23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Görkəmli pedaqoq və elm xadimi Əziz Şərifin 120 illik yubileyinin keçirilməsi haqqında” 26 yanvar 2015-ci il tarixdə imzaladığı Sərəncam bir tərəfdən muxtar respublika rəhbərinin Azərbaycan və dünya elminə dəyərli töhfələr vermiş alimlərin xatirəsinin əbədiləşdirilməsinə xüsusi diqqət və önəm verdiyini təsdiqləyirsə, digər tərəfdən çox zəngin fəaliyyəti ilə əbədiyaşarlıq qazanan nümunəvi bir insanı bugünkü nəslə və gələcək nəsillərə tanıtmaq məqsədi daşıyır.

Azərbaycan ədəbiyyatını və ədəbiyyatşünaslığını keçmiş SSRİ miqyasında tanıdan, təbliğ edən və sevdirən professor Əziz Şərifin, fikrimcə, ən ali keyfiyyəti onun vətənpərvərliyi, Azərbaycana olan sonsuz sevgisi idi. Filologiya üzrə fəlsəfə doktoru Fərqanə Kazım­ovanın Abbas Zamanovla Əziz Şərifin dostluğundan bəhs edən “Biz belə bir ömür yaşadıq” adlı məqaləsindən biz Əziz Şərifin özündən asılı olmayan səbəblərdən qürbətdə yaşayıb fəaliyyət göstərməsinə baxmayaraq, hər zaman doğma vətəni haqqında düşündüyünü, Azərbaycanın mənafeyini müdafiə etmək uğrunda daim vicdanla çalışdığını, mədəniyyətimizin divarına qoyduğu hər bir adi kərpiclə fərəh duyduğunu öyrənirik. Müəllif böyük alimin vətən həsrətini öz dili ilə Abbas Zamanova yazdığı məktubundan gətirdiyi bir hissə ilə nəzərə çatdırır: “Allah səni bizim kimi qərib ellərdə can çürüdənlərə, gözləri yollarda qalanlara çox görməsin! Sənin hər bir məktubun mənə vətən havasını gətirir. Ona görə də məktubların arası kəsiləndə mən özümü oksigensiz kimi hiss edir, darıxmağa başlayıram”.

Bu misralardan görünür ki, Əziz Şərif Moskvada da vətənin havası ilə, Azərbaycanla nəfəs almış, ürəyi Azərbaycanla birgə döyünmüşdür.
İlk təhsilini məşhur maarifçi-pedaqoq Məhəmməd Tağı Sidqinin “Məktəbi-tərbiyə”sində alan balaca Əziz sonra Tiflisdə Cəlil Məmmədquluzadənin evində təşkil etdiyi pansionda həm müxtəlif elmi biliklərə yiyələnmiş, həm də gələcək mollanəsrəddinçiləri – Mirzə Cəlili, M.Ə.Sabiri, Ə.Haqverdiyevi daha yaxından tanımışdır. Mirzə Cəlilin həyat və yaradıcılığından bəhs edən “Böyük demokrat” (“Molla Nəsrəddin”) əsərinin müəllifi Mirzə İbrahimov Əziz Şərifin 70 illik yubileyi ərəfəsində qələmə aldığı “Qocaman tənqidçi” məqaləsində onun Cəlil Məmmədquluzadəyə olan sonsuz məhəbbətindən söz açaraq yazmışdır: “Məncə, bizlərdən heç kəs Cəlil Məmmədquluzadənin həyatını, yaradıcılığını, əsərlərinin tarixini, ideya-bədii xüsusiyyətlərini Əziz Şərif qədər mükəmməl və dərindən tədqiq etməmişdir. Bu, Əziz Şərifin nəcib, yaxşılığı unutmayan və ona yüz qat artıqlaması ilə cavab verməyə hazır olan təbiətindən doğur”.
Gələcəyin mollanəsrəddinşünas aliminin formalaşmasında “Molla Nəsrəddin” ədəbi məktəbinin rolu və təsiri çox böyükdür. “Molla Nəsrəddin” jurnalının 21 iyul 1906-cı il tarixli 16-cı sayında “Naxçıvan” başlığı ilə təqdim olunan mollanəsrəddinsayağı kiçik publisist yazını jurnal “Əziz Qurbanəli oğlu Şərifzadə” açıq imzası ilə nəşr etmişdi. Bu, jurnalın ən gənc, daha doğrusu, yeniyetmə çağında olan abunəçisi və qələm sahibini – 11 yaşlı Əziz Şərifi həm həvəsləndirmək, həm də ədəbi mühitə tanıtmaq məqsədilə atılmış bir addım idi.
Professor Əziz Şərifin fəaliyyəti daha çox Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığının tədqiqinə həsr edilmişdir. O, Cəlil Məmmədquluzadənin yeni tərcümeyi-hal sənədlərini və bəzi naməlum əsərlərini tapıb aşkara çıxarmış, ədibin mühitini və yaxın müasirləri ilə əlaqələrini öyrənməyə müvəffəq olmuşdur. Görkəm­li yazıçının müasirlərindən əksəriyyətini şəxsən tanıdığından və onların bəziləri tədqiqat aparıldığı illərdə həyatda olduqlarından Əziz Şərif mirzəcəlilşünaslığı bir çox yeni materiallarla zənginləşdirmişdir. Əziz Şərifin “Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığının birinci dövrü” mövzusunda yazdığı doktorluq dissertasiyası mollanəsrəddinçi ədəbiyyatın tədqiqi tarixində yeni hadisədir. Bundan əvvəl Əli Nazim və Mirzə İbrahimovun da Cəlil Məmməd­quluzadə haqqında əhəmiyyətli əsərlərinin mövcud olmağına baxmayaraq, professor Əziz Şərifin bu əsəri ilə Azərbaycanda mirzəcəlilşünaslıq ciddi elm səviyyəsinə qaldırılmışdır. 1905-ci ilin noyabr və dekabr aylarında Tiflisdə nəşr olunan “Qafqaz fəhlə vərəqəsi” qəzetindən Cəlil Məmmədquluzadənin “Binəsiblər” və “Xeyir-dua” adlı iki məqaləsini Əziz Şərif üzə çıxarmış, “Sovet Gürcüstanı” qəzetində 1941-ci ildə çap olunmuş “Cəlil Məmmədquluzadə haqqında yeni material” adlı yazısında bu məqalələri elmi-ədəbi mühitə təqdim etmişdir.
Böyük Sabirin vəfatının 9-cu ildönümü münasibətilə yazdığı “Mirzə Ələkbər Sabir” adlı məqaləsində böyük satira ustasına olan dərin hörmət və sevgi diqqəti cəlb edir. 1982-ci ildə Abbas Zamanovun tərtib etdiyi “Sabir xatirələrdə” adlı kitabda dərc olunmuş “Sabir Tiflisdə” adlı xatirədə Əziz Şərif həm Sabirin Qurbanəli Şərifzadəyə yazdığı məktublarından (bu məktublardan Sabirin xəstəlik tarixini özünün dilindən daha düzgün öyrənirik) və Məmmədəli Sidqinin Sabirin vəfatının 20 illiyi münasibətilə yazılmış xatirəsindən bəhs olunmuşdur. Sidqinin xatirəsindən belə məlum olur ki, Sabir Tiflisdə olduğu zaman xəstəliyinə baxmayaraq, redaksiyaya gələn qəzet və jurnalları nəzərdən keçirər, növbəti nömrəyə yazı, şəkillər haqqında yararlı mövzular verərmiş.
Professor Əziz Şərif “Sabir bu gün”, “Molla Nəsrəddin” necə yarandı” kimi fundamental əsərlərin müəllifidir. Alimin 1968-ci ildə rus dilində, 1986-cı ildə Azərbaycan dilində çap olunmuş “Molla Nəsrəddin” necə yarandı” monoqrafiyası bu gün də ciddi elmi əhəmiyyətə malik olan, faktların zənginliyi, Azərbaycançılıq ruhu ilə yazılan əsərlərdən biri kimi qəbul olunur. Bu əsər haqqında akademik Mirzə İbrahimov yazmışdır: “Bu əsər təqdirəlayiqdir, ona görə ki, əlli illik düşüncələrin, axtarışların, tədqiqatın yekunudur və böyük məhəbbətlə yazılmışdır”.
Görkəmli alim Əziz Şərifin “Molla Nəsrəddin” necə yarandı” monoqrafiyası Naxçıvanda yenidən nəşr olunmuşdur. Akademik İsa Həbib­bəylinin bu kitaba yazdığı “Görkəmli ədəbiyyatşünas və böyük ziyalı” adlı ön söz alimin natamam tərcümeyi-halına çox dəyərli əlavələri ilə diqqəti cəlb edir. Filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəddin Eyvazovun bu nəşr haqqında yazdığı “Məcrasına sığmayan irmaq – Əziz Şərif” adlı məqaləsində qeyd etdiyi kimi bu sahədəki bir çox xronoloji boşluqları akademik İsa Həbibbəyli tamamlamışdır. İsa Həbibbəylinin ön sözündə Əziz Şərifin 1919-cu ildə Tiflisdə çap olunmuş mollanəsrəddinçi şair Əliqulu Qəmküsarın ölümünə həsr etdiyi məqaləsilə bütünlüklə tanış oluruq: “Bazar günü martın 16-da Tiflis şəhərinin müsəlmanları faciəli şəkildə həlak olmuş hələ gənc olan bir şairi – Əliqulu Nəcəfovu dərin kədər hissi ilə torpağa tapşırdılar. O, maddi cəhətdən son dərəcə təmin olunmamış, ürəyində intəhasız qəm-qüssə, baxışlarında insana sönməz sevgi daşıyan istedadlı şair idi. Və namərd bir insanın qaba gülləsi poeziyaya bu qədər dəyərli incilər bəxş etmiş qələmini onun əlindən aldı. Hökumət cinayətkarları ədalətlə cəzalandırmaq üçün ən təsirli tədbirləri görməlidir. Lakin şair həlak olub! Artıq heç bir qüvvə onu geri qaytara bilməz!”
Qeyd edək ki, Əziz Şərif bu kitabda Cəlil Məmmədquluzadənin doğum tarixini düzgün göstərmişdir. Əziz Şərif yazır: “Yazıçının bu göstərişini əsas götürüb o biri məlumatlarla tutuşdurmaq yolu ilə biz onun anadanolma ilini bu günə kimi 1869-cu il deyə təyin edir, ay və gününü isə göstərməkdən çəkinirdik. Hər halda biz rəsmi doğum şəhadətnaməsində təsdiq edilmiş 1866-cı il tarixini qəbul etmək məcburiyyətindəyik”.
Mollanəsrəddinşünaslığın əsasını qoymuş və Azərbaycan ədəbiyyatını keçmiş SSRİ məkanında tanıtmış və sevdirmiş bir ədəbiyyatşünas, tərcüməçi, tənqidçi və publisist kimi Əziz Şərifin əsərləri bu gün də ədəbiyyatşünasların stolüstü kitabıdırsa, demək ki, o, əbədiyaşarlıq qazana bilmişdir. Azərbaycan elmini və incəsənətini dünyaya tanıdan belə vətənpərvər fədailərimizi xalqımız hər zaman böyük hörmət və ehtiramla anacaqdır!


Aygün ORUCOVA
AMEA Naxçıvan Bölməsinin
əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR