2015-ci ilin ölkəmizdə, həmçinin Naxçıvan Muxtar Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərman və sərəncamları ilə təsdiq olunmuş muxtar respublikanın sosial-iqtisadi inkişafına, meyvəçiliyin və tərəvəzçiliyin inkişafına, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramlarında nəzərdə tutulmuş vəzifələrin daha sürətlə və keyfiyyətlə yerinə yetirilməsinə, daxili bazarın yerli istehsal məhsullarına olan tələbatının ödənilməsinə stimul olub. Həmin proqramlarda kənd təsərrüfatının inkişafı üstün istiqamət verilən sahələrdən biridir. Ona görə ki, aqrar sektorda qazanılan uğurların təməlində torpaqlardan düzgün istifadənin təmin edilməsi dayanır. Bu sırada isə bir neçə amil başlıca rol oynayır. Onlardan biri də meliorasiya və irriqasiya tədbirləridir.
Cari ilin may ayının 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində əkinəyararlı torpaqlardan istifadənin və əhaliyə göstərilən xidmətlərin vəziyyəti barədə keçirilən müşavirədə meliorasiya və irriqasiya sahəsində görülən işlər, müasir hidrotexniki qurğuların istifadəyə verilməsi ilə yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması və əkinəyararlı torpaqlardan səmərəli istifadəyə geniş imkanlar açılması və digər məsələlər barədə aidiyyəti təşkilatlarla yanaşı, Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinə də bir sıra tapşırıqlar verilib.
Müşavirədə Ali Məclisin Sədri deyib: “Bu gün muxtar respublikada həyatın bütün sahələrində inkişaf meyilləri qorunub saxlanılır, iqtisadi inkişaf təmin olunur, quruculuq tədbirləri aparılır... Kənd təsərrüfatı sahəsində də tədbirlər diqqət mərkəzindədir. Muxtar respublikanın malik olduğu 550 min 275 hektar torpaq sahəsinin 164 min 269 hektarı və ya 30 faizə yaxını kənd təsərrüfatına yararlıdır. 2015-ci il 1 yanvar vəziyyətinə əkin sahələri 52 min 328 hektar təşkil edir ki, bunun da 40 min 959 hektarı və ya 78 faizi suvarılan torpaqlardır. Əkin sahələrinin 38 min 716 hektarı və ya 70 faizə yaxını xüsusi mülkiyyətdədir”.
Müşavirədə qeyd olunub ki, əkinəyararlı torpaq sahələrindən istifadənin təmin olunması üçün hər il müşavirələr keçirilir, aid orqanlar qarşısında konkret vəzifələr qoyulur. Torpaq mülkiyyətçilərinin marağını artırmaq məqsədilə dövlət tərəfindən müxtəlif stimullaşdırıcı tədbirlər görülür. Yeni suvarma kanalları və nasos stansiyaları istifadəyə verilir, əkin sahələrinin su ilə təminatı yaxşılaşdırılır. Bu tədbirlərin həyata keçirilməsində məqsəd muxtar respublika əhalisinin rifah halını daha da yaxşılaşdırmaqdan ibarətdir.
Həmin vəzifələrin icrası ilə əlaqədar 2015-ci ilin ötən dövrü ərzində görülmüş və görüləcək işlərlə bağlı suallarımıza aydınlıq gətirmək üçün Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinə müraciət etdik. Bildirdilər ki, muxtar respublikamızdakı əkinəyararlı torpaqlardan səmərəli istifadə olunması üçün yaradılmış şərait gözəçarpan göstəricilər qazanılmasına imkan verib. “Kənd təsərrüfatı ili”ndə daha yüksək nailiyyətlər əldə edilməsi üçün komitə tərəfindən tədbirlər planı hazırlanıb, ilin ötən dövrü ərzində nəzərdə tutulan işlər sistemli şəkildə davam etdirilib, əkin sahələrinin genişləndirilməsi, su anbarlarına və sututarlara suvarma suyunun yığılması, əkin altında olan sahələrdə sudan səmərəli istifadə olunmasının diqqətdə saxlanılması, subartezian quyularının, kəhrizlərin və nasos stansiyalarının bərpası, hidrotexniki qurğularda təmir-tikinti işlərinin aparılması, kollektor-drenaj şəbəkələrinin lildən təmizlənməsi, torpaqların şoranlaşmasının qarşısının alınması məqsədilə kollektor-drenaj tikintisi işlərinin həcminin genişləndirilməsi, Araz çayının sol sahili boyunca sahilbərkitmə işlərinin davam etdirilməsi diqqətdə saxlanılıb.
