AMEA Naxçıvan Bölməsində Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Saleh Məhərrəmovun anadan olmasının 50 illiyinə həsr olunmuş yubiley yığıncağı keçirilmişdir.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Saleh Məhərrəmovun keçdiyi ömür yolundan, onun Azərbaycan elminin, təhsilinin inkişafındakı xidmətlərindən danışmışdır.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin prorektoru, professor Məmməd Rzayev “Əməkdar elm xadimi Saleh Məhərrəmovun ömür yolu, elmi və pedaqoji fəaliyyəti” mövzusunda məruzə etmişdir.
Qeyd edilmişdir ki, Saleh Məhərrəmov 101 elmi məqalənin, 3 monoqrafiyanın, 2 dərs vəsaitinin, 2 proqram, 2 təklif və 1 metodik vəsaitin müəllifidir. Onun rəhbərliyi altında 10 fəlsəfə doktoru dissertasiya işi yerinə yetirilir.
Yığıncaqda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli, “Naxçıvan” Universitetinin rektoru, professor İsmayıl Əliyev, Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin dekanı, dosent Qərib Allahverdiyev, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dekanı, dosent Bəhruz Məmmədov çıxış edərək Saleh Məhərrəmovun elmi fəaliyyətini yüksək qiymətləndirmiş və ona gələcək işlərində uğurlar arzulamışlar.
Sonda Saleh Məhərrəmov ona göstərilən diqqətə və elmi fəaliyyətinə verilən yüksək qiymətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova öz dərin minnətdarlığını ifadə etmişdir.
Nərgiz İSMAYILOVA