Cari ilin yanvar-may aylarında muxtar respublikada 838 milyon 241 min manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2014-cü ilin yanvar-may ayları ilə müqayisədə 5,4 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2014-cü ilin yanvar-may ayları ilə müqayisədə 5,9 faiz artaraq 1902,5 manata çatmışdır.
* * *
Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 393 milyon 990 min manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricini 3,3 faiz üstələmişdir.
* * *
Yeni istehsal və xidmət sahələrinin yaradılması, infrastrukturun yenilənməsi istiqamətində cari ilin yanvar-may ayları ərzində muxtar respublikada əsas kapitala 422 milyon 872 min manat həcmində investisiya yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 2,4 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyaların 365 milyon 96 min manatı və ya 86,3 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
* * *
2015-ci ilin yanvar-may aylarında informasiya və rabitə xidmətlərinin həcmi 19 milyon 181 min manat olmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 15 milyon 961 min manat olmaqla, bir il öncəki göstəricini 1,3 faiz üstələmişdir.
* * *
Cari ilin yanvar-may ayları ərzində 44 milyon 769 min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. Bu da 2014-cü ilin müvafiq dövründəki göstəricini 6,5 faiz üstələmişdir. Bu dövr ərzində muxtar respublikada 8,2 min ton ət (diri çəkidə), 34 min ton süd istehsal edilmiş, 2014-cü ilin yanvar-may ayları ilə müqayisədə ət istehsalı 7,4 faiz, süd istehsalı 1,2 faiz artmışdır.
* * *
Əhali gəlirləri üzrə müsbət dinamika davam etməkdədir. Cari ilin yanvar-may aylarında muxtar respublikada əhalinin gəlirləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artaraq 645 milyon 203 min manat, onun hər bir nəfərə düşən həcmi isə 3,7 faiz yüksələrək 1464,4 manat təşkil etmişdir.
* * *
2015-ci ilin yanvar-may aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 392,4 manat təşkil etmiş və bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,2 faiz artmışdır.
* * *
Muxtar respublikada bank sektorunun fəaliyyəti ümumi inkişafa uyğun olaraq genişlənməkdədir.
1 iyun 2015-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 43745-ə çatmışdır ki, bunun da 40154-ü və ya 91,8 faizi aktiv hesablardır. 2015-ci ilin yanvar-may aylarında açılmış 5493 bank hesabı aktiv hesablar olmuşdur.
Qeyd olunan dövrdə muxtar respublikada 116 POS-terminal quraşdırılmış və bu göstərici 1 iyun 2015-ci il tarixə 983-ə çatdırılmışdır.
* * *
Muxtar respublika iqtisadiyyatının inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə də müsbət şərait yaratmışdır. Cari ilin yanvar-may aylarında muxtar respublikada 141 milyon 845 min Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın həcmi son bir il ərzində 3,2 faiz artaraq 122 milyon 829 min Amerika Birləşmiş Ştatları dollarını ötmüş, idxalın həcmi isə 60 faiz azalaraq 19 milyon 15 min Amerika Birləşmiş Ştatları dolları həcmində olmuşdur. Xarici ticarət üzrə 103 milyon 814 min Amerika Birləşmiş Ştatları dollarından artıq həcmdə müsbət saldo yaranmışdır.
* * *
2015-ci ilin yanvar-may aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 36252,1 min manat məbləğində kreditlər verilmişdir ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 55,2 faiz çoxdur.
* * *
Bu ilin qeyd olunan dövründə muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 2319 min manat olmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 179 min manat və ya 8,4 faiz çoxdur.
* * *
2015-ci ilin yanvar-may aylarında muxtar respublikaya 141 min 867 nəfər turist gəlmişdir ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz və ya 4441 nəfər çoxdur.
* * *
1 may 2015-ci il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 4394 nəfər və ya 1 faiz artaraq 441027 nəfər təşkil etmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət
Statistika Komitəsinin mətbuat xidməti