23 Dekabr 2024, Bazar ertəsi

Dünən Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində muxtar respublikanın təhsil işçilərinin sentyabr konfransı keçirilmişdir. Konfransda Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev çıxış edərək əvvəlcə yeni dərs ilinin başlaması münasibətilə təhsil işçilərini təbrik etmiş, 2014-2015-ci tədris ilinin yekunları və qarşıda duran vəzifələr barədə danışmışdır.

Qeyd olunmuşdur ki, bu gün muxtar respublikamızda təhsilə diqqət və qayğı ən yüksək səviyyədədir. Yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchizatı bu qayğının bariz nümunəsidir. Hazırda Şərur rayonunda Kürçülü, Şərur şəhər 2 nömrəli, Oğlanqala, Axaməd, Yuxarı Yaycı, Babək rayonunda Nehrəm kənd 2 nömrəli, Xəlilli, Xal-xal, Yarımca, Ordubad rayonunda Gilançay, Tivi, Culfa rayonunda Saltaq, Qızılca, Gal, Şahbuz rayonunda Daylaqlı, Kəngərli rayonunda Yurdçu kənd tam orta məktəbləri və yeni yaradılmış Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey üçün binaların tikintisi və ya əsaslı şəkildə yenidən qurulması, Ordubad Şəhər Texniki-Peşə və Sürücülük Məktəbi üçün binanın yenidən qurulması davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 20 iyun 2014-cü il tarixli “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn məsələlərin həlli istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində milli-mənəvi dəyərlərimizi özündə əks etdirən muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələrin təşkili həyata keçirilir. Belə ki, 2014-2015-ci tədris ilində muxtar respublikamızda yerləşən 12 muzey ilə ümumtəhsil məktəbləri arasında canlı bağlantılar yaradılmışdır. Muxtar respublikamızda muzeylərlə 200-dən çox məktəbin virtual əlaqəsi yaradılmış və şagirdlərimizin birbaşa olaraq məktəblərimizdən canlı şəkildə milli-mənəvi irsimizə aid biliklərinin artırılmasına xidmət edən bu işlər tədris ili boyu davam etdirilmişdir.
Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi, müəllimlik fəaliyyətinin stimullaşdırılması və müəllimlərin əməyinin qiymətləndirilməsinin təmin olunması məqsədilə 1-18 mart 2015-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərində çalışan müəllimlərin attestasiyası keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 aprel 2015-ci il tarixli “Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin yaradılması haqqında” Sərəncamı ilə Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey yaradılmışdır. 2015-2016-cı tədris ilindən fəaliyyətə başlayacaq Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə şagird qəbulu üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində sənəd qəbulu komissiyası yaradılmışdır. Komissiya tərəfindən muxtar respublika ümumtəhsil məktəblərindən Fizika-Riyaziyyat Təmayüllü Liseyin VII-X siniflərində oxumaq üçün 1060 oğlan şagirdin sənədləri qəbul edilmişdir. Keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, 160 şagird liseyin müvafiq siniflərinə qəbul olunmuşdur.
Piri Nağıyev demişdir ki, muxtar respublikada müəllim əməyinin qiymətləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu mənada, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 22 iyun 2015-ci il tarixli “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Sərəncamı müəllim əməyinə, ümumilikdə, təhsilə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
“Ali və orta ixtisas məktəblərinə həm sənədvermə, həm də qəbulun nəticələri ilbəil yaxşılaşmışdır”, – deyən təhsil naziri qeyd etmişdir ki, cari ilin məzunlarından 1582-si ali məktəblərə qəbul olunmuşdur. Bu da sənəd verənlərin 60 faizini təşkil edir. Ötən il isə abituriyent­lərin 55,4 faizi tələbə adını qazanmışdır. Qəbul imtahanlarında məzunların 313-ü 500-700 arası bal toplamışdır ki, bu da ümumi qəbul olunanların 19,8 faizini təşkil edir. Şərur rayon Zeyvə kənd tam orta məktəbinin məzunu Əli Allahverdiyev qəbul imtahanlarında 700 bal toplamışdır.
2014-cü ildə 117 ümumtəhsil məktəbinin məzunları qəbul imtahanlarında yüksək nəticələr göstərmişdirsə, 2015-ci ildə belə məktəblərin sayı 129-a çatmışdır.
Şagirdlər arasında hərbi təhsilə maraq xeyli artmışdır. 2015-ci ildə məzunlardan 36-sı xüsusi təyinatlı ali hərbi məktəblərə qəbul olunmuşdur. Eyni zamanda Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 203-ü ölkənin müxtəlif ali hərbi məktəblərinə qəbul olmuşdur. Ümumilikdə, ali hərbi məktəblərə 1785 məzun qəbul olmuşdur ki, bu da həmin təhsil müəssisələrinə sənəd verənlərin 62,8 faizini təşkil edir. Bu isə ötən illə müqayisədə 4,6 faiz artım deməkdir.
Piri Nağıyev işdə buraxılan nöqsanlardan da danışmışdır. Bildirilmişdir ki, muxtar respublikamızın pedaqoji kollektivləri içərisində 2014-2015-ci tədris ili ərzində təhsil prosesinə ciddi yanaşmayan, yüksək şagird və müəllim kontingenti olmasına baxmayaraq, ali və orta ixtisas məktəblərinə qəbul zamanı çox zəif nəticə göstərən ümumtəhsil məktəblərimiz də olmuşdur. Belə ki, Şərur rayonu üzrə 1, Babək rayonu üzrə 3, Ordubad rayonu üzrə 4, Culfa rayonu üzrə 2, Şahbuz rayonu üzrə 1, Kəngərli rayonu üzrə 1 olmaqla muxtar respublika üzrə 12 tam orta məktəbdən ali və orta ixtisas məktəblərinə cəmi 20-30 faiz qəbul olmuşdur. Bununla yanaşı, muxtar respublikanın 25 tam orta məktəbindən sənəd verənlərin 30-40 faizi, 15 tam orta məktəbindən isə 40-50 faizi tələbə adını qazanmışdır.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
Sonda qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və ümumtəhsil müəssisələrinin pedaqoji kollektivləri göstərilən qayğının müqabilində daha səylə çalışmalı, öz işlərini şagirdlərin bilik, bacarıq və vərdişlərinin yüksəldilməsi istiqamətində qurmalıdırlar.
Konfransa təhsil naziri Piri Nağıyev yekun vurmuşdur.

Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR