mühüm əhəmiyyətə malikdir.
Azərbaycanda təhsilin inkişafı ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin ən uğurlu nəticələrindəndir. Təhsil sahəsində əldə olunan uğurlar isə ölkəmizin daha parlaq gələcəyinin təminatıdır.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti