İlin isti günlərini yaşayırıq. Qədim diyarımız Naxçıvan, onun məğrur və torpaq təəssüblü insanları min illərdir ki, bu istilərə tab gətirə bilirlər. Qocalardan eşitdiyim fikirdir: doğma yurdun her şeyi gözəldir; çılpaq qayaları da, dağlarının zirvəsində yaya kimi əriməyən qarı da. Yamaclarındakı gül-çiçəyi ilə çaylarındakı qumu-çınqılı da. Və eləcə havası da; qışda soyuğu, yayda nəfəs kəsən istisi.
Bu düşüncələrlə muxtar respublikanın taxılçılıqda yüksək məhsuldarlıq əldə olunan Kəngərli, Şərur, Sədərək rayonlarına gedirəm. Belə havada taxıl zəmisində məhsul tədarük edən insanları gözlərim önünə gətirirəm.
Kəngərli rayonunun Böyükdüz kəndi ilk dayanacağımız olur. Burada “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus olan 5 kombayn işləyir. Tədarük edilən məhsulu daşımaq üçün yük maşınları, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Kəngərli Rayon Şöbəsinin yanğınsöndürən texnikası da buradadır. Taxılın vaxtında tədarük edilməsi, itkiyə yol verilməməsi, fövqəladə hal baş verərsə, onun vaxt itirmədən qarşısının alınması üçün görülən tədbirlər ilk baxışdan bəlli olur. Deməli, məhsul tədarükünə hazırlıq yüksək səviyyədə təşkil olunub ki, çəkilən zəhmət hədər getməsin. Bu isə o deməkdir ki, torpaq mülkiyyətçisi dövlət qayğısı əhatəsindədir.
Qıvraq qəsəbəsinin ərazisində Hüseyn Abbasova məxsus olan 2 hektar taxıl sahəsində də biçin gedirdi. Torpaq mülkiyyətçisi yaradılmış şəraitdən razılığını bildirdi. Yol yoldaşımız, “Yeni həyat” qəzetinin redaktoru Malik Qasımov söhbətə qarışdı. Dedi ki, son illər rayonda taxılçılıqda uğurlu nəticələr qazanılıb. Bu səbəbdən də taxılçılığa maraq ildən-ilə artır. Arpaçay Su Anbarının sol sahil kanalı ilə Kəngərliyə su gətirilir. Bu tədbirin həyata keçirilməsi təsəvvürə gətiriləsi qədər çətin olsa da, həmin çətinlikdən geri çəkinilməyib. Məqsəd isə aydındır. İlbəil rayondakı kənd təsərrüfatı texnikalarının yenilənməsi də diqqətdə saxlanılır. Sahibkarlığın inkişafına yaradılan şərait bu sahəyə üz tutanların sayının artmasında başlıca rol oynayır. Öyrəndik ki, Xok kənd sakini Xaləddin Zeynalov rayonda ən çox taxıl əkən torpaq mülkiyyətçilərindən biridir. O, 55 hektar sahədə taxıl əkib. Sənan Ələkbərov, Mübariz Əliyev, İsrail Məmmədov da rayonda təcrübəli taxılçılar kimi tanınırlar. Xaləddin Zeynalov dedi ki, 2015-ci il, sözün həqiqi mənasında, taxıl ilidir. Bol məhsul yaxşı qazanc, yaxşı qazanc isə yaxşı yaşamaq deməkdir.
Muxtar respublikanın ən çox taxıl əkilən bölgələrindən biri də Şərur rayonudur. Ötən ilin payızında və cari ilin yazında şərurlular 7315 hektarı buğda, 1872 hektarı arpa olmaqla, 9187 hektarda əkin keçiriblər. Mövsüm ərzində bütün aqrotexniki tədbirlərə əməl olunub. Minbir zəhmətlə hasilə gətirilən məhsulun yığımına başlanması rayonda aidiyyəti təşkilatların qayğılarını artırıb. Ancaq bu qayğıların, nəticə etibarı ilə, öz sabahımız üçün olduğu unudulmadığından hər şey qaydasındadır. Məhsul tədarükü öz axarı ilə davam etdirilir.
Budur, Danyeri kəndindəyik. Firudin Abdullayevin taxıl zəmisində. Dörd hektar sahədə bol taxıl yetişdirməyə nail olan Firudin deyir ki, şum qaldırılmasından başlayaraq bu günə kimi keyfiyyətli toxumla təchiz edilib, digər məsələlər vaxtında öz həllini tapıb. O, bir neçə ildir, bu sahə ilə məşğul olur. Əvvəlki illərdə çətinliklərlə üzləşdiyini də gizlətmir. Səmimiyyətlə etiraf edir ki, zəhmətlə qayğı bir-birini tamamlayanda hər şeyə nail olmaq mümkündür. O, tədarük etdiyi məhsulun satış probleminin də aradan qaldırıldığını xüsusi vurğulayır.
Öyrənirik ki, bu kənddə 52 hektar sahədə taxıl əkilib. Bu gün sonuncu hektarların məhsulu tədarük edilir. Qarşıdan yeni mövsüm gəlir. Tezliklə zəmilərin saman və küləşi yığışdırılaraq şum qaldırılmasına başlanılmalıdır. Kənd adamları əmindirlər ki, bu işlərin görülməsində də heç bir çətinlik olmayacaq. Çünki rayonda kifayət qədər şum traktoru, kipvuran, taxılsəpən texnikalar var.
Yolumuz sərhəd bölgəsi Sədərəyədir. Havanın istisinin azalmaq bilmədiyi bu vaxt zəmilərdə məhsul tədarük olunmasının çətinliyini, yəqin ki, oxucu da artıq təsəvvürünə gətirir. Ancaq bir məsələ var ki, yetişmiş məhsulun yığılmasını bir an da yubatmaq olmaz. Odur ki, çətinliyə sinə gərən insanların əməyi ən yüksək tərifəlayiqdir. Budur, Sədərəkdə onlardan biri ilə görüşürük. Qafar Zeynalov mexanizatordur. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən lizinq yolu ilə kombayn alıb. Həmyerlilərinin taxılının tədarükündə fəallıq göstərən Qafar özü də təcrübəli taxılçıdır. 16 hektar sahədə taxıl əkib. Dedi ki, rayonda məhsuldarlıq yüksəkdir: 35 sentner. Qarşıdakı günlərdə bu rəqəmin bir qədər də yüksək olacağına əminliyini ifadə edən Qafar usta bildirdi ki, Nazim Qaybalıyevin 16, Nurəddin Əliyevin 9, Nizami Bəbirovun 12 hektarlıq taxıl zəmilərində məhsuldarlıq daha yaxşıdır.
... Saat 1800 radələrində Sədərəkdən Naxçıvana yola düşürük. Səsi əraziyə yayılan kombaynların dayanmadan elin sərvətini topladığını yolboyu müşahidə edirik. Günəşin yandırıcı istisi mexanizatorların əllərini işdən soyuda bilmir. Onlar yaxşı bilirlər ki, müqəddəs və strateji bir məhsulun toplanması ən savab və xeyirxah işdir. Bu işin çətinliyi də gözəldir.
İşiniz avand olsun!
Naxçıvan Muxtar Respublikası üzrə 29 iyun 2015-ci il tarixə
taxıl biçininin gedişinə dair operativ məlumat
Muxtar MƏMMƏDOV