23 Dekabr 2024, Bazar ertəsi

Bu gün Naxçıvanın tarixi, zəngin mədəniyyəti, elmi-ədəbi mühiti dərindən araşdırılır, sanballı tədqiqat materialları nəşr edilir. Bu dəyərli mənbələrin qorunması və təbliği yeni tədqiqat işlərinin aparılması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin yaradılması da bu məqsədə xidmət edir. Mərkəzin fondu hər ötən il daha da zənginləşdirilir, Naxçıvan haqqında dəyərli mənbələr elm adamlarına təqdim olunur. 

2015-ci ilin birinci yarısında mərkəzdə “Kənd təsərrüfatı ili” və “İnkişafın 20 ili” mövzularında bir sıra tədbirlər təşkil olunmuş, Naxçıvanın qədim və yeni tarixi, coğrafiyası, ədəbiyyatı, folkloru, milli-mənəvi dəyərləri mövzularında açıq dərslər keçilmişdir. Yanvar ayında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə pro­qram hazırlanmış, bu məqsədlə keçirilən 19 tədbirdə ali, orta ixtisas və ümumtəhsil müəssisələrinin 375 tələbə və şagirdi iştirak etmişdir.
Mərkəzin oxucu sayı ilbəil artır. Fəaliyyətə başladığı gündən 2015-ci ilin iyul ayınadək Naxçıvanşünaslıq Mərkəzinin xidmət şöbəsində 716 nəfərə oxucu bileti verilmişdir. Ötən dövrdə mərkəzin fondu və elektron bazası əldə olunan yeni materiallar hesabına daha da zənginləşdirilmişdir. 2015-ci ilin ilk altı ayı ərzində mərkəzdə 158 nüsxə çap materialının uço­tu aparılmış, onlardan 120-si kitab, 10-u dövri mətbuat və 28-i miniatür kitab olmuşdur. Kitablardan 10-u təbiət, 33-ü tarix, 4-ü arxeologiya, 2-si etnoqrafiya, 5-i kənd təsərrüfatı, 21-i iqtisadiyyat, 11-i siya­sət, 6-sı dövlət və hüquq, 2-si mədəniyyət, 11-i dilçilik, 1-i incəsənət, 4-ü isə psixologiya sahələrinə aiddir. Fonda yeni daxil olan kitablardan 96-sı Azərbaycan dilində, 24-ü isə xarici dildədir. Ümumiyyətlə, hazırda Naxçıvanşünaslıq Mərkəzinin fondunda 3250 sayda çap materialları saxlanılır. Onlardan 2 min 452-si kitab, 28-i miniatür kitab, 92-si avtoreferat və 678-i qəzet və jurnallardır. Bu mənbələr, əsasən, Naxçıvanın qədim və zəngin tarixini, mədəniyyətini, sosial-iqtisadi inkişafını, ictimai-siyasi həyatını, həmçinin Naxçıvanın görkəmli şəxsiyyətlərinin, elm adamlarının, şair və yazıçılarının həyatı və yaradıcılığını əks etdirir.

Qeyd olunan dövrdə mərkəzin arxiv fonduna Naxçıvanın tarixi, ictimai-siyasi və sosial-mədəni həyatını əks etdirən 81 yeni material daxil olmuş, qeydiyyatda olan materialların sayı 633-ə çatdırılmışdır. Həmçinin burada mətbuat materialları toplanmış və Naxçıvanşünaslıq üçün mühüm əhəmiyyət kəsb edən materiallar seçilərək mərkəzin elektron bazasında və kartotekalarda yerləşdirilmişdir.
İnformasiya texnologiyalarının tətbiqi Naxçıvanşünaslıq Mərkəzinin fəaliyyətinin müasir tələblər səviyyəsində təşkilinə imkan verir. Mərkəzin internet saytının fəaliyyət göstərməsi, kitab və digər məlumatların elektron bazasının yaradılması, onların geniş oxucu kütləsinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Ötən dövrdə kitabsaxlayıcı şöbəsindəki ədəbiyyatların elektron variantı hazır­lanmış və Naxçıvanşünaslıq Mərkəzinin internet saytında yerləşdirilmişdir. Təkcə bu ilin birinci yarım­ilində 142-si Azərbaycan dilində, 33-ü isə xarici dildə olmaqla, 175 adda kitabın elektron variantı hazırlanmışdır. Onlardan 139-u filologiya və bədii ədəbiyyat, 2-si təbiət, 30-u ictimai və humanitar elmlər, 2-si kənd təsərrüfatı, 2-si isə mədəniyyət, elm və maarif sahələrindən bəhs edir. Bu mənbələr Naxçıvanın elm adamları tərəfindən daim izlənmiş, bu günədək internet resurslarına 9 min 400-dən çox istinad olunmuşdur ki, bunun da 1012-si bu ilin ötən dövrünün payına düşür.
Bu gün Naxçıvanşünaslıq Mərkəzi təkcə Naxçıvanın yox, bütövlükdə Azərbaycan elmi mühiti üçün mühüm elmi-tədqiqat mərkəzidir. Fəaliyyətə başladığı gündən mərkəzə Azərbaycanın digər bölgələrindən də alim və tədqiqatçılar müraciət etmiş, elektron sorğular göndərilmişdir. Ötən dövrdə mərkəzə daxil olan bütün müraciətlərə baxılmış, sorğulara vaxtında və dolğun cavab verilmişdir.
Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşları bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, fondu və elektron bazanı daha da zənginləşdirəcək, muxtar respublika elminin inkişafına öz töhfələrini verəcəklər.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR