23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsində keçirilmiş hesabat iclasını giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb.
Akademik Naxçıvan Muxtar Respublikasında aparılan tədqiqatlarla bağlı geniş məlumat verərək muxtar respublikanın tarixinin öyrənilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini deyib. O bildirib ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Xaraba Gilan arxeoloji ekspedisiyası 2015-ci ildə Plovdağ arxeoloji abidələr kompleksində (İkinci nekropolda), Dəlmə qalasında və Xaraba Gilan orta əsrlər şəhər yerində arxeoloji qazıntı işləri aparıb və tarixi əhəmiyyət daşıyan bir çox məlumatlar əldə olunub. Qazıntı işlərində AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları da yaxından iştirak ediblər.
İclasda ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli çıxış edərək əldə olunan yeniliklər haqqında geniş məlumat verib.

Qeyd olunub ki, İkinci Plovdağ nekropolunda II və V qazıntı sahələrində tədqiqatlar davam etdirilib. II qazıntı sahəsində – 100 kvadratmetr sahədə 50-70 santimetr Orta Tunc dövrü mədəni təbəqəsi altında fərdi yaşayış evi, plitə daşlardan qurulmuş dördbucaqlı uşaq qəbri və təsərrüfat quyusu aşkara çıxarılıb.
Ekspedisiyanın tədqiq etdiyi ikinci abidə ilk orta əsrlər dövrünə aid Dəlmə qalasıdır. Buradakı tədqiqat işləri başa çatdırılıb və qalanın qərb divarından 30 metr aşağıda, qala yerləşən dağın ətəyində iki kürə tədqiq olunub. Tədqiq olunan üçüncü abidə isə orta əsrlərə aid Xaraba Gilan şəhər yeridir. Burada bir çox şirli, şirsiz gil qablar, təsərrüfat küpləri və əksəriyyəti Hülakülər dövrünə aid olan mis sikkələr tapılıb.
Tədqiqatçılar iclasda iştirak edənlərin suallarını cavablandırıblar.
İclasa yekun vuran AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev əldə olunan qiymətli məlumatların Naxçıvan Muxtar Respublikasının tarixinin, etnoqrafiyasının öyrənilməsində böyük əhəmiyyət daşıdığını bildirib.

 Nərgiz İsmayılova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR