Muxtar respublikamızda sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sağlam böyümələri, biliklərə yiyələnmələri, milli-mənəvi dəyərlərə sadiq vətəndaş kimi yetişmələri, problemlərinin yerindəcə həll olunması istiqamətində həyata keçirilən tədbirlər bu qəbildən olan uşaqlara dövlət qayğısının bariz ifadəsidir.
Bu tədbirlərin davamı olaraq 15 sentyabr – Bilik Günü ərəfəsində Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə yuxarıda adıçəkilən kateqoriyalardan olan məktəblilərə geyim forması, məktəbli çantası və dərs ləvazimatları təqdim olunub.
Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində təşkil olunan tədbiri giriş sözü ilə təhsil naziri Piri Nağıyev açaraq keçirilən tədbirin məqsəd və mahiyyətindən danışıb. Muxtar respublika əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək şagirdləri qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıblar.
Sonda aztəminatlı, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş məktəbli uşaqlara və sağlamlıq imkanları məhdud şagirdlərə məktəbli geyim forması, məktəbli çantası və dərs ləvazimatları verilib.
Tədbirdə iştirak edən sağlamlıq imkanları məhdud uşaqların valideynləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Təhsil Nazirliyi hər iki valideynini itirmiş 32, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 257 sağlamlıq imkanları məhdud, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə aztəminatlı ailələrdən olan və ya hər iki valideynini itirmiş 76 uşağı təhsil sovqatı ilə sevindirib.
Onu da qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”na əsasən, hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən ümumtəhsil müəssisələrinə gedə bilmədikləri üçün distant tədrisə cəlb olunmuş sağlamlıq imkanları məhdud 22 uşağa məktəbli geyim forması, məktəbli çantası və dərs ləvazimatları evlərində təqdim olunub.
Səbuhi HÜSEYNOV