Məlum olduğu kimi, Şərur rayonundakı Qız qalası qədim yaşayış yerində Azərbaycan-Amerika Birləşmiş Ştatları arxeoloji ekspedisiyası tərəfindən tədqiqat işləri aparılıb. Arxeoloji ekspedisiyasının tərkibində olan ABŞ-ın bir neçə alim və tədqiqatçısı ilə həmsöhbət olduq, onların təəssüratlarını öyrəndik.
Hilary Gopnik – Amerika Birləşmiş Ştatlarının Emori Universitetinin professoru:
– Bir alim kimi tədqiqatlarımda Naxçıvanın yeri ayrıdır. Burada tarixi-mədəni irsə diqqətlə yanaşılır, onlar qorunur. Bu, bizim üçün çox vacibdir və bu ərazini seçməyimiz də təsadüfi deyil. Qız qalasında iki ildir ki, tədqiqat işləri aparırıq. Əməkdaşlarımız burada olmaqdan məmnundurlar. Onlardan biri burada yaşamış insanların hansı bitkilərdən istifadə etməsini araşdırır, biri insan sümükləri üzərində tədqiqat işləri aparır. Digər əməkdaşımız burada hansı heyvanların bəsləndiyini öyrənir. Bu il 3 kurqan tədqiq etmişik. İndiyə qədər aşkar olunan maddi-mədəniyyət nümunələri Qız qalası yaşayış yerində məskunlaşan qədim tayfaların oturaq və yarımköçəri həyat tərzi keçirdiyini təsdiq edir. Əldə etdiyimiz məlumatlardan aydın olur ki, burada məskunlaşan insanlar Arpaçay vadisi boyunca yüksək dağlıq ərazilərə köç edib və geri qayıdıblar.
Boyalı qablar mədəniyyəti ilə bağlı da yeni faktlar aşkar etdik. İndiyədək Boyalı qablar mədəniyyətini yaradan insanların harada yaşaması ilə bağlı aydın təsəvvür yox idi. Əvvəllər aparılan tədqiqatlara şübhə ilə yanaşılırdı. Lakin bizim iştirakımızla Boyalı qablar mədəniyyətinə aid yeni abidələrin aşkar olunması, xüsusilə Qız qalası yaşayış yerində qalın mədəni təbəqənin üzə çıxarılması çox sevindiricidir. Artıq Boyalı qablar mədəniyyətini yaradan tayfaların məhz bu ərazidə yaşadığı təsdiq edildi və biz bu barədə beynəlxalq konfranslarda məruzələr edəcəyik. Qız qalasında aparılan arxeoloji tədqiqatlar yalnız muxtar respublikanın deyil, ümumilikdə, bəşər sivilizasiyasının tarixinin öyrənilməsinə xidmət edir.
Robert Braynt – Corciya Universitetində GPS mütəxəssisi:
– Mənim işim Qız qalası ərazisində toplanılan məlumatların rəqəmsal qaydada yığılması və kompüter sistemlərinin idarə edilməsidir. Qazıntı işlərinin aparıldığı ərazilərin fotoşəkillərini çəkirəm və onları qarşılaşdırıram. Əldə etdiyimiz modellər imkan verir ki, biz ərazinin tarixi əhəmiyyətini ortaya çıxaraq.
2008-ci ildən Naxçıvana gəlirəm və arxeoloji tədqiqatlarda iştirak edirəm. Naxçıvan mənim üçün mükəmməl yerdir. Bura çox rahat və bərəkətli məmləkətdir. Burada bir çox yerlərdə olmuşam. Demək olar ki, Naxçıvan haqqında müfəssəl məlumata sahibəm. Naxçıvanın əhalisi mehriban və qonaqpərvər insanlardır. Bu cür insanları tanımağa çox məmnunam. Demək olar ki, hər kəs bizə kömək etməyə can atır. Xüsusilə qeyd etməliyəm ki, bizim rahatlığımız və təhlükəsizliyimiz üçün nə lazımdırsa, edilib. Naxçıvan mənim ikinci evim və ikinci vətənimdir. Mən bütün bilik və bacarığımı bu torpağın tarixini öyrənməyə yönəltmişəm. Bundan çox böyük şərəf duyuram.
Selin Nogent – Ohayo Universitetinin doktorantı:
– Mən Qız qalasında Orta Tunc dövrünə aid məzarlıqlar üzərində tədqiqatlar aparıram. Dəfn adət-ənənələrini öyrənirəm. Bu il 3 kurqan üzərində araşdırma apardıq. Bu tədqiqatlarımız bizim üçün çox mühüm əhəmiyyət kəsb edir. Məzarlıqlarda olan insan sümüklərinə Naxçıvanda indiyədək rast gəlinməyib. Kurqanlardan əldə etdiyimiz insan skeletinə aid qalıqların tədqiqi Boyalı qablar mədəniyyətinin mənşəyinin müəyyən edilməsində mühüm rol oynayacaqdır. Həndəsi ornament və heyvan rəsmləri ilə bəzədilmiş boyalı qabların aşkar olunması Naxçıvanın Boyalı qablar mədəniyyətinin əsas mərkəzlərindən biri olduğunu, Cənubi Qafqaza boyalı qabların məhz Naxçıvandan yayıldığını təsdiq edir. 2011-ci ildən Naxçıvana gəlirəm. Mənim dissertasiya işim də Qız qalasında məzarlıqlar və Naxçıvanın tarixi barədədir. Qeyd etməliyəm ki, buranın insanları istiqanlı və mehribandırlar. Biz Naxçıvanda böyük dostluqlar qurmuşuq. Mühüm elmi əlaqələrimiz var. Əldə etdiyim məlumatlar barədə geniş məqalələr yazmağı düşünürəm.
Müsahibəni apardı:
Sara ƏZİMOVA