İyunun 29-da Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı tədbirdə hədiyyə qazanmış vətəndaşlara hədiyyələr təqdim olunub.
Bu münasibətlə keçirilən tədbiri Naxçıvan Muxtar Respublikası Vergilər nazirinin müavini, vergi xidməti müşaviri Nurlan Əliyev açaraq nağdsız ödənişlərin aparılması sahəsində görülən işlərdən danışıb. Bildirilib ki, vergi və alıcılıq mədəniyyətini yüksəldən amillərdən biri də nağdsız hesablaşmaların həyata keçirilməsidir. Bu cür hesablaşmalarda əsas vasitə rolunu oynayan POS-terminallardan səmərəli istifadənin təmin edilməsi və nağd pul dövriyyəsinin həcminin azaldılması məqsədilə tədbirlər görülməsi, habelə nağdsız əməliyyatların üstünlükləri haqqında maarifləndirici tədbirlərin həyata keçirilməsi hazırda davam etdirilməkdədir.
Nurlan Əliyev deyib ki, muxtar respublikada POS-terminalların quraşdırılmasına nəzarət gücləndirilib. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublika üzrə cari ilin ilk beş ayı ərzində nağdsız ödənişlərin həcmi 6 milyon 852 min manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 897 min manat çoxdur.