Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülmüş pedaqoji profilli ixtisaslarında təhsil alan tələbələrlə görüşlər keçirir.
Növbəti görüş oktyabrın 1-də təşkil olunub. Tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq Azərbaycanda təhsilin inkişaf strategiyasından, ümummilli lider Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamından danışıb. Qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti tarixi inkişaf yolu keçən, çoxillik ənənələrə söykənən, yüksəkixtisaslı mütəxəssislər yetişdirən, güclü maddi-texniki bazaya malik olan, beynəlxalq əlaqələrini günbəgün genişləndirən ali təhsil ocağıdır. Rektor 27 iyul 2015-ci il tarixli Sərəncamın mühüm əhəmiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev tədbirdə çıxış edərək vurğulayıb ki, bu gün muxtar respublikamızda təhsilə diqqət və qayğı ən yüksək səviyyədədir. Yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, onların müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchizatı bu qayğının bariz nümunəsidir.
Ali və orta ixtisas məktəblərinə həm sənədvermə, həm də qəbulun nəticələrinin ilbəil yaxşılaşdığını vurğulayan təhsil naziri qeyd edib ki, 2014-cü ildə 117 ümumtəhsil məktəbinin məzunları qəbul imtahanlarında yüksək nəticələr göstərmişdisə, 2015-ci ildə belə məktəblərin sayı 129-a çatıb. Bildirilib ki, məzunlar ixtisas seçimi zamanı muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinə daha çox üstünlük veriblər. 2015-ci ildə 1137 nəfər, yaxud ali məktəblərə qəbul olunanların 72 faizi Naxçıvan Muxtar Respublikasında yerləşən ali təhsil müəssisələrini seçiblər. Bu il yüksək balla ali məktəbə qəbul olunaraq Prezident təqaüdünə layiq görülən 8 nəfər tələbənin 4-ü Naxçıvan Dövlət Universitetində təhsil alır.
Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Məmməd Qəribov bildirib ki, Təhsil Nazirliyinin əməkdaşları sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı dəfələrlə Naxçıvan Dövlət Universitetində olaraq tələbələrlə görüşüb, onlarla söhbətlər aparıblar. Belə görüşlər zamanı yeni təlim metodu olan kurikuluma aid metodik vəsaitlər, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ümumtəhsil məktəbləri haqqında yazılı məlumatlar tələbələrə paylanılıb.
Sonda tələbələrə ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin tətbiqi adlı metodik vəsait paylanılıb.
Mina Qasımova