Ölkəmizdə informasiya cəmiyyətinin qurulması ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər arasında iqtisadiyyatda elektron ödənişlərin həcminin genişləndirilməsi, maliyyə intizamının möhkəmləndirilməsi və şəffaflığın artırılması kimi məsələlər də mühüm yer tutur. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən hazırlanmış “Nağdsız ödənişlər: mövcud vəziyyət, inkişaf perspektivləri” adlı jurnalda muxtar respublikamızda bu sahədə görülmüş işlər və qarşıda duran vəzifələr barəsində geniş məlumatlar verilmişdir.
Jurnalda 2013-2015-ci illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması üzrə Tədbirlər Planı”nın icrası istiqamətində görülən işlər ətraflı təhlil edilmişdir.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədovun ön söz yazdığı jurnalda son illərdə Naxçıvan Muxtar Respublikasında bank infrastrukturunun yaradılması istiqamətində görülmüş işlərdən, əhaliyə təklif olunan bank xidmətlərindən, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün elektron ödəniş sistemlərinin mahiyyətindən geniş bəhs olunmuşdur. Jurnalda dərc edilmiş materiallarda muxtar respublikamızda iqtisadi subyektlərin və geniş əhali təbəqəsinin yaradılmış infrastruktur imkanlarından daha aktiv istifadəyə cəlb edilməsi, müasir elektron ödəniş alətlərindən və bank texnologiyalarından istifadənin genişləndirilməsi, əhalinin müxtəlif təbəqələri arasında müasir elektron ödənişlər üzrə vərdişlərin formalaşdırılması qarşıya qoyulmuş əsas məqsəd kimi qeyd olunmuşdur.
Jurnalda elektron ödənişlərin mahiyyəti, onların iqtisadi inkişafda, vətəndaşların rahatlığında, bir mədəniyyət norması kimi cəmiyyətin inkişafındakı rolu, maliyyə təhlükəsizliyinin təmini və digər aktual məsələlər haqqında iqtisad üzrə fəlsəfə doktorları Mehdi Bağırovun və Əli Cabbarovun, Leyla Yusifzadə və Aytən Məmmədova, Rəşad Əliyev, Həsən İsmayılov, Elçin Əliyev və Tural Şirəlizadənin məqalələrinə yer verilmişdir. Nəşrdə həmçinin 2014-2015-ci illərdə Naxçıvan şəhəri və habelə Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli, Sədərək rayonları üzrə nağdsız ödəniş göstəriciləri haqqında statistik məlumatlar verilmiş, 2014-cü ilin yanvar və 2015-ci ilin aprel ayları üzrə POS-terminalların sayının və nağdsız ödənişlərin həcminin dinamikası qrafik təsvirlə təqdim olunmuşdur. Jurnal bank işinin təhlili ilə məşğul olan iqtisadçılar üçün çox faydalıdır. Qeyd edək ki, jurnalın elektron versiyası ilə www.cbar-nar.az internet səhifəsində tanış olmaq olar.
Əli CABBAROV