23 Dekabr 2024, Bazar ertəsi

YUNESKO-nun qərarına əsasən 1966-cı ildən etibarən hər il ok­tyabrın 5-i Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur.
Təhsilin inkişafı hər bir dövlətin ali məqsədlərindəndir. Bu məqsədin həyata keçirilməsi ölkədə yüksək savadlı və peşəkar müəllimlər ordusunun mövcudluğundan asılıdır. Müdriklərin fikrinə görə, hər bir millətin mədəni tərəqqisi təhsillə, təhsilin tərəqqisi isə müəllimlərlə bağlıdır. Tutduğu vəzifədən asılı olmayaraq, hər bir insan cəmiyyətdəki mövqeyinə, şəxsiyyət kimi formalaşmasına və qazandığı biliklərə görə özünü, ilk növbədə, məhz müəllimlərinə borclu sayır. Çünki onlar cəmiyyətin ən əsas vəzifəsini – gənc nəslin təlim-tərbiyəsini həyata keçirir, insanları kamillik zirvəsinə yüksəldir.
Azərbaycan xalqının milli təfəkküründə müəllim adı həmişə uca tutulmuş və bu peşə sahiblərinə böyük ehtiram göstərilmişdir. Azərbaycan müəllimləri də hər zaman ölkəmizin inkişafı və intibahı naminə fəaliyyət göstərmiş, şərəfli müəllim peşəsinə sadiq qalaraq xalqımızın maariflənməsi və tərəqqisi yolunda yorulmadan çalışmışlar.

Ümummilli liderimiz Heydər Əliyev elmin, təhsilin inkişafını, geniş dünyagörüşə malik, savadlı və intellektual gənc nəslin yetişdirilməsini dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirmişdir. Bu yolda təhsilin aparıcı qüvvəsi olan müəllimlərin fəaliyyətinə daim yüksək qiymət verən ulu öndər istər keçmiş Sovetlər Birliyi dövründə, istərsə də müstəqillik illərində savadlı və vətənpərvər müəllimlər ordusunun yaradılması qayğısına qalmış, müəllimlərin əməkhaqları artırılmış, sosial-məişət şəraitləri yaxşılaşdırılmış, onlar ölkəmizin ziyalı təbəqəsinin aparıcı qüvvəsinə çevrilmişdir. Ulu öndər müəllimlik peşəsini, müəllim əməyini yüksək qiymətləndirərək deyirdi: “Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.
Ümummilli liderimizin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də təhsilin inkişafını dövlətin qarşısında duran ümdə vəzifə kimi qəbul edərək müəllimlərə qayğıkeş münasibət göstərir. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə ixtisaslı müəllim kadrlarının hazırlanması, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.
Naxçıvan Muxtar Respublikasında da təhsilin inkişafına xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, muxtar respublikada bu sahəni daim irəli aparan, öz peşəsini dərindən sevən peşəkar müəllim ordusu formalaşdırılmışdır. Cəmiyyətin maariflənməsi, bilikli, vətənpərvər, çalışqan və sağlam gəncliyin yetişdirilməsi yolunda yorulmadan çalışan muxtar respublika müəllimlərinin əməyi layiqincə qiymətləndirilir, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 22 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Sərəncamı bu istiqamətdə atılan növbəti mühüm addımdır. Bu sərəncam muxtar respublika müəllimlərinin böyük sevincinə səbəb olmuş, onların işə məsuliyyətini daha da artırmışdır.
Müasir tədris şəraiti olan təhsil ocaqlarında dərs keçmək bu gün hər bir müəllimin arzusu, eyni zamanda onun əməyinə verilən qiymətin parlaq ifadəsidir. Ali Məclisin Sədri cənab Vasif Talıbovun təhsilə, təhsil işçilərinə göstərdiyi yüksək diqqət və qayğı sayəsində son 10 ildə muxtar respublikamızda 165 təhsil müəssisəsi tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuş, məktəblərdə müasir tədris şəraiti yaradılmışdır. Əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də muxtar respublikada həyata keçirilən tədbirlərin ön sıralarında təhsil qurucu­luğu dayanır. Bu il Şərur rayonunda Kürkənd, Cəlilkənd, Babək rayonunda Qoşadizə, Xal-xal, Ordubad rayonunda Ordubad şəhər 3 nömrəli, Culfa rayonunda Gal kənd tam orta məktəbləri üçün müasir binalar tikilərək müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Hazırda Naxçıvan şəhərində Naxçıvan Dövlət Texniki və Musiqi kollecləri, Şərur rayonunda Kürçülü, Şərur şəhər 2 nömrəli, Oğlanqala, Axaməd, Yuxarı Yaycı, Babək rayonunda Nehrəm kənd 2 nömrəli, Xəlilli, Yarımca, Ordubad rayonunda Gilançay, Tivi, Culfa rayonunda Saltaq, Qızılca, Şahbuz rayonunda Daylaqlı, Kəngərli rayonunda Yurdçu kənd tam orta məktəbləri, həmçinin yeni yaradılmış Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey və Ordubad Şəhər Texniki-Peşə və Sürücülük Məktəbi üçün yeni binalar inşa olunur və ya əsaslı şəkildə yenidən qurulur.
Muxtar respublikada istifadəyə verilən məktəb binalarının müasir maddi-texniki baza ilə təmin olunması da təhsil sahəsinə göstərilən dövlət qayğısının mühüm tərkib hissəsidir. Bu günədək ümumtəhsil məktəblərində 600-dən çox elektron lövhə və 3700 dəst kompüter quraşdırılmışdır. Müəllim və şagirdlərin istifadəsinə verilən kompüterlərin 84 faizi internet şəbəkəsinə qoşulmuşdur. Yaradılan müasir şərait pedaqoji kollektivlərin işini xeyli asanlaşdırmaqla yanaşı, yeni təlim metodlarından istifadəyə də geniş imkanlar açmışdır.
Muxtar respublikada təhsilin inkişafına hesablanmış tədbirlər sırasında təhsil yarmarkalarının təşkilinin mühüm rolu vardır. 2005-ci ildən etibarən muxtar respublikada hər il ənənəvi olaraq keçirilən təhsil yarmarkaları gənc müəllimlərin məşğulluğunun təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu tədbirlərin nəticəsidir ki, ötən dövrdə təhsil yarmarkalarında iştirak edən yüzlərlə gənc müəllim muxtar respublikanın ümumtəhsil məktəblərində işlə təmin olunmuşdur. Bu il sentyabrın 4-də keçirilən növbəti təhsil yarmarkasında 136 nəfər gənc müəllim təyinatı üzrə məktəblərə göndəriş almış və peşə fəaliyyətlərinə başlamışdır.
Hər bir müəllim üçün ən gözəl hədiyyə onun yetişdirdiyi gəncin etimadı doğrultması, başını uca edərək layiqli vətəndaş kimi böyüməsidir. Bu gün mütərəqqi təhsil metodlarının tətbiqi müəllim zəhmətinin bəhrələrini daha da artırır, ali və orta ixtisas məktəblərinə tələbə qəbulunda uğurlu nəticələr qazanılır. Muxtar respublikada 2014-2015-ci tədris ilində də qəbul imtahanlarında yüksək nəticələr əldə edilmiş, məktəbi bitirən məzunlardan 1582-si ali məktəblərə qəbul olunmuş, onlardan 313-ü 500-700 arası bal toplamışdır.
Bu gün müəllim əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir. 2007-ci ildən bu günədək muxtar respublikada 35 müəllimin “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olması bunun əyani ifadəsidir. Həmçinin müəllimlərdən 65-i Azərbaycan Respublikasının, 83-ü Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adlarına layiq görülmüş, 60 müəllim “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Müəllimlər gələcəyimiz olan gənclərin təhsil almasında, tərbiyə olunmasında xüsusi rol oynayır. Gələcəyimizin təməli müəllimlər tərəfindən qoyulur. Bu təməl nə qədər möhkəm qoyulsa, gələcəyimiz bir o qədər möhkəm qurulacaq, uğurlu olacaqdır”.
Cəmiyyət üçün faydalı fərdlər hazırlamağı özünün həyat amalı kimi qəbul edən muxtar respublika müəllimləri bundan sonra da təhsilin inkişafında yorulmadan çalışacaq, vətənpərvər və bilikli gənc nəsil yetişdirəcəklər.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR