Bu yaxınlarda Naxçıvan Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru Nazim Əhmədovun “Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı 90 ildə” adlı yeni monoqrafiyası işıq üzü görmüşdür. Bu kitab Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na əsasən nəşr edilmişdir. Monoqrafiyanın elmi redaktoru iqtisad elmləri doktoru, professor Bəyalı Ataşov, rəyçiləri iqtisad elmləri doktoru, professor Rasim Həsənov və iqtisad elmləri doktoru, professor Sabir Cümşüdovdur.
Monoqrafiyada Naxçıvan Muxtar Respublikasının yaranmasına qədərki dövrü əks etdirən Naxçıvanın iqtisadi tarixindən və Naxçıvan Muxtar Respublikasının inzibati ərazi bölgüsü, habelə 1924-1990-cı illərdə iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatı, sənaye, rabitə və nəqliyyat sahələri haqqında ümumi məlumat verilmiş və müstəqillik illərində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatının inkişafı prosesləri hərtərəfli təhlil olunmuşdur.
Əsərdə muxtariyyət illərində Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafının ümumi xronikası verilmiş, region iqtisadiyyatının inkişafına təsir edən amillər, Naxçıvanın malik olduğu təbii sərvətlər, torpaq və əmək ehtiyatları, istehsal potensialı haqqında əsaslandırılmış elmi təhlillər yer almışdır. Naxçıvanda 1924-1969-cu illər arasında və ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci hakimiyyəti dövründə Naxçıvanda sənayenin və kənd təsərrüfatının inkişafı məsələlərinə geniş yer verilmişdir.
Monoqrafiyada xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvanda Ali Məclisin Sədri vəzifəsində işlədiyi dövrdə muxtar respublikada iqtisadiyyatın inkişafı, özəl sektorun yaradılması, kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirdiyi ilk aqrar islahatların mahiyyəti açılmışdır. Həmçinin monoqrafiyada ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə baş vermiş iqtisadi böhrandan çıxış yolları məsələləri, 1996-2003-cü illəri əhatə edən makroiqtisadi sabitliyin əldə olunması və muxtar respublikada dinamik inkişaf proseslərinin başlanması mərhələsi araşdırılmışdır. Bu mərhələdə Naxçıvan Muxtar Respublikasının ərzaq və enerji təhlükəsizliyinin təmin olunması, muxtar respublikanın xarici iqtisadi əlaqələrinin inkişaf etdirilərək onun ixrac potensialının artırılması sahəsində həyata keçirilmiş mühüm iqtisadi layihələr haqqında oxuculara geniş məlumat verilmişdir. Kitabda 1995-ci ildən sonrakı dövrdə Naxçıvanda başlanmış yeni intibah mərhələsi elmi təhlilə cəlb olunmuşdur. Monoqrafiyada iqtisadi inkişafda Naxçıvan möcüzəsinin yaradılması, blokadada olan bir regionda idxaldan asılılığın aradan qaldırılaraq ixracyönümlü iqtisadi inkişafın təmin olunması, qədim İpək Yolu marşrutu üzərində Naxçıvanın imkanlarından hərtərəfli istifadə olunması məsələləri geniş əks olunmuşdur.
Kitab nəfis şəkildə çap olunaraq Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında mühüm rol oynayan sənaye müəssisələrinin, enerji və yol infrastrukturunun, tikilmiş yeni inzibati binaların, su anbarlarının və digər yeni yaradılmış obyektlərin fotoşəkilləri verilmişdir.
Xatırladaq ki, professor Nazim Əhmədov, ümumilikdə, 250-yə yaxın elmi əsərin, o cümlədən 30-a yaxın dərs vəsaiti, monoqrafiya və kitabın müəllifidir. Alimin elmi məqalələri bir çox ölkələrdə – Türkiyə, Ukrayna, ABŞ, Rusiya, İran və Moldovada çap olunmuşdur.
Əli Cabbarov