Keçən əsrdə dialekt və şivələrimizin tədqiqi monoqrafik təhlil, dilçilik coğrafiyası və lüğətçilik olmaq üzrə üç istiqamətdə həyata keçirilirdi. Azərbaycan türkcəsinin dialekt və şivələrinin tədqiqinə həsr olunmuş elmi ədəbiyyatlarda bu əsas üç istiqamət üzrə, adətən, təsviri, müqayisəli və müqayisəli-tarixi üsullardan istifadə edilərək təhlillər aparılırdı. Bu zaman dialekt və şivələrimizin qrammatik quruluşu, lüğət tərkibi və dialekt materialları qohum dillərin, eləcə də türk dillərinə aid qədim abidələrin materialları ilə müqayisə edilir və yekun nəticəyə gəlinirdi. Bu da dialektoloji atlasın yaranması zərurətini ortaya çıxarmışdı.
Dilçilik elminin tədqiqi təcrübəsi göstərir ki, müasir dövrdə dilçilik coğrafiyası faktları olmadan dialekt və şivələri, dil tarixini öyrənmək və türk dillərinin müqayisəli qrammatikasını yaratmaq mümkün deyildir. Dilçilik coğrafiyası eyni zamanda hansı qrammatik forma və ya sintaktik konstruksiyanın daha sabit, hansının dəyişkən olduğunu müəyyənləşdirməyə imkan verir ki, bu da dil tarixi üçün çox vacibdir.
Məlum olduğu kimi, dialekt və şivələr tədricən aradan çıxır. Lakin dialekt faktları, məlumatları dialektoloji atlaslarda və ya toplanmış mətnlərdə yaşadılır. Odur ki, dialektoloji atlas həm də sonrakı araşdırmalar üçün mötəbər bir mənbə kimi də qiymətlidir.
Dialektoloji atlasların əsasını təşkil edən dilçilik coğrafiyasının əsas vəzifəsi dil hadisələrinin yayılma arealının, bu yayılma ilə əlaqədar olan problemlərin öyrənilməsindən ibarətdir.
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu da bu istiqamətdə xeyli iş görmüşdür. Belə ki, 2000-ci ilin əvvəllərinə qədər Naxçıvan regionunun ədəbi və folklor mühiti, musiqi və teatr həyatı, coğrafi adlar sistemi, dialekt və şivələri ötəri və səthi şəkildə öyrənilmişdisə, muxtar respublikada elm adamları üçün yaradılmış şərait nəticəsində indi artıq bu sahədə xeyli araşdırmalar aparılmış, uğurlu nəticələr əldə edilmişdir. Ötən dövr ərzində “Azərbaycan dilinin Şahbuz şivələri”, “Naxçıvan dialekti”, “Naxçıvan dialekt və şivələrinin söz varlığı” kitabları işıq üzü görmüşdür. Bu yaxınlarda isə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu ilə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu müştərək olaraq “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nı nəşr etdirmişdir. “Elm və təhsil” nəşriyyatında nəfis şəkildə hazırlanmış kitab 1990-cı ildə nəşr olunmuş “Azərbaycan dilinin dialektoloji atlası” kitabından sonra ilk təşəbbüs kimi diqqətəlayiqdir. Onu da qeyd etmək lazımdır ki, keçmiş SSRİ-də türk respublikaları üzrə ilk dialektoloji atlas olan həmin kitabda Naxçıvan bölgəsinin dialektoloji materiallarına az yer verilmişdi. Bu da təbii idi, çünki Naxçıvan bölgəsinin dialekt xüsusiyyətləri 1950-1956-cı illərdə keçirilmiş ekspedisiyalar zamanı qismən öyrənilmiş, ancaq ondan sonra bu sahədə ətraflı tədqiqat işi həyata keçirilməmişdi.
“Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” kimi irihəcmli fundamental mənbə mahiyyəti daşıyan kitabın hazırlanması üçün müəlliflər kollektivi tərəfindən, ilk növbədə, proqram tərtib olunmuş, dialektoloji atlasın materialları içərisində izoqloss təşkil edən spesifik fonetik, morfoloji, sintaktik və leksik xüsusiyyətlər müəyyən olunmuşdur. Bu qiymətli kitab Naxçıvan dialekt və şivələrinə aid dil materiallarını və 250 xəritəni əhatə edir. Əsərin əvvəlində akademik Tofiq Hacıyevin Azərbaycan dialektologiyasında Naxçıvan dialekt və şivələrinin yeri və önəmi, ümumtürk dünyasında əhəmiyyəti, atlasın səciyyəvi xüsusiyyətləri haqqında geniş ön sözü verilmişdir. Bundan əlavə, atlasda material toplanmış yaşayış məntəqələrinin xəritələrdəki kodları, informatorlar haqqında məlumat da öz əksini tapmışdır. Məlumdur ki, Naxçıvan Muxtar Respublikasında erməni hücumu və işğalı nəticəsində boşaldılmış bir neçə yaşayış məntəqəsi mövcuddur. Həmin kəndlərin əhalisi müxtəlif bölgələrdə yerləşdirilmişdir. Kitabda həmin informatorların müvəqqəti yaşayış yerləri müəyyən edilmiş və onlardan da tədqiqatın tamlığı üçün dialekt materialları toplanmışdır.
Atlasın ən dəyərli cəhətlərindən biri də ondan ibarətdir ki, dialekt vahidlərinin yayılma coğrafiyası kodlar, riyazi işarələr vasitəsilə ifadə olunmuşdur. Bu isə həmin dil xüsusiyyətlərini digər türk dilləri, dialekt və şivələri, qədim türk yazılı abidələri ilə asanlıqla müqayisə etmək və yekun nəticəyə gəlmək imkanı yaradır.
Onu da qeyd edək ki, kitabdakı materiallar Azərbaycan dili ilə yanaşı, türk, ingilis və rus dillərində də verilmişdir. Kitabın dörd dili əhatə etməsi onun istifadə dairəsinin genişlənməsinə, bu tədqiqatların beynəlxalq aləmə çıxmasına imkan yaratmışdır.
Əbülfəz QULİYEV
AMEA-nın müxbir üzvü