22 Dekabr 2024, Bazar

Azərbaycanda aviasiya sisteminin inkişafı XX əsrin əvvəllərinə təsadüf edir. 1938-ci il iyunun 2-də Azərbaycanda ilk aviasiya qrupu yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 may tarixli Sərəncamına əsasən həmin tarix hər il ölkəmizdə mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə milli aviasiyanın inkişafı sahəsində böyük uğurlar qazanılmışdır. Ötən əsrin 70-ci illərində respublikanın 11 rayonunda yeni hava limanları tikilmişdir. 1976-1980-ci illər üçün Azərbaycanda mülki aviasiyanın inkişaf proqramı hazırlanmış, bölgələrdə reaktiv təyyarələrin qəbulu üçün qalxma-enmə zolağı salınmış, hava limanları müasir radio və işıq texnikası vasitəsi ilə təchiz edilmişdir. Mülki aviasiyanın ölkə həyatındakı rolunu yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik dövründə bu sahədə daha geniş tədbirlər görülmüşdür.
Azərbaycanın əsas ərazisindən təcrid olunmuş şəraitdə yaşayan Naxçıvanın nəqliyyat problemlərinin həllinə ümummilli liderimiz xüsusi diqqət yetirmiş, hələ 1976-cı ildə Naxçıvanda hava limanı tikilib istifadəyə verilmişdi. Ötən əsrin 90-cı illərində Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə bağlayan bütün nəqliyyat-kommunikasiya əlaqələri kəsiləndən, muxtar respublika Ermənistan tərəfindən blokadaya salınandan sonra sərnişin və yükdaşınması kiçiktutumlu təyyarələri qəbul etmək imkanı olan bu hava limanı vasitəsilə həyata keçirilirdi.

Bu dövrdən etibarən Azərbaycanın digər bölgələri ilə əlaqənin yeganə mümkün forması olan hava yolu yerli əhali üçün həyati əhəmiyyət daşımağa başladı. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan dahi şəxsiyyət limanın uçuş-enmə zolağının yenidən qurulması təşəbbüsünü irəli sürmüş və bu iş yerli mütəxəssislər cəlb olunmaqla qısa müddət ərzində həyata keçirilmişdir. Sonrakı illərdə hava nəqliyyat növünə tələbatın artması Naxçıvanda daha müasir hava limanının tikilməsini zərurətə çevirmişdi. Bunu nəzərə alan ulu öndər hava limanının yenidən qurulması barədə qərar qəbul edərək 2002-ci il avqustun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirmiş və həmin müşavirədə demişdir: “Naxçıvanda yaşayan insanların təyyarədən istifadəyə ehtiyacı bütün başqa yerlərdə yaşayan insanlara nisbətən çoxdur. Mən çoxdan bu fikirdə idim ki, Naxçıvan hava limanını yenidən quraq, yeni bir hava limanı tikək. Birincisi, gərək elə edək ki, təyyarələr buradan təkcə Bakıya, Gəncəyə yox, bir çox istiqamətlərə uçsun. İkincisi də, Naxçıvan öz coğrafi vəziyyətinə görə elə yer tutur ki, burada beynəlxalq standartlara uyğun hava limanının olması təkcə Naxçıvan üçün yox, bütün qonşu ölkələr üçün də çox əhəmiyyətli olacaqdır”.
2002-ci ilin oktyabr ayının 1-də inşasına başlanan limanda tikinti-quraşdırma işləri ən müasir tələblər səviyyəsində həyata keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də muxtar respublikada aviasiya sahəsində kompleks tədbirlər həyata keçirilir. Ölkə başçısının müvafiq Sərəncamı ilə Azərbaycan Milli Aviasiyasının 2004-2010-cu illər üçün ikinci inkişaf proqramı qəbul olunmuş, paytaxt və regionlarda olan hava limanlarının maddi-texniki bazası möhkəmləndirilmiş, müasir xidmət infrastrukturu yaradılmışdır. Bu sahədə görülən işlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikasında da mülki aviasiya sisteminin müasirləşdirilməsi diqqət mərkəzində saxlanılmış, 2004-cü ilin aprel ayında hava limanına Beynəlxalq Hava Limanı statusu verilmişdir.
Son illər həyata keçirilən kompleks quruculuq tədbirləri Naxçıvan Beynəlxalq Hava Limanını müasir inkişaf mərhələsinə çıxarmışdır. Hava limanında aparılan yenidənqurma işləri layihəsinin birinci mərhələsi başa çatdırılmış, ötən il ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə hava limanının yeni inzibati binası istifadəyə verilmişdir. Ötən müddətdə hava limanının aerovağzal kompleksi yenidən qurulmuş, sərnişin və aviadaşımalarla bağlı xidmətin səviyyəsi daha da yüksəldilmiş, uçuşların təhlükəsizliyi təmin olunmuşdur. Terminal binasında 2 eskalator, 2 iritutumlu lift, binadan təyyarə dayanacağınadək 2 keçid körpü və 2 teleskopik trap quraşdırılmışdır. Burada xidmətin nümunəvi təşkili, qonaqların qarşılanıb yola salınması, aviasiya və gömrük xidmətinin təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Ümumiyyətlə, bu gün aerovağzal kompleksində beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki yeniliklər tətbiq edilir. Aerovağzal kompleksinin yenidən qurulması işləri çərçivəsində həyata keçirilən bu genişmiqyaslı layihə illik sərnişindaşıma dövriyyəsinin artırılmasına da tam şərait yaradacaqdır.
Hazırda Naxçıvan Beynəlxalq Hava Limanından yerli hava xətləri üzrə Bakı şəhərinə hər gün 4 reys, həftənin 3 günü Türkiyə Respublikasının İstanbul şəhərinə və həftənin 1 günü Rusiya Federasiyasının Moskva şəhərinə müntəzəm olaraq uçuşlar həyata keçirilir. Uçuşlar “Aerobus”, “Boeing” tipli müasir təyyarələr vasitəsilə yerinə yetirilir.­
Muxtar respublikada hava nəqliyyatı sisteminin inkişafına xüsusi diqqət göstərən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Muxtar respublikada hava nəqliyyatının inkişafı sahəsində həyata keçirilən tədbirlərin əsas məqsədi sərnişinlərin rahatlığını təmin etməkdir”. Naxçıvan Muxtar Respublikasında sərnişinlərə göstərilən hava nəqliyyatı xidmətinin nümunəvi təşkili təmin edilmişdir. Bu il Ordubad və Şərur şəhərlərində yeni aviakassa binalarının tikilib istifadəyə verilməsi bu tədbirlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır. Hər iki binada ən yeni texnoloji avadanlıqlar quraşdırılmış, qabaqcıl idarəetmə sistemi yaradılmış, sakinlərin rahatlığı təmin edilmişdir.
Müasir infrastrukturun yaradılması və xidmət sahələrinin genişləndirilməsi ixtisaslı kadrlara və mütəxəssislərə olan tələbatı da artırır. Buna görə də Naxçıvan Beynəlxalq Hava Limanında gənc və peşəkar kadr təminatı yaradılır. Əməkdaşların Milli Aviasiya Akademiyasının Aviasiya personalının hazırlığı mərkəzində həm ilkin, həm də ixtisas­artırma kurslarına göndərilməsi prosesi davam etdirilir. Həmçinin hava limanında əməkdaşlar üçün təşkil edilən xarici dil kursları da bu qəbildən olan pro­qramın tərkib hissəsidir.

Bu gün Naxçıvan Beynəlxalq Hava Limanı beynəlxalq təcrübəyə əsaslanaraq aviasiya sahəsində dünyada baş verən bütün proseslərə qoşulmuş, əhaliyə göstərilən xidmətin səviyyəsi xeyli yüksəldilmişdir. Muxtar respublikada aviasiya təhlükəsizliyinin və sərnişinlərin rahatlığının təmin olunması sahəsində görülən işlər bundan sonra da diqqət mərkəzində saxlanılacaqdır.

Naxçıvan Beynəlxalq Hava
Limanının mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR