Naxçıvan elmi-ədəbi, ictimai-siyasi, mədəni mühitinin Azərbaycan tarixinə, ədəbiyyatına, elminə, mədəniyyətinə bəxş etdiyi ilklərdən bəhs edən rubrikamızda budəfəki yazımızda Azərbaycan tarixində əhəmiyyətli rol oynayan və Azərbaycan elminə ilk töhfələrini verən iki qadın haqqında danışacağıq.
Tariximizin qəhrəmanlıq səhifələrində Azərbaycan qadının öz şöhrəti, şərəfli yeri vardır. Azərbaycan qadınları ictimai-siyasi proseslərdə həmişə fəal olmuşlar. Onlar arasından görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər yetişmişdir. Respublikamız müstəqillik qazandıqdan sonra qadınların cəmiyyətdə rolu daha da yüksəlmiş və fəaliyyətləri genişlənmişdir. Ümummilli liderimiz Heydər Əliyev qadınların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə geniş təmsil olunmalarına müstəsna əhəmiyyət verirdi. Elə bu siyasətin nəticəsi olaraq bu gün qadınlarımız təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır, beynəlxalq qurumlarda ölkəmizi layiqincə təmsil edirlər.
Bildiyimiz kimi, Azərbaycan qadını tarixən müdriklik, müqəddəslik simvolu olmuş, iti zəkası, uzaqgörənliyi və qəhrəmanlığı ilə tariximizdə iz qoymuşdur. Adına 1186-cı ildə Naxçıvanda möhtəşəm türbə ucaldılan Möminə xatın, Gəncədə yaşayıb-yaradan Məhsəti Gəncəvi, Ağqoyunlu hökmdarı Uzun Həsənin anası Sara xatın, Quba xanı Fətəli xanın həyat yoldaşı Tutubikə, 1890-cı ildə Naxçıvanda dünyaya gözlərini açan Nazlı xanım Nəcəfova və daha neçələri… Bu siyahıya haqqında bəhs edəcəyimiz iki qadını da daxil edə bilərik...
Şahtaxtinskaya Leylibanu İsasultan qızı ilk azərbaycanlı ziyalı qadınlardan biridir. O, Şahtaxtinskilər nəslinin nisbətən az tanınan nümayəndələrindən biri olan, publisist, alim və ictimai xadim İsasultan Şahtaxtinskinin qızıdır. 1902-ci ildə Tiflis Qızlar İnstitutunu bitirmişdir. Anası Sofya xanım Şahtaxtinskayanın Tiflis qubernatoruna 2 iyun 1905-ci il tarixli ərizəsindən də göründüyü kimi, Leylibanu Tiflis Nücəba Qızlar İnstitutunu bitirdikdən sonra Peterburq Qadın Tibb İnstitutunda ali təhsil almaq qərarına gəlmişdir. Bu məqsədlə Sofya xanım qızına siyasi baxımdan etibarlı sayılması barəsində arayış verilməsini xahiş edirdi.
Leylibanu Şahtaxtinskaya Peterburq Qadın Tibb İnstitutunda (Bestujev kurslarında) yalnız bir il oxumuş, 1906-cı ilin sentyabrında daha mükəmməl ixtisas təhsili almaq üçün İsveçrəyə yola düşmüşdü.
O, Avropaya təhsil almağa gedən ilk azərbaycanlı qızıdır. İsveçrədə Tibb Universitetinə daxil olmuş, lakin təhsilini başa vurmasına iki il qalmış xəstəlikdən vəfat etmişdir.
Leylibanunun ölümü Cəlil Məmmədquluzadəni də dərindən sarsıtmışdı. Sırf satira jurnalı olan “Molla Nəsrəddin” yaradıcılıq prinsiplərini pozaraq ilk dəfə (sonralar dahi Sabirin və böyük tatar şairi Tukayın vəfatı zamanı da bu hal təkrarlanmışdı) səhifələrində ciddi və kədərli materiala – Leylibanunun vaxtsız vəfatı münasibətilə nekroloqa yer vermişdi.
Bir qayda olaraq, Rotterin, Şmerlinqin, daha sonralar Xəlil Musayev və Əzim Əzimzadənin fırçasından çıxan dərin məzmunlu karikaturalarla səhifələrini bəzəyən məcmuə 1908-ci ildə çıxan sonuncu – 52-ci sayında Leylibanu Şahtaxtinskayanın vəfatının bir illiyi münasibətilə onun qara çərçivəyə alınmış portretini dərc etmişdi.
Mirzə Cəlil Leylibanunun qısa bioqrafiyası ilə oxucuları tanış etməyi də zəruri saymışdı. O yazırdı: “Sahibi-mənsəblərimizdən məşhur İsasultanın qızı Leyli xanım Şahtaxtlı anadan olub 1886-cı ildə Qars şəhərində. 1904-cü ildə Tiflisdə Qızlar İnstitutunu bitirəndən sonra 1906-cı ilin sentyabr ayında gedib Şvetsariyaya və orada darülfünunun həkimlik şöbəsinə girib və Hacı Zeynalabdin Tağıyev cənablarının köməyi ilə üç il orada təbabət elmini oxumaqda idi. İki ildən sonra həkimlik dərsini qurtarıb şəhadətnamə alacaq idi və gəlib vətənində biçarə müsəlman övrətlərinin min-min dərdlərinə şəfa verəcəkdi...”
Bu tərcümeyi-hal bilgilərinin ardınca Mirzə Cəlilin səmimi ürək sözləri və özünəməxsus ümumiləşdirmələri gəlir:
“Əfsus... Qismət olmadı...
Leyli xanım keçən il Şvetsariyada soyuqdəymədən vəfat elədi.
Yevropaya elm dalınca gedən müsəlman qızlarından biz Leyli xanımdan savayı bir özgəsini eşitməmişik.
“Molla Nəsrəddin”in arzularından xəbərdar olanlar gərək bilsinlər ki, belə bir vücudun yox olmağı bizim üçün təskinsiz dərddir”.
Leylibanu Şahtaxtinskaya öz iradəsinin gücü və mübarizə əzmi ilə sübut etmişdi ki, Azərbaycan qızlarının ağlı və intellekti heç də başqa millətlərin qadınlarından az deyil.
Qeyd edək ki, İsasultan Şahtaxtinskinin ailəsində yetişmiş başqa bir gənc xanım – Leylibanunun kiçik bacısı Adilə xanım Şahtaxtinskaya ilk azərbaycanlı qadın tibb professorlarından idi. O, Azərbaycanı beynəlxalq miqyasda təmsil edən məşhur ginekologiya mütəxəssisi kimi tanınmış, tibb elminin həmin sahəsinə dair kitab və məqalələr yazmışdır.
Zərifə Əliyarova 1935-ci il may ayının 8-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. Anası çox cavan ikən dünyasını dəyişdiyindən o, kiçik yaşlarından valideyn nəvazişindən məhrum olmuş, üstəlik də, atası repressiyaya məruz qalaraq Qazaxıstana sürgün edilmişdi. Ona görə də Zərifə xanım uşaqlıqdan həyatın ağrı-acılarını yaşamışdır. 1951-ci ildə Naxçıvan şəhərindəki 2 nömrəli qız orta məktəbini əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin Fizika ixtisasına qəbul edilmişdir. Universitetdə keçirilən Tələbə Elmi Cəmiyyətinin yığıncaqlarında müntəzəm iştirak etmiş, maraqlı tədqiqatları ilə müəllimlərinin diqqətini çəkmişdir. Zərifə Əliyarova universitetin 1956-cı il buraxılışında fiziklər arasında yeganə qırmızı diplom alan gənclərdən biri olur. Hətta onun yazmış olduğu buraxılış işi AMEA-nın “Xəbərlər” jurnalında çap edilir. O, sonra akademik Yusif Məmmədəliyevin təqdimatı ilə Azərbaycan Elmlər Akademiyasının Fizika-Riyaziyyat İnstitutunun aspiranturasına daxil olur, 1959-cu ildə yarımkeçiricilər fizikası sahəsində namizədlik dissertasiyasını müdafiə edir. Azərbaycanlı qadınlar arasında ilk fizika-riyaziyyat elmləri namizədi adını qazanır. 1975-ci ildə doktorluq dissertasiyasını müdafiə edir. Həmin dövrdə Zərifə Əliyarovanın adı bütün SSRİ məkanında və xarici ölkələrdə yarımkeçiricilər fizikası ilə məşğul olan görkəmli alimlərlə bir sırada çəkilirdi.
Bəli, qadınlarımız öz zəkası, nüfuzu və müdrikliyi ilə bəşər tarixində özünəməxsus iz salmışlar. Dahi dramaturqumuz Hüseyn Cavidin dediyi kimi: “Qadın gülərsə, bu ıssız mühitimiz güləcək, sürüklənən bəşəriyyət qadınla yüksələcək...”
Nərgiz İsmayılova