22 Dekabr 2024, Bazar

İyunun 29-da Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı tədbirdə hədiyyə qazanmış vətəndaşlara hədiyyələr təqdim olunub.
Bu münasibətlə keçirilən tədbiri Naxçıvan Muxtar Respublikası Vergilər nazirinin müavini, vergi xidməti müşaviri Nurlan Əliyev açaraq nağdsız ödənişlərin aparılması sahəsində görülən işlərdən danışıb. Bildirilib ki, vergi və alıcılıq mədəniyyətini yüksəldən amillərdən biri də nağdsız hesablaşmaların həyata keçirilməsidir. Bu cür hesablaşmalarda əsas vasitə rolunu oynayan POS-terminallardan səmərəli istifadənin təmin edilməsi və nağd pul dövriyyəsinin həcminin azaldılması məqsədilə tədbirlər görülməsi, habelə nağdsız əməliyyatların üstünlükləri haqqında maarifləndirici tədbirlərin həyata keçirilməsi hazırda davam etdirilməkdədir.
Nurlan Əliyev deyib ki, muxtar respublikada POS-terminalların quraşdırılmasına nəzarət gücləndirilib. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublika üzrə cari ilin ilk beş ayı ərzində nağdsız ödənişlərin həcmi 6 milyon 852 min manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 897 min manat çoxdur.

Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədr müavini Elvin Axundov çıxışında bildirib ki, 1 iyun 2015-ci il tarixə əsas ödəniş alətlərindən sayılan POS-terminalların sayı 479-u Naxçıvan şəhəri, 504-ü isə rayon mərkəzi və kənd yaşayış məntəqələrini əhatə etməklə 983 ədədə çatdırılıb. Eyni zamanda kommunal xidmət haqlarının POS-terminallar və internet üzərindən elektron ödəniş sistemləri vasitəsilə ödənilməsi imkanları yaradılıb. Nağdsız ödəniş infrastrukturunun tərkib hissələri olan bankomat və ödəniş kartlarının sayı da artırılıb. Belə ki, 1 iyun 2015-ci il tarixə bankomatların sayı 95 ədəd təşkil edib. Dövlət sektorunda əməkhaqlarının nağdsız üsullarla ödənilməsi istiqamətində işlər yekunlaşdırılıb. Nəticə etibarilə ödəniş kartlarının sayı muxtar respublika üzrə 212 min 214 ədədə çatdırılıb ki, bu da hər iki nəfərdən birinin ödəniş kartı ilə təmin edilməsi deməkdir. Əgər 2014-cü ilin yanvar ayında muxtar respublika üzrə aparılmış nağdsız əməliyyatların həcmi 246 min manat təşkil edirdisə, bu göstərici dekabr ayında 1 milyon 780 min manat olub. Ümumilikdə, 2014-cü il ərzində muxtar respublika üzrə aparılmış nağdsız əməliyyatların həcmi 12 milyon 513 min manat təşkil edib. 2015-ci ilin ilk beş ayı ərzində isə bu göstərici 6 milyon 852 min manat olub. Halbuki bu göstərici 2014-cü ilin ilk beş ayı ərzində 2 milyon 955 min manat təşkil edirdi. Əminliklə demək olar ki, bundan sonra da vətəndaşlar bu işdə aktivlik nümayiş etdirəcəklər.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şöbə rəisi Rəşad Əliyev çıxış edərək deyib ki, vergi və bank orqanlarının iştirakı ilə yaradılmış komissiya tərəfindən “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin 3-cü tirajında hədiyyə qazanmış şəxslərin sayı muxtar respublikamızın bütün şəhər və rayonlarını əhatə etməklə 200 nəfər, Naxçıvan şəhəri üzrə isə 48 nəfər müəyyən edilib. Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin birgə apardığı maarifləndirmə işlərinin nəticəsidir ki, Naxçıvan şəhərində hədiyyə qazanmış şəxslərin 21 nəfəri təhsil və mədəniyyət işçisi, 9 nəfəri səhiyyə işçisi, 2 nəfəri hüquq-mühafizə orqanının işçisi, 7 nəfəri dövlət qulluğunda çalışan işçilər, 9 nəfəri müxtəlif təşkilatlarda çalışan texniki və xidməti işçilərdir.
Sonra hədiyyələr sahiblərinə təqdim olunub. Nağdsız əməliyyatlara üstünlük verən vətəndaşlar tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

* * *

Həmin gün Şahbuz rayonunda da bu mövzuda tədbir keçirilib. Tədbirdə vurğulanıb ki, “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin üçüncü tirajında Şahbuz rayonundan 18 nəfər hədiyyə qazanıb. Şahbuz rayonu üzrə hədiyyə qazanan şəxslərin 12 nəfəri təhsil və mədəniyyət işçisi, 4 nəfəri dövlət qulluqçusu, 2 nəfəri müxtəlif qurumlarda çalışan xidməti işçilərdir.
Sonda hədiyyələr nağdsız əməliyyatlara üstünlük verən rayon sakinlərinə təqdim edilib. Aktiv istifadəçilər belə tədbirlərin təşkilinə görə minnətdarlıq ediblər.
İyunun 30-da analoji tədbir Şərur, Kəngərli və Sədərək rayonlarında keçirilib. Şərur rayonunda 24, Kəngərli rayonunda 15, Sədərək rayonunda isə 10 nəfər olmaqla, cəmi 49 nəfər nağdsız əməliyyatlara üstünlük verən vətəndaşa hədiyyələr təqdim edilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR