Bəşər sivilizasiyasının ilkin dövrünün yadigarlarından biri I Kültəpə abidəsi Babək rayonu ərazisində, Naxçıvan çayının sol sahilindəki eyniadlı kənddə yerləşir. 1951-ci ildə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun arxeoloji ekspedisiyası Osman Həbibullayevin rəhbərliyi ilə I Kültəpədə sistemli tədqiqat işlərinə başlamışdır.
1951-1963-cü illərdə aparılan tədqiqatlar zamanı ilk qazıntı sahəsindən müxtəlif dövrlərə aid dörd mədəni təbəqə aşkar edilmişdir. Əvvəlcə abidənin Neolit dövrünə aid olması ilə bağlı müxtəlif fikirlər söylənilib. Lakin sonralar tədqiqatçılar bunu inkar edərək abidənin Eneolit dövrünə aid olması ilə bağlı fikirlər irəli sürüblər. Ümumiyyətlə, Kültəpə stratiqrafiyasına görə, Eneolit, Erkən Tunc, Orta Tunc və Son Tunc dövrlərini əhatə edən çox nadir abidələrdən biridir. Lakin Kültəpənin Neolit dövrünə aidliyi mübahisəli olduğuna görə AMEA Naxçıvan Bölməsinin xüsusi arxeoloji ekspedisiyası, eyni zamanda Azərbaycan-Fransa arxeoloji ekspedisiyası məhz buranı tədqiqat obyekti seçmişdir.
Məlumat üçün bildirək ki, Kültəpədə tədqiqat işlərinə 2013-cü ildən başlanılmış və burada kəşfiyyat xarakterli araşdırmalar aparılmışdır. 2014-cü ildə də tədqiqat işləri davam etdirilmişdir. Avqust ayının 1-dən burada yenidən tədqiqat işlərinə start verilmişdir. Bütün bunları tədqiqat aparılan ərazidə qəzetimiz üçün müsahibə verən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, arxeoloji ekspedisiyanın rəhbəri Vəli Baxşəliyev dedi. O, Kültəpə yaşayış yerinin Naxçıvan Muxtar Respublikası ərazisində Neolit dövrünə aid ən nadir abidələrdən biri olduğunu xüsusilə vurğuladı. Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, Kültəpənin hazırda qalan maddi-mədəniyyət qalıqları Son Neolit və Eneolit dövrlərinin əvvəllərini əhatə edir. Bəzi qisimlərdə Kür-Araz mədəniyyətinə aid maddi-mədəniyyət qalıqları da vardır. İndiyə qədər burada aşkar olunan maddi-mədəniyyət nümunələrinin Azərbaycan arxeologiyası üçün mühüm olmasına baxmayaraq, yeni tədqiqatların da böyük əhəmiyyəti vardır. Çünki Sovetlər Birliyi dövründə aparılan tədqiqatlar yüksək səviyyədə olmadığına, fotoşəkillər kifayət qədər yaxşı qalmadığına və əksəriyyəti itib-batdığına görə yeni tədqiqatlara ehtiyac yaranmışdı. Ona görə də tədqiqatlar vasitəsilə evlərin planının, abidənin stratiqrafiyasının yerində müəyyənləşdirilməsi və əhalinin həyat tərzi ilə bağlı yeni maddi-mədəniyyət nümunələrinin əldə edilməsi tariximiz üçün olduqca böyük əhəmiyyət daşıyır.
“Hazırda aparılan tədqiqatlar qədim dövrdə Kültəpə sakinlərinin, daha doğrusu, qəbilə, tayfa üzvlərinin böyük hasarlarla əhatə olunmuş kiçik evlərdə yaşadığını sübut edir”, – deyən Vəli müəllim diqqətə çatdırdı ki, bir həyətin içərisində bir neçə evin olduğu artıq arxeoloji qazıntılar zamanı təsbit edilmişdir. Tədqiqatlar zamanı Son Neolit və Eneolit dövrlərinə aid qəbir abidələri, skelet qalıqları aşkara çıxarılmışdır. Aşkar olunan nümunələr müasir texnologiya tətbiq edilməklə tədqiq olunur. Arxeoloq əlavə edir:
– Aparılan tədqiqatlar onu göstərir ki, Kültəpədə Neolit dövrünün sonunda, eramızdan əvvəl VII minilliyin sonundan başlayaraq yaşayış olmuşdur. Halbuki Sovetlər Birliyi dövründəki araşdırmalarda Kültəpədə ən qədim tarix eramızdan əvvəl 4800-cü ili əhatə edir. İndi isə 6200-6100-cü illəri göstərən faktlar əlimizdə vardır. Belə hesab edirik ki, gələcək tədqiqatlar zamanı daha qədim dövrlərə aid olan maddi-mədəniyyət nümunələri də əldə olunacaqdır. Kültəpə abidəsinin ətrafında aşkar olunan abidələrdə də biz tədqiqatlar aparırıq. Və bu abidələr kompleks şəkildə Son Neolit və Eneolit dövrlərinin müxtəlif mərhələlərinin ardıcıl inkişafı haqqında məlumat verəcəkdir. Halbuki indiyə kimi Neolit, eyni zamanda Eneolit dövrlərinin müxtəlif dövrləri haqqında kifayət qədər məlumat yox idi. Bildiyimiz kimi, 10 ilə yaxındır, Ovçular təpəsi abidəsində tədqiqatlar aparılır. Və orada Son Eneolit dövrünün qalıqları vardır. Kültəpədə isə Eneolit dövrünün erkən mərhələsi vardır. Orta mərhələ isə, hələlik, yoxdur. Və biz belə hesab edirik ki, Kültəpə ətrafında tapılan Eneolit abidələri bu boşluğu doldurmağa imkan verəcəkdir. Bizim də məqsədimiz bu boşluğu doldurmaq və Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın qədim tarixini bərpa etməkdən ibarətdir.
Tədqiqat yerində Fransa Milli Araşdırma Mərkəzinin elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Remi Berthonla söhbətləşdik. Onun dediklərindən:
– Mən Kültəpədə heyvan sümükləri üzərində araşdırmalar aparıram. Tədqiqatlar zamanı heyvan sümüklərinə rast gəldim. Bu, imkan verəcək ki, mən qədim insanların burada hansı heyvanlardan istifadə etdiyini biləm. İlkin məlumat olaraq deyə bilərəm ki, daha çox ev heyvanlarından istifadə olunub. Maraqlıdır ki, donuz ətindən, ümumiyyətlə, istifadə etməyiblər. İstifadə olunan heyvanlar, zənnimcə, yaylaqlara aparılıb. Bu da onu göstərir ki, 8000 il bundan əvvəl artıq insanlar yaylaqlardan istifadə etməyə başlayıblar. Əldə etdiyimiz nəticələr Neolit və Eneolit dövrlərinin müxtəlif mərhələlərində Kültəpə qədim yaşayış yerində yaşayan insanların həyat tərzi haqqında məlumat verəcək. Araşdırmalarımız sentyabr ayının 1-nə kimi davam edəcək.
Qeyd edək ki, hazırda Duzdağ ərazisində də tədqiqat işləri davam edir. Məlum olduğu kimi, 2006-cı ildən Duzdağda tədqiqat işləri aparılır. Əvvəlki tədqiqat işlərində müəyyən nəticələr əldə olunmuşdur. Bu tədqiqatlar sübut edir ki, Eneolit dövründən başlayaraq Naxçıvanda mədənçilik mövcud olmuş, e.ə. 4-cü minillikdə bu, daha geniş miqyas almışdır. Tədqiqatçılar Duzdağı dünyanın ən qədim duz çıxarılan mədənin yerləşdiyi ərazi hesab edirlər. Vəli müəllim bildirdi ki, hazırda Duzdağda qədim qalereyaların, mədənlərin strukturu, ən qədim mədənlərin forması, hansı texnikalardan istifadə olunaraq duz çıxarılması ilə bağlı məlumatların əldə olunması istiqamətində tədqiqat işləri aparılır. Müəyyən nəticələr əldə edilmişdir. Aparılan araşdırmalar göstərir ki, Eneolit dövrünün sonu, Erkən Tunc dövrünün əvvəllərindən başlayaraq qədim mədənçilər açıq üsulla duz çıxarmışlar. Duzların yer səthinə çıxan hissələri insanlar tərəfindən istifadə olunmuşdur. Əmək alətləri primitiv olduğu üçün bu üsuldan daha geniş istifadə edilmişdir. Həm də bu üsul asan olmuşdur. Lakin sonradan əmək alətləri təkmilləşdikcə insanlar daha dərin quyular, hətta qalereyalar qazmaq kimi üsullardan istifadə edərək duz çıxarmışlar.
Sara ƏZİMOVA