22 Dekabr 2024, Bazar

Muxtar respublikada dəmir yolu nəqliyyatı vasitəsilə yük və sərnişindaşıma xidmətinin keyfiyyəti hər ötən ay daha da yüksəlir. May ayı ərzində dəmir yolu vasitəsilə ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 12 min 600 ton müxtəlif təyinatlı yük daşınmış, 11 min 397 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılmışdır.
Ötən ay Culfa lokomotiv deposunda elektrovozlar 4, teplovozlar isə 2 dəfə texniki baxışdan keçirilmiş, 9 vaqon təmir edilmişdir. Həmçinin rahat gediş-gəlişi təmin etmək üçün sərnişin vaqonlarında profilaktik tədbirlər də həyata keçirilmiş, 1 vaqonun istilik sistemi bərpa olunmuşdur.

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti İnfra­struktur İdarəsinin kollektivi xidməti ərazilərə, baş və stansiya yollarına müntəzəm baxış keçirmiş, yağış və leysan sularının maneəsiz ötürülməsi üçün süni tikililər, küvetlər və yol yataqları təmizlənmiş, bütün keçidlər, yol yatağı və yoldəyişdirici­lərdə aşkarlanan çatışmazlıqlar aradan qaldırılmışdır. Defektoskop briqadası da xidməti ərazidəki bütün yolları nəzarətdə saxlamış, müvafiq yerlərdə təmir işləri aparmışdır.
Təhlükəsiz hərəkətin təşkili üçün rabitə və işarəvermə sistemlərinin normal fəaliyyətinə də diqqət yetirilir. Hesabat ayında bu məqsədlə 69 rele, 7 blok dəyişdirilmiş, Ordubad stansiyasında yararsız vəziyyətə düşmüş manevr işıqforunun kabeli yenisi ilə əvəz olunmuşdur. Bu dövrdə elektrik enerjisinin fasiləsiz verilişi də təmin olunmuş, elektrik ötürücüsü xətləri və kontakt şəbəkələri cari təmir olunmuş, bütün inzibati, texniki və yardımçı binaların, stansiyaların, parkların, yükvurma və yükboşaltma meydançalarının işıqlandırma sistemləri yoxlanılmışdır.
Texniki İnzibati Binaların Təmir Tikinti İdarəsi tərəfindən may ayında Ordubad stansiyası idarəetmə mərkəzində əsaslı təmir işləri aparılmış, Ordubad yol sahəsinin və sərnişin vağzalı binalarının tikintisi davam etdirilmişdir. Ümumiyyətlə, may ayında qatarların fasiləsiz işi təmin olunmuş, yük və sərnişindaşımalarında heç bir problem qeydə alınmamışdır. Kollektiv bu istiqamətdə işləri növbəti aylarda da davam etdirəcəkdir.

“Naxçıvan Dəmir Yolları”
Məhdud Məsuliyyətli Cəmiyyətinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR