22 Dekabr 2024, Bazar

Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın qəbul edilməsi həmin tədbirlərə stimul olub.
Proqramın uğurlu icrası daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatına, eləcə də istehsal olunan məhsulların satışına hərtərəfli şərait yaradıb. Son illər kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarının keçirilməsi də bu məqsədə xidmət edir.
Mayın 30-da Naxçıvan şəhərindəki Mərkəzi bazarda kənd təsərrüfatı məhsullarının satış yarmarkasının növbəti mövsümünə start verilib. Yarmarkaya muxtar respublikanın ayrı-ayrı rayonlarından gətirilmiş müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları çıxarılmışdı. Öyrəndik ki, 115 yerlik bazara muxtar respublikanın bütün rayonlarından gəlmiş 250 torpaq mülkiyyətçisinin məhsulları yerləşdirilib. Yarmarkada yerli kartof, pomidor, xiyar, göyərti, göycə, gilas, çiyələk kimi kənd təsərrüfatı məhsulları çoxluq təşkil edirdi. Məhsulunu satmaq üçün yarmarkaya gəlmiş Vidadi Həsənov Şərur rayonunun Ələkli kəndindəndir.

Bu il təsərrüfatında kartof becərilməsinə daha çox üstünlük verib. Çəkdiyi zəhmət hədər getməyib. Sahəsində bol məhsul yetişdirə bilib. Tural İsmayılov isə Şərur rayonunun Çəmənli kəndindəndir. Yarmarkaya göycə gətirib. Həmsöhbətim bildirdi ki, indi göycənin tam zamanıdır. Biz də bağımızdan əldə etdiyimiz göycəni satmaq üçün yarmarkaya gətirmişik. Ötən iki saat müddətində, demək olar ki, gətirdiyim məhsulun böyük bir qismini sata bilmişəm. Bu şəraiti yaradanlara öz minnətdarlığımı bildirirəm.
Digər müsahibimiz İbrahim Abbasov Ordubad rayonunun Dəstə kəndindən gəlmişdi. Yarmarkaya göyərti və tərəvəz gətirmişdi. Bildirdi ki, çoxdandır, bu işlə məşğulam. Hər il məhsullarımızı satmaq üçün Naxçıvan şəhərində təşkil olunan yarmarkalara gətiririk. Dövlətimizə minnətdarıq ki, burada satış üçün bizə hərtərəfli şərait yaradılıb.
Şahbuz rayonunun Sələsüz kəndindən heyvandarlıq məhsulları gətirmiş Əlizadə Ələkbərov da yarmarkadan razılıq etdi. Təsərrüfatında istehsal etdiyi süd, pendir, yağ, şor məhsullarını burada rahatlıqla satdığını dedi.
Qeyd etmək lazımdır ki, kənd təsərrüfatı məhsullarının satış yarmarkası şəhər sakinlərinin də ürəyincə olub. Məsmə Quliyeva rayonlardan gətirilmiş yerli məhsulların keyfiyyətindən ağızdolusu danışdı. Bildirdi ki, Naxçıvanın meyvə-tərəvəzlərinin dadını heç bir regionun məhsulunun dadına dəyişməz.
Digər şəhər sakini İbrahim Məmmədov da yarmarkadan razı qaldığını dedi. Müsahibimiz zənbilini yerli kartof, göyərti və göycə ilə doldurmuşdu. Qiymətlərin münasib olduğunu söyləməklə yanaşı, belə kənd təsərrüfatı yarmarkalarını təşkil edənlərə minnətdarlıq etdi.
Bir sözlə, “Kənd təsərrüfatı ili”nin ilk yarmarkası satıcının da, alıcının da ürəyincə idi. Hər kəs bazarda yerli məhsulların sayının və həcminin artmasına çox sevinirdi. Yarmarkadakı kənd təsərrüfatı məhsullarının bolluğu, qiymətlərin münasib olması belə deməyə əsas verir ki, bu il də təsərrüfatçılar üçün uğurlu illərdən biri olacaqdır.
Qeyd edək ki, həmin gün yarmarkaya muxtar respublikanın 12 yerli sənaye müəssisəsi də öz məhsullarını çıxarmışdı. Kənd təsərrüfatı məhsulları yarmarkası bazar günü də davam etdirilib.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR