Son illərdə füsunkar təbiətinə tikinti-quruculuq tədbirlərinin əlavə çalarlar qatdığı Şahbuz rayonu bura yolu düşənləri, sözün həqiqi mənasında, təəccübləndirir.
Rayonda müxtəlif təyinatlı obyektlərin həyata vəsiqə alması, yolların müasir tələblər səviyyəsində yenidən qurulması, körpülər salınması, digər quruculuq tədbirləri sadalanmaqla qurtaran deyil. Ümumilikdə, 24 yaşayış məntəqəsi olan Şahbuz rayonunda 20 məktəb, 20 kənd mərkəzi, 17 xidmət mərkəzi, mərkəzi xəstəxana, 5 həkim ambulatoriyası, 17 feldşer-mama məntəqəsi, rayon mərkəzində onlarla idarə, müəssisə, təşkilat öz fəaliyyətini müasir iş şəraiti yaradılmış binalarda davam etdirir. Şahbuz məhz belə tədbirlər hesabına bu gün özgə büsatdadır.
Hazırda Şahbuz şəhərində uşaq bağçası təhvilə hazırlanır, Daylaqlı kəndində məktəb və kənd mərkəzi üçün yeni binalar inşa olunur. “Dizayn İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin bir qrup inşaatçısına həvalə edilmiş obyektlərdə görülən işin keyfiyyətinə ciddi diqqət yetirilir. 120 şagird yerlik məktəb binası 3 mərtəbədən ibarət olacaq. İdman zalı, kitabxana, laboratoriyalar, şahmat və kompüter otaqları, elektron lövhəli siniflər yeni məktəb binasında tədrisin yüksək səviyyədə təşkilinə imkan verəcək. İnşaatçılar onlara yaradılmış hərtərəfli şəraitdən səmərəli istifadə edir, obyekti vaxtında təhvil vermək üçün səy və bacarıqlarını əsirgəmirlər.
Məktəb binasının yaxınlığında isə kənd mərkəzi üçün bina inşa olunur. Binada kənddə fəaliyyət göstərən dövlət qurumları üçün hərtərəfli iş şəraiti yaradılacaq.
Yaxın günlərdə kənddə xidmət mərkəzinin də tikintisinə başlanılacaq.
Xəbərlər şöbəsi