22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 iyun tarixli Sərəncamına əsasən, hər il iyunun 20-si “Qaz təsərrüfatı işçilərinin peşə bayramı günü” kimi qeyd olunur.
Ölkəmizdə enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərə ötən əsrin 70-ci illərindən başlanmışdır. Ulu öndər Heydər Əliyev tərəfindən bu sahənin inkişafı ilə bağlı mühüm qərarlar qəbul edilmiş, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində kompleks tədbirlər görülmüşdür.
1980-ci ildə Naxçıvan Muxtar Respublikasına yüksəktəzyiqli qaz xətti çəkilmiş, yaşayış məntəqələrinin 52 faizi mavi yanacaqla təmin edilmişdir. Lakin ötən əsrin 90-cı illərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində muxtar respublika blokada vəziyyətinə düşmüş, bütün kommunikasiya xətləri kəsilmiş, o cümlədən qazın ötürülməsi dayandırılmışdı. Uzun fasilədən sonra, 2005-ci ildə Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi bərpa edilmiş və iki il ərzində muxtar respublikada qazlaşdırma prosesi tam başa çatdırılmışdır.
Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında qaz təsərrüfatının mühüm rolu vardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə 2005-ci ildə “Naxçıvanqaz” Məhdud Məsuliyyətli Cəmiyyəti, 2010-cu ildə isə “Naxçıvanqaz” İstehsalat Birliyi yaradılmışdır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, hazırda muxtar respublikanın bütün yaşayış məntəqələri və istehsal müəssisələri fasiləsiz olaraq təbii qazla təmin edilir.

Muxtar respublikada qaz təsərrüfatının inkişafı daim diqqətdə saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq 2013-cü ildə 27 kilometr uzunluğunda Naxçıvan-Şahbuz orta­təzyiqli qaz xətti istifadəyə verilmişdir. Müasir texniki tələblər səviyyəsində inşa edilən kəmər Babək rayonunda 8700, Şahbuz rayonunda isə 4500-dən artıq abonentin davamlı təbii qazla təmin olunmasına xidmət edir.
Bundan başqa, uzunluğu 81,6 kilometr olan Naxçıvan-Sədərək magistral qaz kəməri 8 millimetr qalınlıqda 558,8 millimetr diametrli izolyasiyalı borularla yenidən çəkilmişdir. Tikintisi yüksək keyfiyyətlə və bütün texniki normalar nəzərə alınmaqla həyata keçirilən kəmərdə katod qorumasına nəzarət etmək üçün 107 yerdə ölçmə dirəyi, qazpaylayıcı stansiya və 2 kran meydançası quraşdırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev muxtar respublikanın enerji təhlükəsizliyi sahəsində görülən işləri yüksək qiymətləndirərək demişdir: “Naxçıvanda enerji təhlükəsizliyi məsələləri öz həllini tam şəkildə tapıbdır. Bu da çox sevindirici haldır. Bu gün Naxçıvan 100 faiz səviyyəsində qazlaşdırılıbdır. Bütün yaşayış məntəqələrində təbii qaz vardır”.
“Naxçıvanqaz” İstehsalat Birliyi tərəfindən təbii qaz təchizatının yaxşılaşdırılması və etibarlılığının artırılması istiqamətində ardıcıl tədbirlər görülür. İstehlakçıların fasiləsiz və təhlükəsiz mavi yanacaqla təminatını diqqət mərkəzində saxlayan birliyin kollektivi qarşıda duran vəzifələri uğurla yerinə yetirir. Muxtar respublikada həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri ilə əlaqədar olaraq müvafiq sosial obyektlərin, inzibati binaların qaz təchizatı yenidən qurulur. Birliyin şəhər, rayon Qaz İstismarı idarələrinin qəza dispetçer xidmətləri istehlakçılardan daxil olmuş çağırışlara uyğun vaxtında tədbirlər görür, qəzaların qarşısı alınır, mavi yanacağın fasiləsiz nəqli təmin edilir.
Muxtar respublika ərazisində təbii qazdan səmərəli istifadəni təmin etmək məqsədilə təzyiqin normalara uyğun saxlanılması üzrə gündüz və gecə texnoloji rejimləri yaradılmış və sərfiyyat qeydiyyatının aparılması ciddi nəzarətə götürülmüşdür. Avtomat qazpaylayıcı stansiyalarda avadanlıqlara texniki xidmət işləri qrafik üzrə həyata keçirilmiş, cari təmir işləri görülmüş, nasazlıqlar aradan qaldırılmışdır. Həmçinin maşın-mexanizmlər, qaynaq və digər avadanlıqların texniki vəziyyəti yoxlanılmış, çətin şəraitdə etibarlı istismar üçün hazır vəziyyətə gətirilmişdir. Mütəmadi olaraq yeraltı xətlərdə korroziyaya uğrayan hissələr yeni borularla əvəz olunmuş, yeraltı yüksək və ortatəzyiqli magistral qaz kəmərlərinin üzərində quraşdırılmış katod elektrokimyəvi mühafizə qurğularına nəzarət olunmuş, xətlərdəki potensial fərqi ölçülərək nəzarətdə saxlanılmışdır.
Kadr potensialının artırılması, qaz istismarı sahəsində çalışanların ixtisas dərəcəsi və peşəkarlıq səviyyəsinin yüksəldilməsi də diqqətdə saxlanılır. Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Qaz təsərrüfatı avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi-çilingər” peşə kursları yaradılmış və şəhər, rayon Qaz İstismarı idarələrinin işçiləri müntəzəm qaydada kurslara cəlb olunmuşlar.
Təbii qazdan qanunsuz istifadəyə qarşı mübarizə tədbirləri həm sakinlərin təhlükəsiz yaşayışının, həm də fasiləsiz enerji təchizatının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Ötən dövr ərzində təbii qazdan səmərəli istifadə olunması, qaz sobalarına və qızdırıcı cihazlara nəzarət edilməsi və qaz sayğaclarına müdaxilələrin aradan qaldırılması məqsədilə reydlər davam etdirilmişdir. Muxtar respublikada qaz təsərrüfatında infra­strukturun təkmilləşdirilməsi məsələləri də daim diqqət mərkəzində saxlanılır. Bu tədbirlər çərçivəsində aşağıtəzyiqli qazdan isti­fadə edən istehlak obyektlərində “Smart-kart” tipli elektron qaz sayğaclarının quraşdırılmasına başlanılmışdır.
Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Artıq muxtar respublikada təbii qazla işləyən elektrik stansiyaları fəaliyyət göstərir. Muxtar respublikanın təbii qazla davamlı və keyfiyyətli təminatı təbiətin qorunmasında və ekosistemin zənginləşdirilməsində də əhəmiyyətli rola malikdir.
Muxtar respublikanın qaz təsərrüfatında idarəetmə sisteminin daha da təkmilləşdirilməsi, itkilərin azaldılması yolu ilə səmərəliliyin artırılması, qazın nəqli və paylanmasında operativliyin təmin edilməsi, istismar və texniki təhlükəsizliyə nəzarətin gücləndirilməsi istehlakçıların təbii qazla etibarlı təminatına şərait yaratmışdır. Təbii qazdan təhlükəsiz və səmərəli istifadə olunması məqsədilə abonentlərin maarifləndirilməsinə xüsusi diqqət yetirilir, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün mütəmadi olaraq iş aparılır. Qaz istismarı idarələrindəki qəza dispetçer xidmətlərinin “104” nömrəli qaynar xətti 24 saat istehlakçıların müraciətlərini qəbul edir.

Qaz təsərrüfatı işçiləri yaradılan şəraitdən səmərəli istifadə edərək bundan sonra da muxtar respublikada enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək, abonentlərin təbii qazla fasiləsiz təminatı üçün səylə çalışacaqlar.

“Naxçıvanqaz” İstehsalat Birliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR