23 Dekabr 2024, Bazar ertəsi

Bu gün Bilik Günüdür. Minlərlərlə şagird, tələbə yeni dərs ilinə başlayacaq. Sevindirici haldır ki, muxtar respublika ötən tədris ilini uğurla başa vurdu, təhsil ocaqlarımız bir sıra nailiyyətlərə imza atdılar. Həmin təhsil müəssisələrindən biri də Naxçıvan Qızlar Liseyidir. Yaradılan şərait hesabına lisey Azərbaycanın ümumtəhsil məktəbləri sırasında qabaqcıl yerlərdən birini tutub. Bu il liseyi 31 nəfər bitirib, onların hamısı tələbə adını qazanıb. 10 nəfər isə 500-700 arası bal toplayıb. Həmin gənclərdən birini – Ayşənur Hüseynəliyevanı oxucularımızla yaxından tanış edək:

– Mən Şahbuz rayonunun Biçənək kəndində anadan olmuşam. Orta təhsilimi Qızlar Liseyində almışam. Bu təhsil ocağının məzunu kimi qürur hissi keçirirəm. Bizim liseydə hərtərəfli şərait var. Burada elm öyrənməklə yanaşı, toxuma, tikmə, kulinariya, evdarlıq dərsləri də keçirilir. Hərtərəfli şəraitlə təmin edilmiş xalçaçılıq otağı və əmək kabinəsinin imkanlarından lazımınca istifadə olunur.

Ümumiyyətlə, liseyimizdə yüksək təlim və tərbiyə görmüş qızlar kimi yetişməyimiz üçün pedaqoji kollektiv əlindən gələni əsirgəməyib. Ən çox sevdiyim peşə müəllimlikdir. İngilis dili müəllimi olmağı daha çox arzulayırdım. İndi gənc qızların əksəriyyəti bu peşəyə yiyələnmək istəyir. Mən düşünürdüm ki, gərək çox çalışam, bu arzuma çatam. 11 ildir ki, valideynlərim də mənimlə bərabər əziyyət çəkiblər. Onlar mənə çox inanırdılar. Mən bilirdim ki, keçid balını keçəcəm. Ancaq atam məndən 600 balı keçməyimi gözləyirdi. Qarşımda məsuliyyətim çox idi. Nəhayət, həmin gün gəldi və qəbul imtahanında sualları heç bir çətinlik çəkmədən cavablandırdım. Eşidəndə ki, 661 bal toplamışam sevincimdən yerə-göyə sığmırdım. Həm valideynlərimin, həm də müəllimlərimin ümidlərini boşa çıxarmadım. Yüksək nəticə əldə etməyimin əsas səbəbi isə təhsilə göstərilən qayğıdır.
İllərlə uzaqdan həsrətlə baxdığım Naxçıvan Dövlət Universitetinin tələbəsi olmağa bir addım qalmışdı. İxtisas seçimində, ilk olaraq, həmin universitetin İngilis dili müəllimliyi ixtisasını seçdim. Artıq arzuladığım universitetin tələbəsiyəm. Bundan sonra ali təhsilimi uğurla başa vurmaq üçün daha çox çalışacağam. Qızlar Liseyinin məzunu kimi həmişə bu məktəbin adını uca tutacağam, muxtar respublikaya layiqli bir gənc kimi yetişəcəyəm.

 Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR