Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 14 may tarixli Sərəncamına əsasən, hər il iyunun 5-i ölkəmizdə “Su təsərrüfatı və meliorasiya işçiləri günü” kimi qeyd edilir.
Azərbaycanda meliorasiya və irriqasiya işlərinə keçən əsrin əvvəllərindən başlansa da, onun genişmiqyaslı və intensiv inkişafı ötən əsrin 70-ci illərinə təsadüf edir. O dövrdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişafı ilə bağlı tarixi qərarlar qəbul edilmiş, bu sahədə görülən işlərin davamı olaraq ölkəmizdə meliorasiya və irriqasiya kompleksi yaradılmışdır. Bu illər ərzində ölkəmizdə istifadəyə verilən yeni su anbarları və nasos stansiyaları, tikilən hidroqovşaqlar torpaqların etibarlı su təminatına və əkinçiliyin inkişafına geniş imkanlar açmışdır. Araz çayı üzərində həcmi 1,35 milyard kubmetr olan su anbarı, Mil-Muğan hidroqovşağı, uzunluğu 37 kilometr olan Baş Mil Kanalı tikilib istismara verilmişdir. Nəticədə, 1971-1975-ci illərdə 23,5 min hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılmışdır.
1993-cü ildə ulu öndər Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra meliorasiya və su təsərrüfatı sistemində daha geniş islahatlar həyata keçirilmiş, bu sahədə zəngin normativ-hüquqi baza yaradılmışdır. Ulu öndər bu sahəyə yüksək qiymət verərək deyirdi: “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik”.
Dahi şəxsiyyətin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də ölkəmizdə su təsərrüfatı və meliorasiya sahəsinin inkişafına xüsusi diqqət yetirir. Ölkə başçısının rəhbərliyi ilə bu sahədə mühüm dövlət proqramları təsdiq olunmuş, kənd təsərrüfatının inkişafı, meliorativ tədbirlərin genişləndirilməsinə diqqət artırılmışdır.
Naxçıvan Muxtar Respublikasında da su təsərrüfatı və meliorasiya sahəsi böyük inkişaf yolu keçmişdir. Bu gün muxtar respublikada meliorasiya və irriqasiya sistemlərinin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Son illər meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarma şəbəkələrinin genişləndirilməsi, su sistemlərində təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işləri, həmçinin içməli su təminatının yaxşılaşdırılması sahəsində kompleks işlər görülmüşdür. Bu işlərin həyata keçirilməsində Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin üzərinə mühüm vəzifələr düşür. Komitənin fəaliyyəti üçün lazımi şərait yaradılmış, müasir texnikalar alınıb istifadəyə verilmiş, rayon Suvarma Sistemləri idarələrinin maddi-texniki bazası möhkəmləndirilmişdir. Muxtar respublikanın melioratorları yaradılan şəraitdən səmərəli istifadə edərək əhalinin içməli suya olan tələbatının ödənilməsi, suvarma şəbəkələrinin genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər görür, kənd təsərrüfatının inkişafına öz töhfələrini verirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərmanı və sərəncamları ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na, “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na və “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, suvarma sistemlərinin yenidən qurulması və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, mövcud su resurslarından istifadə imkanlarının genişləndirilməsi və suvarma drenaj şəbəkələrinin inkişaf etdirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilir.
Suvarma suyuna olan tələbatın ödənilməsi bol məhsul istehsalında ən vacib amillərdəndir. Bu məqsədlə ötən il 83,8 kilometr kanal, 571,4 kilometr ara arxları lildən təmizlənmiş, 83,5 kilometr yeni suvarma xətti çəkilmiş, 14 kilometr xətt təmir olunmuşdur. Naxçıvanın torpaq-iqlim xüsusiyyətləri nəzərə alınmaqla torpaqlardan səmərəli istifadə edilməsinə də diqqət artırılmış, Şərur, Culfa, Sədərək, Ordubad, Kəngərli, Babək rayonlarında və Naxçıvan şəhərində şoranlaşmış və bataqlaşmış torpaqların miqdarı müəyyənləşdirilərək xəritələşdirmə işləri aparılmışdır. Əkinəyararlı torpaqlarda şoranlaşma və bataqlaşmanın qarşısının alınması məqsədilə kollektor-drenaj şəbəkələri daim işlək vəziyyətdə saxlanılır. Ötən il 79,7 kilometr kollektor lildən təmizlənmiş, 22,1 kilometr yeni drenaj tikilmiş və 3,1 kilometr drenaj isə təmir olunmuşdur.
Son illər həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikada istifadə olunan hidrotexniki qurğuların sayı əsaslı surətdə artmış, torpaqların su təminatı yaxşılaşdırılmışdır. Hazırda muxtar respublikada 108 nasos stansiyası və 849 subartezian quyusu vardır. Həmçinin xalqımızın maddi-mədəniyyət nümunələri sayılan, suvarma və içməli su mənbəyi kimi istifadə olunan kəhrizlərin bərpası da qarşıya mühüm vəzifə kimi qoyulmuşdur. Bu məqsədlə 2003-cü ildə Kəhrizlər İdarəsi yaradılmış, bu idarəyə kəhrizlərin qeydiyyata alınaraq balansa götürülməsi və onların təmir-bərpası tapşırılmışdır. Ötən müddət ərzində idarə tərəfindən muxtar respublikadakı kəhrizlər pasportlaşdırılmış, tariximizi özündə yaşadan bu hidrotexniki qurğularda təmir-bərpa işləri aparılmışdır. Təkcə 2014-cü ildə 10 kəhriz bərpa olunaraq istifadəyə verilmişdir. Ötən il Sədərək rayonu, bu il isə Kəngərli rayonu ərazisində yeni nasos stansiyalarının və suvarma şəbəkələrinin istifadəyə verilməsi də bu sahəyə ayrılan diqqətin daha bir ifadəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu sahədə həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayaraq demişdir: “Son illər ölkəmizdə, eləcə də muxtar respublikada meliorasiya və su təsərrüfatı sisteminin inkişafı sahəsində həyata keçirilən tədbirlər, yeni hidrotexniki qurğuların tikilməsi, rentabelli suvarma şəbəkələrinin qurulması torpaqların əkin dövriyyəsinə qatılmasına və məhsul istehsalının artmasına səbəb olmuşdur”.
Su təsərrüfatı sahəsində qarşıda duran ən mühüm vəzifələrdən biri də əhalinin içməli suya olan tələbatını ödəmək və insanları sağlam və ekoloji cəhətdən təmiz su ilə təmin etməkdir. Bu gün muxtar respublikada içməli su və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində kompleks tədbirlər görülür, kaptajlar bərpa olunur, yeni içməli su xətləri çəkilir, mənzillər keyfiyyətli içməli su ilə təmin olunur. Naxçıvan şəhərində “Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Layihəsi” çərçivəsində həyata keçirilən tədbirlər bu mənada mühüm əhəmiyyətə malikdir. Layihə çərçivəsində inşa olunan və ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi gələcək perspektiv də nəzərə alınmaqla Naxçıvan şəhərində əhalini və sənaye obyektlərini fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin etmək gücündədir. Artıq Naxçıvan şəhərindəki mənzillər keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunmuşdur. Bu sahədə işlər təkcə Naxçıvan şəhəri ilə məhdudlaşmır. Muxtar respublikanın rayonlarında da içməli su və kanalizasiya şəbəkələrinin genişləndirilməsi işləri aparılır. Artıq bu ilin sonunadək Şahbuz və Culfa rayonlarında içməli su şəbəkəsinin və sutəmizləyici qurğunun istifadəyə verilməsi nəzərdə tutulur.
2012-ci ildən həyata keçirilən “Naxçıvan Muxtar Respublikasında Selə Qarşı Tədbirlər, Suvarılan Ərazilərin Modernləşdirilməsi və Genişləndirilməsi” layihəsi çərçivəsində də işlər uğurla davam etdirilir. Layihəyə uyğun olaraq, Vayxır sol sahil kanalından qidalanan yeraltı suvarma şəbəkəsi və drenaj sistemləri qurulur, Araz çayı boyunca selə qarşı tədbirlər həyata keçirilir. Bu günədək Araz çayı boyunca sahilbərkitmə işlərinin 80 faizi həyata keçirilmişdir. Yeraltı suvarma şəbəkəsi və drenaj sistemlərinin tikintisi isə davam etdirilir. Burada işlər yekunlaşdıqdan sonra 2 min hektar ərazi suvarma suyu ilə təmin ediləcəkdir. Bu işlərin görülməsində əsas məqsəd əkin sahələrini, eləcə də yaşayış məntəqələrini sel sularının təsirindən qorumaq, su ehtiyatlarından səmərəli istifadə etmək, torpaqlarda şoranlaşmanın qarşısını almaq və suyu itkisiz olaraq əkin sahələrinə çatdırmaqdan ibarətdir.
2015-ci il ölkəmizdə və muxtar respublikada “Kənd təsərrüfatı ili” elan olunmuşdur. Su təsərrüfatı və meliorasiya sahəsində çalışanların üzərinə mühüm vəzifələr düşür. Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin kollektivi “Kənd təsərrüfatı ili”ni yüksək nailiyyətlərlə başa vurmaq üçün bundan sonra da səylərini artıracaq, əkin sahələrinin suvarma suyu ilə təminatını daha da yaxşılaşdırmaq istiqamətində ardıcıl tədbirlər görəcək, mövcud meliorasiya və irriqasiya sistemlərinin lazımi səviyyədə istismarını təmin edəcəkdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su
Təsərrüfatı Komitəsinin mətbuat xidməti