Öyrəndik ki, ötən dövr ərzində Arpaçay Su Anbarına 114 milyon kubmetr, Heydər Əliyev Su Anbarına 23,4 milyon kubmetr, Bənəniyar Su Anbarına 12 milyon kubmetr su yığılıb və hazırda bu iş davam etdirilir. Quruculuq tədbirləri çərçivəsində muxtar respublikada subartezian quyularının tikintisi diqqət mərkəzində saxlanılıb. Son illərdə istifadəyə verilən belə su mənbələri torpaq mülkiyyətçilərinin işini xeyli asanlaşdırıb. Müntəzəm olaraq həmin quyulara nəzarət olunur, onlardan səmərəli istifadə edilməsinə ciddi önəm verilir. Şərur rayonunun Xələc, Cəlilkənd, Tumaslı kəndlərində olan subartezian quyuları ilin ötən dövrü ərzində bərpa edilib. Dəmirçi kəndində olan subartezian quyusu balansa götürülərək işlək vəziyyətə gətirilib. Ümumilikdə, 98 nasosda, 194 subartezian quyusunda cari və əsaslı təmir işləri başa çatdırılıb. Təmir işləri kəhrizlərdə də aparılıb. Babək rayonunun Nəzərabad, Culfa rayonunun Dizə kəndləri ərazisindəki kəhrizlər bərpa olunub.
Heydər Əliyev Su Anbarının və Arpaçay Su Anbarının sağ və sol sahil kanallarında, Uzunoba gölünün sugətirici kanallarında isə təmir-tikinti işləri yekunlaşdırılıb. “Kəngərli rayonunda suvarmanın təkmilləşdirilməsi” layihəsinin başa çatdırılması bu bölgədə suvarma suyu ilə bağlı problemin aradan qaldırılmasında mühüm rol oynayıb.
Əvvəlki illərdə olduğu kimi, cari ildə də Araz çayında sahilbərkitmə işləri davam etdirilib, Şərur rayonunun Alışar kəndi ərazisində 5 kilometr məsafədə sahilbərkitmə işləri aparılıb. Hazırda bu iş davam etdirilir.
Komitədən aldığımız məlumata görə, kollektor-drenaj şəbəkələrində tikinti işlərinin davam etdirilməsi, mövcud belə obyektlərdə təmir-bərpa tədbirlərinin həyata keçirilməsi də diqqət mərkəzində saxlanılıb. İlin ötən dövrü ərzində Şərur rayonunun Xanlıqlar və Püsyan kəndlərində kollektor-drenaj şəbəkəsinin tikintisi başa çatdırılıb, hazırda bu tədbir Tumaslı kəndində və Sədərək rayonunun şoranlaşmış torpaq sahələrində həyata keçirilir.
Komitədən onu da öyrəndik ki, tədbirlər planında nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi üçün struktur təşkilatlarına hərtərəfli şərait yaradılıb, bu şəraitdən səmərəli istifadə edilməsi təmin olunub. Komitə əməkdaşları, komitənin rayonlarda fəaliyyət göstərən struktur təşkilatları torpaq mülkiyyətçiləri arasında müntəzəm olaraq maarifləndirici tədbirlər aparır, muxtar respublikada əkin altında olan sahələrə davamlı suvarma suyunun verilməsinin təmin edilməsinə və səmərəli istifadəsinə nəzarəti diqqət mərkəzində saxlayırlar.
Görülən işlər onu deməyə əsas verir ki, muxtar respublika “Kənd təsərrüfatı ili”ni uğurlu göstəricilərlə başa vuracaq.
Muxtar Məmmədov