Qəbul imtahanlarında hər il yüksək nəticə göstərən təhsil müəssisələrindən biri də Naxçıvan şəhərindəki 5 nömrəli tam orta məktəbdir. Təhsildə qazandığı uğurlarla həmişə diqqətçəkən bu təhsil ocağını 2014-2015-ci tədris ilində bitirən məzunlardan 46 nəfəri ali məktəblərə sənəd verib, onlardan 39-u tələbə adını qazanıb. 5 nəfər orta ixtisas məktəblərinə qəbul olunub. 12 nəfər 500-700 intervalında bal toplayıb. Məktəb üzrə ən yüksək bal toplayan isə Bətulə Əlizadədir. Onu oxucularımızla tanış edirik:
– Valideynlərim təhsil sahəsində fəaliyyət göstərirlər. Ailəmizdə təhsilə hər zaman böyük maraq olub. Bu gün uğur qazanmağımda ailəmin rolunu xüsusilə qeyd etməliyəm. Təhsil aldığım məktəbdə həm yaradılan şərait, həm də müəllimlərimizin bizimlə məsuliyyətlə çalışmaları yüksək nəticə qazanmağımıza stimul olub. Zəngin maddi-texniki bazaya və müasir tədris şəraitinə malik olan məktəbimiz ən müasir informasiya texnologiyaları, dərslik, bədii ədəbiyyat və tədris vəsaitləri ilə təmin edilib. Yaradılan bu şərait biz gənclərin daha yaxşı təhsil almalarına geniş imkanlar açıb. Uşaqlıqdan dəqiq elmlərə marağım böyük olub. Bu fənlər üzrə olimpiadalarda iştirak etmişəm. Bu il keçirilən riyaziyyat üzrə fənn olimpiadasında gümüş medal qazanmışam. Bir arzum var idi ki, yüksək bal toplayaraq istədiyim ixtisası seçim. Bu arzuma çatdım. 687 bal toplayaraq Naxçıvan Dövlət Universitetinin Riyaziyyat-informatika müəllimliyi ixtisasına qəbul olundum. Qeyd edim ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovla görüşən gənclər sırasında olmağım mənim üçün qürurverici idi. Ali Məclis Sədrinin bu tövsiyələri yaddaşımdan silinməyəcək: “Bu gün kitab oxumaq, yaxşı təhsil almaq işin yalnız bir tərəfidir. Əsas məsələ özünü yüksək ixtisaslı kadr kimi hazırlamaqdır. Ona görə də seçdiyiniz ixtisasa dərindən yiyələnməli, kamil mütəxəssis kimi yetişməlisiniz”.
Söz verirəm ki, vətənpərvər gənc, ixtisaslı mütəxəssis kimi yetişəcək, qədim Naxçıvanımızın daha da çiçəklənməsinə öz töhfəmi verəcəyəm.
Sara Əzimova