22 Dekabr 2024, Bazar

Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı təmin olunur, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması və genişləndirilməsinə dövlət maliyyə dəstəyi göstərilir, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılır, yeni istehsal və xidmət sahələri, idxaləvəzləyici və ixracyönümlü məhsullar istehsal edən emal və sənaye müəssisələri yaradılır. Aparılan uğurlu islahatlar nəticəsində muxtar respublikada istehsal olunan sənaye məhsulunun 93 faizdən çoxu bu gün artıq özəl sektorun payına düşüb.
Son illər yaradılan müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Müəssisənin direktoru Ələddin Allahverdiyev bildirdi ki, özəl bölməyə, sahibkarlıq fəaliyyətinə göstərilən dövlət qayğısından bu müəssisə də bəhrələnib. Xammal və hazır məhsulların ağırtonnajlı yük avtomobilləri ilə daşınması üçün daha əlverişli yerdə – Naxçıvan dairəvi avtomobil yolunun kənarında müəssisə üçün 15 min kvadratmetr torpaq sahəsi ayrılıb. 2013-cü ilin may ayından inşaat işlərinə başlanılıb, əraziyə elektrik, qaz, su və kanalizasiya xətləri çəkilib.
İnşaat işlərinin vaxtında və keyfiyyətlə aparılması üçün müəssisəyə təcrübəli mütəxəssislər cəlb olunub, 3 istehsal sahəsi, xammal və hazır məhsulların saxlanılması üçün anbar, ayrı-ayrı iş otaqları və sərgi-satış salonu olan inzibati bina, iaşə xidməti göstərilməsi üçün yeməkxana istifadəyə verilib.

Layihəyə uyğun olaraq, laminat-mətbəx dəzgahı, PVC akrilik parlaq panellər və melamin örtüklü plitələr istehsal olunması nəzərdə tutulan müəssisədə ötən il laminat-mətbəx dəzgahı və PVC akrilik parlaq panellər istehsalı sahəsi yaradılıb. Burada İtaliyanın “Omma” və “Osoma”, Almaniyanın “İdm”, Türkiyənin “AS Metal” və “Türk makina” şirkətlərinin istehsalı olan və kompüterlə idarəetmə mərkəzi ilə təmin edilən müasir texnoloji avadanlıqlar quraşdırılıb, istehsal prosesi avtomatlaşdırılıb. Texnoloji proseslərə və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunan müəssisədə istehsal prosesi konveyer üsulu ilə təşkil olunub. Həmçinin müəssisədə havalandırma sistemi qurulub, istehsal prosesi zamanı yaranan tozun və tullantıların kompressorlar vasitəsilə sexdən kənarlaşdırılması və xüsusi bunkerlərə yığılması təmin edilib.
Hər birinin istehsal gücü gündə 10 min ədəd mebel materialları olan yeni istehsal sahələrində xammal ayrı-ayrı mərhələlərdən keçməklə rəng olaraq 100 çeşiddən çox məhsul istehsal edilir. Əvvəllər muxtar respublikamızda fəaliyyət göstərən mebel istehsalı müəssisələrinə hazır materiallar xarici ölkələrdən idxal olunub əlavə daşınma xərci çəkilirdisə, bu müəssisənin fəaliyyətə başlaması ilə həmin problemlər aradan qaldırılıb, istehsal müəssisələri vaxtında və keyfiyyətli mebel materialları ilə təmin olunub.
Yeni istehsal müəssisəsinin fəaliyyətə başlaması daxili bazarı keyfiyyətli məhsullarla təmin etməklə yanaşı, əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayıb. Hazırda müəssisədə 60 nəfər çalışır. Onu da qeyd edək ki, müasir texnoloji avadanlıqlardan səmərəli istifadə etməyi bacaran ixtisaslı mütəxəssislərin hazırlanması da diqqət mərkəzində saxlanılır, müəssisədə çalışan işçilərin Türkiyə Respublikasında ixtisasartırma kurslarında iştirakı təmin olunur. Bu da imkan verir ki, istehsal prosesi yerli mütəxəssislər tərəfindən həyata keçirilsin.
Cari ildə müəssisədə yeni istehsal sahəsi – ağac lifli yonqar lövhələrin boyanması istehsalı sahəsi yaradılıb. İstehsal gücü 8 saatlıq iş rejimində 2000 ədəd lövhə boyamaq olan yeni istehsal sahəsində mebel avadanlıqları istehsalında dünyada məşhur olan İspaniyanın “Barberan” şirkətinin avadanlıqları alınıb gətirilib və idxal olunan dəzgahlar həmin şirkətin Türkiyə təmsilçiliyinin mütəxəssisləri tərəfindən quraşdırılıb. Həmçinin bu istehsal sahəsində çalışan yerli mütəxəssislərin hazırlanması da diqqət mərkəzində saxlanılıb, işçilərin ixtisasartırma kurslarında iştirakı təmin olunub. Hazırda ağac lifli yonqar lövhələrin boyanması istehsalı sahəsində sınaq-yoxlama işləri aparılır. 70 metr uzunluğunda olan konveyer xəttində kompüterlə idarəetmə mərkəzi ilə təmin olunmuş müasir texnoloji avadanlıqlar quraşdırılıb. Verilən sifarişə uyğun olaraq, xammal ayrı-ayrı mərhələlərdən keçməklə hazır­lanır. Yeni istehsal sahəsi istifadəyə veriləndən və müəssisə tam gücü ilə işləyəndən sonra, ümumilikdə, 110 nəfər daimi işlə təmin ediləcək.
Mebel materialları istehsal edilən bu müəssisə muxtar respublikamızda yeganə müəssisədir. Yeni müəssisədə istehsal olunan məhsullar daxili bazarın tələbatını tamamilə ödəməklə yanaşı, ölkəmizin digər regionlarında da satışa çıxarılır, həmin məhsulların gələcəkdə xarici ölkələrə ixrac olunması nəzərdə tutulur. İstehsal olunan məhsulların ayrı-ayrı topdansatış bazalarına vaxtında çatdırılması üçün “Mersedes” markalı ağırtonnajlı yük avtomobilləri alınıb.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR