Muxtar respublikamızda ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsi diqqət mərkəzində saxlanılır. Cari ildə də bu tədbirlər mütəşəkkilliklə davam etdirilir, meyvə bağlarına, yaşıllıq zolaqlarına, gülkarlıq sahələrinə aqrotexniki qulluq göstərilir, yeni yaşıllıqlar salınır, ağac və gül kolları əkilir.
Mayın 23-də keçirilən iməciliklər də yüksək səviyyədə təşkil olunmuşdu.
Həmin gün Naxçıvan şəhərinin sakinləri Babək rayonunun Nəzərabad kəndi yaxınlığındakı terrasda, müəssisə və təşkilatların ərazilərində yaşıllıqlara aqrotexniki qulluq göstərmişlər.
Şərur rayonunun sakinləri Gümüşlü kənd tam orta məktəbinin və müəssisələrin ərazilərində əkilmiş ağaclara aqrotexniki qulluq göstərmişlər.
İməcilik günü babəklilər Naxçıvan-Ordubad magistral yolunun Şəkərabad kəndindən keçən hissəsində, qəsəbə və kəndlərin yaşıllıqlarında çalışmışlar.
Bağlar diyarı Ordubad rayonunda da iməciliklər mütəşəkkilliklə keçirilmiş, Naxçıvan-Ordubad magistral yolunun Aşağı Əylis kəndi ərazisində, Qazi massivində, Mərkəzi Xəstəxananın həyətində, qəsəbə və kəndlərdə yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir.
Culfalılar Naxçıvan-Ordubad magistral yolunun kənarında əkilmiş ağaclara qulluq göstərmiş, rayon mərkəzindəki 1 nömrəli tam orta məktəbin yaşıllıq sahəsində 50 ədəd meyvə ağacı əkmişlər.
Kəngərli rayonunun sakinləri Naxçıvan-Sədərək magistral yolunun kənarlarında, rayon Elektrik Şəbəkəsinin ətrafında və Şahtaxtı kəndindəki yaşıllıqlara aqrotexniki qulluq göstərmişlər.
Şahbuzlular rayon mərkəzində yeni tikilən uşaq bağçasının həyətində və Şahbuz şəhərində yaşıllıqlara 1280 ədəd gül kolu və 350 ədəd həmişəyaşıl ağac əkmişlər.
Sədərəklilər Naxçıvan-Sədərək magistral yolunun sağ hissəsində, Qaraağac kəndində, Mərkəzi Xəstəxananın həyətində və rayonun girişində yaşıllıqlara aqrotexniki qulluq göstərmişlər.
Həmin gün muxtar respublikamızın bütün bölgələrində ahıl vətəndaşların həyətlərində təmizlik, abadlıq işləri aparılmışdır.
Xəbərlər şöbəsi