Dünən Naxçıvan şəhərindəki 12 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 27 iyul 2015-ci il tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı seminar keçirildi.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən seminarda Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin, Naxçıvan Müəllimlər İnstitutunun, muxtar respublikanın orta ixtisas təhsili müəssisələrinin nümayəndələri iştirak edirdilər.
Seminarda çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev bildirdi ki, bu gün muxtar respublikamızda təhsilə böyük diqqət və qayğı göstərilir. Son 10 ildə Naxçıvan Muxtar Respublikasında 66 min 736 şagird yerlik 165 məktəb binasının tikilməsi və ya yenidən qurulması bunun bariz nümunəsidir. Hazırda ümumtəhsil məktəblərində 3700 kompüter, 600-dən çox elektron lövhə vardır. Məktəblərdə interaktiv tədris metodlarından istifadə olunur, elektron və distant təhsil tətbiq edilir. Həyata keçirilən bu tədbirlər təhsildə keyfiyyət göstəricilərinin artmasına səbəb olub. Belə ki, muxtar respublikada 2015-ci ildə məktəbi bitirən 3331 məzundan 2638-i ali məktəblərə qəbul üçün sənəd verib, onlardan 1582-si tələbə adını qazanıb. Bu da sənəd verənlərin 60 faizini təşkil edir.
Qeyd olundu ki, məzunlar ixtisas seçimi zamanı muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinə daha çox üstünlük veriblər. 2015-ci ildə 1137 nəfər, yaxud qəbul olunanların 72 faizi Naxçıvan Muxtar Respublikasında yerləşən ali təhsil müəssisələrini seçiblər. Yüksək bal toplayanlar arasında ucqar dağ kəndlərindəki məktəblərin məzunlarının da olması muxtar respublikamızda təhsilimizin bütün bölgələrdə inkişaf etdiyini göstərir.
Piri Nağıyev vurğuladı ki, bu gün muxtar respublikada ali və orta ixtisas təhsili müəssisələrində təhsil alanların yüksək intellektual səviyyəyə və praktik iş qabiliyyətinə yiyələnmələri daim diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi muxtar respublikada yerləşən ali və orta ixtisas təhsili müəssisələri ilə daim əlaqələrini genişləndirərək pedaqoji profilli ixtisaslıların təcrübələrinin tam orta məktəblərdə keçirilməsi prosesində yaxından iştirak edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 27 iyul 2015-ci il tarixli “Ali və orta ixtisas təhsilli müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin vaxtında və ardıcıl icrası mühüm əhəmiyyət kəsb edir.
Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Məmməd Qəribov bildirdi ki, qeyd olunan sərəncam təhsil ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Bu gün muxtar respublikanın Təhsil Nazirliyi sənəddə qarşıya qoyulan vəzifələrin icrası istiqamətində işləri davam etdirir. Yeni tədris ilində ali təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsi, Təhsil Nazirliyinə hamiliyə verilən ixtisaslar üzrə təhsil alan tələbələr ilə ardıcıl işlərin aparılması daim diqqət mərkəzində saxlanılacaq.
Qeyd olundu ki, Təhsil Nazirliyində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamından irəli gələn məsələlərin həlli istiqamətində işlər planlı şəkildə həyata keçirilir. Artıq sərəncamla bağlı tədbirlər planı hazırlanıb. Tələbələrlə seminar və iclasların keçirilməsi nəzərdə tutulur. Bu işlərin davamı kimi, müasir təhsil sistemində pedaqoji yeniliklərin, fənn kurikulumlarının və yeni təlim texnologiyalarının tətbiqi ilə aparılan tədris prosesinin üstünlüklərinin tələbələrə aşılanması təmin ediləcəkdir. Ümumtəhsil məktəblərində tətbiq olunan yeni dərsliklər, dərs vəsaitləri və elektron tədris vasitələrindən səmərəli istifadə yolları təcrübi şəkildə öyrədiləcəkdir. Hamiliyə verilmiş tələbələrə pedaqoji təcrübə zamanı məktəblilərə müasir yanaşma formaları, müəllim-şagird-valideyn əlaqələrinin yaradılması, məktəbə rəhbərliyin metodları, şagirdlərlə psixoloji işin aparılması yolları, ümumilikdə, təhsil sahəsində mövcud olan bütün yeniliklərin çatdırılması həyata keçiriləcəkdir.
Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru Surə Seyid, Naxçıvan Müəllimlər İnstitutunun tədris işləri üzrə prorektoru, filologiya elmləri doktoru Akif İmanlı, Naxçıvan Musiqi Kollecinin direktoru Həsən Seyidov, “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev çıxış edərək sərəncamdan irəli gələn vəzifələrin icrasından söhbət açdı, bununla bağlı təkliflərini səsləndirdilər.
Daha sonra mövzu ətrafında verilən suallar cavablandırıldı.
Seminara Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev yekun vurdu.
Rauf Əliyev