Builki qəbul imtahanlarında yüksək nəticə göstərən gəncləri oxucularımızla yaxından tanış etməyə davam edirik. Bu dəfə haqqında söhbət açacağımız gənclər Şahbuz rayonunun ümumtəhsil məktəblərinin məzunlarıdır. Qeyd edim ki, rayonun ümumtəhsil məktəblərindən ali məktəblərə sənəd verən 139 abituriyentdən 92-si tələbə adını qazanıb. Onlardan 21 nəfəri 500-700 intervalında bal toplayıb. 6 nəfər 600 balı keçərək digər həmyaşıdlarından fərqlənib.
Vüsal HƏSƏNOV: – Orta təhsilimi Şahbuz şəhər 1 nömrəli tam orta məktəbdə almışam. Bir gənc olaraq deyə bilərəm ki, rayonda təhsilə diqqət yüksək səviyyədədir. Bu səbəbdəndir ki, hər il rayonun məzunları qəbul imtahanlarında yüksək nəticə əldə edirlər. Belə nəticəni qazanmaq mənə də qismət oldu. 639 bal toplayaraq Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi ixtisasına qəbul olundum. Uşaqlıqdan hərənin bir arzusu olduğu kimi, mənim də ən böyük arzularımdan biri həkim olmaq idi. Ağxalatlı insanlara hər zaman heyranlıqla baxmışam. Ancaq yüksək bal toplayaraq bu arzuma çata bilərdim. Özümə çox güvənirdim. Çünki müəllimlərimin verdiyi tapşırıqlarla yanaşı, özüm də əlavə kitablardan elmin sirlərinə yiyələnirdim. Çalışırdım ki, bilmədiyim nəsə qalmasın. İmtahanda suallarla tanış olanda düşündüm ki, çəkdiyim əziyyət boşa getməyib. Çətinlik çəkmədən sualları cavablandırdım. İmtahandan çıxanda artıq bilirdim ki, arzuma çatmağa çox az qalıb. İndi artıq tələbəyəm.
İmamverdi BEHBUDLU: – Mən Yuxarı Qışlaq kəndində anadan olmuşam və orta təhsilimi həmin kənddə almışam. Digər həmyaşıdlarım kimi, mən də sevincliyəm. Əsas da valideynlərimin və müəllimlərin ümidlərini boşa çıxarmadığıma görə qürurlanıram. Hədəfim 600 balı keçmək idi. Bunu əldə etdim. Artıq Qafqaz Universitetinin Mexanika mühəndisliyi fakültəsinin tələbəsiyəm. Ali təhsilimi də bu cür uğurla başa vurmaq istəyirəm. Düşünürəm ki, seçdiyim peşəyə yiyələnmək üçün bundan sonra da əziyyət çəkməliyəm. Əsas yolu qət eləmişəm. Yüksək səviyyəli kadr kimi yetişməyimiz üçün ölkəmizdə gənclərə hər cür şərait yaradılıb. Məsuliyyətli illər isə qarşıdadır. Çətin yola qədəm qoyuruq. Seçdiyim ixtisasa yiyələnmək, zəngin bilik qazanmaq üçün böyük səylə çalışacağam. Bundan sonra da biliklərə mükəmməl və dərindən yiyələnmək mənim əsas vəzifəm olacaq.
Aysu RƏŞİDZADƏ: – Çox sevincliyəm ki, yüksək nəticə göstərən tələbələr sırasındayam. İndi tələbə olmaq heç də çətin deyil. Çünki yaxşı təhsil almaq üçün hər cür şərait yaradılıb. Bu gün rayonumuzun hər kəndində müasir məktəb binası var. Gələcəyini fikirləşən hər bir gənc bu şəraitdən düzgün istifadə edərək uğur qazana bilər. Yaxşı haldır ki, rayonumuzda, demək olar ki, gənclər arasında böyük bir rəqabət mövcuddur. Mən tələbə adını qazanacağıma inanırdım. Ancaq məqsədim həm yüksək bal toplamaq, həm də seçdiyim ixtisasa qəbul olunmaq idi. Xarici dillərə çox böyük həvəsim olub. İngilis dili müəllimi olmaq istəyirdim. 611 bal toplayaraq Naxçıvan Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisasına qəbul olundum. Arzuma çatdığım üçün sevinirəm.
Şəfa KƏRİMOVA: – Aşağı Qışlaq kənd tam orta məktəbinin məzunuyam. Məktəbimizin yeni binası istifadəyə veriləndə səkkizinci sinifdə oxuyurdum. Müasir məktəb binasında təhsil almaq bizim üçün böyük sevinc idi. Məktəbimizdə yaxşı təhsil almaq üçün bütün imkanlar vardır. Qəbul imtahanına tam hazır vəziyyətdə getdim. İmtahanlar şəffaf və obyektiv şəkildə keçdi. 602 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasına qəbul olundum. Bu, mənim üçün həyatda ən böyük uğurlardan biridir. Arzusunda olduğum həkimlik peşəsinə yiyələnəcəyəm. Uşaqlıqdan həmişə demişəm ki, insanlara adım kimi şəfa paylayacağam. Düşünürəm ki, seçdiyim peşə də ən məsuliyyətli peşələrdən biridir. Bu günlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov muxtar respublikada yüksək bal toplamış tələbələrlə görüşündə biz gənclərə üzünü tutaraq dedi ki, cəmiyyətdə layiqli yer tutmaq, vətənə və millətə faydalı olmaq üçün bundan sonra da yaxşı təhsil almalı, öz üzərinizdə daim işləməli, mütaliə etməli, bilik və dünyagörüşünüzü artırmalısınız. Hər bir gənc mütəxəssis hansı ixtisas üzrə təhsil almasından asılı olmayaraq, birinci növbədə Azərbaycan dilini və tarixini öyrənməli, milli dəyərləri, azərbaycanlılara məxsus adət-ənənələri dərindən mənimsəməlidir. Bu sözləri həmişə yaddaşımda saxlayaraq hərtərəfli biliyə malik bir gənc kimi təhsilimi başa vurmağa çalışacağam.
Sara ƏZİMOVA